Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Şuşa, 10 may 2023-cü il
Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik.
Rəcəb TAYYİB ƏRDOĞAN
Cəbrayıl şəhəri, 20 oktyabr 2022-ci il
Azərbaycan Prezidentinin sərəncamı ilə elan edilən, bütün dövlət qurumları və xalqımızın hər bir fərdi tərəfindən məmnunluq və mütəşəkkilliklə icra olunan, üstəlik, demək olar ki, bütün dünyanı gəzib-dolaşan “Heydər Əliyev İli”nin beynəlxalq aləmdəkı əks-sədası barədə qəzet materialı hazırlamaq o qədər də asan deyil. Çünki həm bu məqsədlə müxtəlif ölkələrdə keçirilən tədbirlər çoxdur, həm də dünyanın görkəmli simalarının ulu öndərimiz haqqında söylədiyi dəyərləndirmələr.
Ona görə də biz bu yazının girişini məşhur qazax şairi, yazıçısı, ictimai xadim və siyasətçisi Oljas Süleymenovun ulu öndər barədə söylədiyi fikirlərlə başlayırıq: “Heydər Əliyev ilə tez-tez görüşmürdüm. Amma hər görüşün bir ömürlük xatirəsi var. O, demək olar ki, mənim müəllimim idi. Heydər Əliyev, Dinmuhammed Kunayev – bu insanlar mənim siyasi və ümumtürk dünyagörüşümü formalaşdırıblar”.
Ümummilli liderin həyat və fəaliyyətini xarakterizə edən çoxsaylı çıxış və müsahibələrdən, məqalə və sitatlardan məhz bu ifadələri seçməyimiz təsadüfi deyil. Çünki bu gün “Heydər Əliyev İli” münasibətilə Türk dünyasının istənilən guşəsində keçirilən tədbirdə “Heydər Əliyevin ümumtürk dünyagörüşü” ifadəsi, demək olar ki, hər gün təkrar olunur. Ancaq, bu o demək deyil ki, o böyük tarixi şəxsiyyət təkcə ümumtürk dünyagörüşü tərəfdarları tərəfindən yüksək qiymətləndirilir. Elə deyil.
Dünyanın mütərəqqi siyasətçilərinin və ziyalılarının hamısı onu bəşəri dəyərlərə böyük önəm verən, daim sülhə can atan, elm, təhsil və mədəniyyətin himayədarı, ən başlıcası, böyük qurucu insan kimi qiymətləndirir. Təsadüfi deyil ki, 2003-cü ilin dekabrında – ulu öndərin dəfnində iştirak edən gürcüstanlı siyasətçilərdən biri demişdi ki, Bakının hansı prospekti ilə getsən, Heydər Əliyevin 1969–1982-ci illərdə tikdirdiyi yaşayış binasını, təhsil müəssisəsini və ya sənaye mərkəzini görəcəksən.
“Heydər Əliyev İli” dünyanı gəzir” arqumentimizi konkret faktlarla əsaslandıraq. Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda oxuyuruq ki, adı çəkilən tədbirlə bağlı bu Orta Asiya ölkəsində keçirilən müxtəlif məzmunlu tədbirlərin sayı-hesabı yoxdur: “Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı “dəyirmi masa”lar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir”.
Yaxud, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dövlət başçımıza göndərdiyi məktubda qeyd edir ki, mən əsl strateji düşünmə qabiliyyətini Heydər Əlievdən öyrənmişəm: “Mən onun 25 il əvvəl söylədiyi sözləri xatırlayıram: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır”. Əminəm ki, həyatının mənasını ölkəsinə xidmət etməkdə görən belə vətənpərvər şəxsiyyəti əbədi olaraq xatırlayacaqlar. Mənə nadir insan, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin banisi hörmətli Heydər Əlirza oğlunu şəxsən tanımaq nəsib olub. Ondan siyasi müdrikliyi, təmkinliliyi, əsl strateji düşünmə qabiliyyətini məmnunluqla öyrənmişəm”.
Ulu öndərin ən çox önəm verdiyi məsələlərdən biri də, yaxın qonşumuz olan ölkələrlə dostluq və tərəfdaşlıq münasibətinin daim qorunması və inkişaf etdirilməsi idi. Bu faktın təsdiqini Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda da görürük: “Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolunu vurğulayaraq qeyd etmək istəyirəm ki, onun bu xidmətləri daim yaşayacaqdır. İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik”.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidentinə ünvanladığı məktubda isə ulu öndərimizin siyasi fəaliyyətinin başqa bir istiqaməti yüksək qiymətləndirilir: “Sizin atanızın... dinlərarası dialoqun inkişafına, millətlərarası sülhün və vətəndaş barışığının yaradılmasına verdiyi böyük şəxsi töhfəni minnətdarlıqla qeyd etmək istəyirəm”.
“Rossiya-24” telekanalının “HeydərƏliyev İli” münasibətilə hazırladığı bir saatlıq müəllif proqramı başda olmaqla, Avrasiyanın müxtəlif mətbuat vasitələrində verilmiş məqalələr, dost ölkələrin, demək olar ki, əksəriyyətində yazılan kitablar, ucaldılan abidələr, salınan xiyaban və küçələr, keçirilən ictimai-siyasi, elmi-kütləvi məzmunlu konfrans, simpozium və görüşlər ulu öndərimizin bir əsrlik yubileyinə verilən önəm, qiymət və dəyərin göstəricisidir.
Bu möhtəşəm yubiley ilə bağlı olan fikirlərimizi mühüm faktlardan birini xatırlatmaqla yekunlaşdırmaq istəyirik. Belə ki, mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında, ümumilikdə 228 nəfər, o cümlədən, 12 parlament sədri, 15 parlament sədrinin müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də diplomatik korpusun təmsilçiləri qismində əcnəbi dostlarımız istirak edirdi. Fikrimizcə, bu rəqəmlər adiu bir say göstəricisi deyildi. Bu rəqəmlər Azərbaycan xalqının böyük oğlunun xatirəsinə gəstərilən ehtiramın təsdiqi, sübutu idi.
Dövlət başçımızın dediyi kimi, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və bu siyasət bizi daha böyük nailiyyətlərə aparacaq.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”