Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb.
Üzərində ulu öndərin portreti əks olunan poçt markası 2023-cü ilin Azərbaycan Prezidenti tərəfindən “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq hazırlanıb.
Poçt markası xatirə məqsədilə Azərbaycan və Özbəkistanın muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndərilməklə yanaşı, Özbəkistanda daxili və beynəlxalq dövriyyəyə də buraxılacaq.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata bildirilib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
Qulu KƏNGƏRLİ,
“Xalq qəzeti”
Daşkənd