Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin Sədri Yerlan Koşanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin rəhbəri Qazaxıstan nümayəndə heyətinə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 100 illik yubileyində iştirakına və bu məqsədlə Milli Məclisin xüsusi iclasında çıxışına görə Yerlan Koşanova təşəkkür edib.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Qazaxıstan dost və qardaş ölkələrdir: “Ölkələrimiz arasında münasibətlərin əsası ulu öndər Heydər Əliyevin dönəmində qoyulub və bu gün hər iki ölkə liderləri tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan–Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərarası əlaqələrimiz də bu münasibətlərin tərkib hissəsidir. Deputalarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi işin mənafeyinə xidmət edir”.
Söhbət zamanı Qazaxıstan Parlament Məclisinin Sədri görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Heydər Əliyevin daim Qazaxıstanda dərin ehtiramla anıldığını söyləyib. Qeyd edib ki, Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir.
Qazaxıstanın parlament rəhbəri Bakıya hər səfərində Azərbaycandakı inkişafın şahidi olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır və bu böyük şəxsiyyətin ideyaları həyata keçirilir. Azərbaycan inkişaf edən stabil ölkədir və yerləşdiyi bölgədə özünəməxsus önəmli yer tutur.
Tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
Mayın 17-də Milli Məclisin Sədri Sahibə Qafarova ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, həmçinin Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski və Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç ilə görüşüb.
S.Qafarova Rusiyanın Dövlət Dumasında və Federal Şurada Heydər Əliyevin yubileyi ilə bağlı təşkil olunmuş sərgilərə görə Rusiya tərəfinə təşəkkür edərək, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib və bunu iki ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Qonaqlar bu əlamətdar iclasa dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər. Qeyd olunub ki, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin əziz xatirəsi Belarusda da böyük ehtiramla yad edilir.
Söhbət zamanı ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin dövlətçilik təcrübəsi barədə danışılıb, onun Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər xüsusi vurğulanıb.
Bildirilib ki, ulu öndərin müəyyən etdiyi yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımlar atılır.
***
Milli Məclisin Sədri Sahibə Qafarova həmin gün Ukrayna Ali Radası Sədrinin müavini Olena Kondratiukla ilə də görüşüb. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirən S.Qafarova ölkələrimiz və xalqlarımız arasında münasibətlərin çox böyük tarixi olduğunu xatırladıb. Deyib ki, xalqlarımız uzun illər dostluq şəraitində yaşayıblar və bu gün də həmin münasibətlər davam edir. Azərbaycan dost ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və hazırda ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
İki ölkənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Ukrayna həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bu ilin fevralında Ukrayna Radası dostluq qrupunun üzvləri Azərbaycanda, ölkəmizin parlamentariləri isə Ukraynada səfərdə olublar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”