XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və 23 aylıq fəaliyyətindən sonra əsrin sonuncu onilliyində dövlət müstəqilliyinin bərpası xalqımızın tarixi taleyinin qəti olaraq müəyyən edilməsində ən önəmli hadisə oldu. Keçmiş ittifaq dövləti daxilində ölkəmizin müstəqillik epoxasına hazırlanması, SSRİ-nin süqutundan sonra isə qazanılmış suverenliyin qorunub saxlanması və möhkəmləndirilib əbədi prosesə çevrilməsi isə ümummilli lider Heydər Əliyevin adı və gerçəkləşdirdiyi tədbirlərlə sıx bağlıdır.
Müstəqilliyin ilk illərində gənc respublikanın qarşısında hansı yolu seçmək, hansı ictimai-siyasi modelə üstünlük vermək sualı dayanırdı. Problemi mürəkkəbləşdirən bir də o idi ki, ölkə hələ dövlət müstəqilliyini elan etməzdən əvvəl Ermənistanla münaqişə vəziyyətinə düşmüşdü. Xəyanətkar qonşu dövlət müstəqilliyin ilk addımında səriştəsiz siyasi rəhbərliyin fəaliyyətsizliyindən və daxildə hərbi-siyasi qarşıdurma yaratmasından istifadə edərək, eyni zamanda, xarici himayədarlarının köməyi ilə Azərbaycana təcavüz etmiş, ölkəmizin ərazisinin 20 faizini işğal etmişdi.
1993-cü ilin böhranlı yayında ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublikaya rəhbərliyi üzərinə götürərək gənc dövləti müstəqilliyini itirməkdən, ərazilərimizin daha çox hissəsini işğal altına düşməkdən, xalqı fəlakətli milli qarşdurmadan xilas etdi. Eyni zamanda, qanlı müharibəni dayandırmaq, ölkədə sabitlik yaratmaq, milli birliyi möhkəmləndirmək, gənc dövlətin daxili və xarici siyasət konsepsiyasını hazırlamaq, çağdaş dünyada suveren Azərbaycanın tanınmasına nail olmaq, onun dünya birliyində yerini və rolunu müəyyən etmək zəruri idi. Heydər Əliyev gərgin və çoxcəhətli fəaliyyəti ilə bütün bu vəzifələrin öhdəsindən məharətlə gəldi.
Azərbaycan diplomatiyasının, onun milli konsepsiyasının, inkişaf və hərəkət konturlarının əsasını Heydər Əliyev hələ 1969-cu ildə qoymuşdu. O, istər keçmiş Sovet İttifaqında, istərsə də dünyada respublikamızı tanıtmaqla, xarici ölkələrlə mədəni əlaqələr yaratmaqla xalqımızın mövcudluğunu beynəlxalq aləmə təqdim etmişdi. Bu vaxtadək SSRİ-nin xarici siyasi əlaqələrində nəzərəçarpan mövqeyi olmayan Azərbaycan məhz Heydər Əliyev fitri istedadı və diplomatik məharəti sayəsində bir çox dünya dövlətləri rəhbərlərinin, siyasətçilərin, elm və incəsənət xadimlərinin ziyarət yeri oldu. Onların arasında Finlandiya prezidentləri U.Kekkonen və M.Koyvisto, Meksika prezidenti A.Lopes, Portuqaliya prezidenti M.Soares, Vyetnam və ADR rəhbərləri L.Van Donq və V.Ulbrixt və bir çox başqaları vardı. Azərbaycana gəlib, bu gözəl diyarı görəndən sonra onlar vətənlərinə xoş duyğularla qayıdır, xalqımız barədə həqiqəti öz ölkələrinə və xalqlarına çatdırırdılar.
Sovet dövründə Azərbaycan rəhbəri Heydər Əliyev dəfələrlə xarici ölkələrə səfər edən ittifaq və respublika nümayəndə heyətlərinə başçılıq etmişdi. Onun şəxsiyyəti, davranışı, çıxış və nitqlərinə əsasən xalqımız barədə keçmiş ittifaqda və xarici aləmdə yüksək təəssürat yaranmışdı. Ulu öndərin məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın xarici ölkələrdə beynəlxalq sərgilərdə, sovet mədəniyyət günlərində iştirakı, müxtəlif ölkələrin Azərbaycanda təqdimat günlərinin keçirilməsi də ənənə halını almışdı.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması isə Azərbaycanın çağdaş milli tarixində yeni mərhələnin başlanğıcını qoydu. Görülmüş tədbirlər nəticəsində dövlətçiliyin zəruri prinsipləri müəyyən edildi və formalaşdırıldıdı. İqtisadiyyat, siyasət, müdafiə, diplomatiya və s. strukturlar əsaslı surətdə quruldu. Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların – Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası və digər təşkilatların tamhüquqlu üzvü kimi beynəlxalq aləmdə fəaliyyətinin genişləndirdi. Biz dünya birliyinə fəal qoşulmağa başladıq. Bütün bunlar isə Heydər Əliyevin böyük səyi və diplomatik istedadı nəticəsində mümkün oldu.
Dünya Prezident Heydər Əliyevin simasında böyük tarixi şəxsiyyəti görürdü. O, dünya diplomatiyasının ulduzları ilə bir sırada dayanır və çox vaxt onları üstələyirdi. Heydər Əliyev haqqında çağdaş diplomatiyanın H.Kissincer, Z. Bjezinski, Butros B.Qali kimi nəhəngləri, habelə dünyanın ən iri dövlətlərinin başçıları – ABŞ prezidentləri B.Klinton, C.Buş, Fransa prezidentləri F.Mitteran və J.Şirak, Böyük Britaniyanın baş nazirləri M.Tetçer və T.Bleyer, Rusiya prezidenti V.Putin, Ukrayna prezidenti L.Kuçma, Qazaxıstan prezidenti N.Nazarbayev, Özbəkistan prezidenti İ.Kərimov, Gürcüstan prezidenti E.Şevardnadze, Türkiyə prezidentləri S.Dəmirəl, A.Gül, Ə.Sezər və başqaları dəfələrlə dərin hörmətlə söz açmışlar.
Azərbaycan Prezidenti Heydər Əliyevin tarixin şəxsiyyət kimi böyüklüyü və siyasi-diplomatik istedadı ATƏT-in Budapeşt, Lissabon və İstanbul zirvə görüşlərində, BMT-nin sessiyalarında, İƏT-nin Kasablanka və Tehran sammitlə-rində, Vaşinqton, Paris, Pekin, London, Moskva, Tokio, Ankara, Kiyev, Əl- Riyad, Varşava, Vyana, Roma, Berlin, Madrid və s. paytaxt şəhərlərə səfərlər zamanı aparılmış söhbət və danışıqlarnda özünü xüsusilə biruzə vermişdir.
Sərhədlərimizin toxunulmazlığını müdafiə edərək Heydər Əliyev ATƏT üzvü olan dövlətlər tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü barədə bəndlərin ATƏT sammitlərinin qərarlarına daxil edilməsinə nail oldu. Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən sonra onun Qarabağ münaqişəsinə dair BMT-nin sonuncu 3 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması əksini tapdı. Heydər Əliyev rəhbərliyə gəlməzdən əvvəl isə BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi qətnaməsində Dağlıq Qarabağın Azərbaycana məxsusluğu barədə heç bir söz deyilməmişdi.
BMT-nin Minillik yubiley sessiyasında Azərbaycan Respublikası Prezidenti kimi heydər Əliyevin nitqi dünya görmüş bir çox siyasətçi və diplomatlarda yüksək təəssürat yaratdı. BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən o, çox böyük cəsarətlə həmin beynəlxalq təşkilatı Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınmasında fəaliyyətsizliyinə görə ciddi qınadı. Böyük dövlətlərin paytaxtlarına rəsmi səfərlərə gedərkən də Heydər Əliyev həmin ölkələrin rəhbərlərinin və ictimaiyyətin diqqətini Ermənistan–Azərbaycan münaqişəsinə, bir milyon qaçqın və məcburi köçkünün probleminə, ərazimizin 20 faizinin işğalına, Qarabağ probleminin ədalətli həllinə cəlb edirdi. Ulu öndər sənəd və faktları ortaya qoyub sübut edirdi ki Ermənistan işğalçı dövlətdir. Bu dövlət Azərbaycan xalqına və deməli, bəşəriyyətə qarşı cinayətlər törətdiyinə görə məsuliyyət daşımalıdır.
Heydər Əliyevin diplomatik istedadı qonşu dövlətlərlə bağlı təmkinli və tarazlaşdırılmış siyasətində də öz təcəssümünü tapmışdır. Onun əzmkarlığı və məntiqi, ölçülü-biçili siyasəti sayəsində qonşumuz olan Rusiya Federasiyası ilə normal və dostluq münasibətləri quruldu. Gürcüstan və Türkiyə ilə əlaqələrimiz yüksək səviyyəyə qalxdı. Dövlətimizin başçısı 30 milyondan çox azərbaycanlının yaşadığı İran İslam Respublikası ilə münasibətlərədə son dərəcə həssaslıqla yanaşırdı. Azərbaycan Prezidenti Heydər Əliyevin diplomatik fəaliyyətində Səudiyyə Ərəbistanı, Misir, Pakistan, İordaniya, Mərakeş və başqa dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi və inkişafı xüsusi yer tuturdu.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin Kasablankadakı görüşündə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən iki qətnamə, xüsusən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamə qəbul olunmuşdu. Həmin qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü ilk dəfə beynəlxalq səviyyədə pislənmiş, Ermənistan isə birmənalı surətdə təcavüzkar dövlət hesab edilmişdi. Qətnamədə erməni qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələbi də əksini tapmışdı.
Rəsmi, işgüzar səfərlərdə, yaxud beynəlxalq konfranslar və zirvə görüşlərində olarkən Heydər Əliyev həmişə Azərbaycan diasporu və müxtəlif səbəblər üzündən müxtəlif vaxtlarda dünyanın ayrı-ayrı ölkələrinə köçüb yaşayan azərbaycanlılarla ünsiyyət yaratmağa çalışırdı. Xaricdə yaşayan vətəndaşlarımızla bütün görüş və söhbətlərində Heydər Əliyev onlarda Vətənə, doğma dilə, mədəniyyətə, mənəvi köklərə məhəbbət oyatmağa çalışır, onlara Azərbaycan Respublikasının qarşısında duran problemlər haqqında məlumat verir, dədə-baba torpaqlarını unutmamağı, ona əllərindən gələn köməyi əsirgəməməyi tövsiyə edirdi.
Azərbaycan dövləti Heydər Əliyevin məqsədyönlü diplomatik fəaliyyəti və özünün nadir coğrafi siyasi mövqeyi sayəsində çağdaş beynəlxalq münasibətlərdə möhkəm yer tutur. Müstəqilliyimizin 30 ili ərzində Heydər Əliyevin həyata keçirdiyi müstəqil Azərbaycanın milli diplomatiyası zəngin inkişaf yolu keçib və gələcəyə nikbin nəzərlərlə baxmağa hər cür əsas verir.
Ağalar ABBASBƏYLİ,
BDU beynəlxalq münasibətlər kafedrasının müdiri, professor