Brüssel razılaşması və Ermənistan hakimiyyətinə təzyiqlər

post-img

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü ötən ilin oktyabrında keçirilmiş Praqa Sammiti zamanı tanımışdı. Bu il mayın 14-də Belçikanın paytaxtı Brüsseldə keçirilmiş üçtərəfli görüş zamanı bu mövqeyini təsdiqlədi. Bəli, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşündə məsələ yenidən gündəmə gəlməklə, daha konkret şəkil aldı. Söhbət İrəvanın ölkəmizin ərazi bütövlüyünü, məhz 86,6 min kvadratkilometr ərazidə tanımasından gedir. 

Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın belə bir addım atması etiraz­lara səbəb olub. Nikol, onsuz da, ölkənin və erməni xalqının mənafeyini satmış biri kimi qiymətləndirilirdi. “Brüssel formatı” çərçivəsində keçirilmiş üçtərəfli görüşdən sonra ittihamlara yeni rəng çalarları əlavə olunmaqdadır. Bu dəfə yalnız Ermənis­tan daxilindəki şovinist dairələr deyil, eyni zamanda, xaricdəki ermənipərəstlər də aktiv şəkildə işə düşüblər. 

Mövcud xüsusdakı diqqətçəkən məqam isə haqqında söz açdığımız məsələnin Rusiyanın maraq və məna­feləri baxımından uyğunsuzluğunun vur­ğulanmasıdır. Doğrudur, problem həm də Moskva ilə Aİ-nin Cənubi Qafqazdakı toqquşan maraqları kontekstində qaldırı­lır. Hər bir halda motiv dəyişmir – Azər­baycanın ərazi bütövlüyünü heçə say­maq kimi mənfur niyyət güdülür. 

Əvvəlcə Azərbaycan və Ermənistan liderlərinin Brüssel razılaşmasına Rusi­yanın mövqeyini xatırladaq. Ölkə Pre­zidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml iki il əvvəl imzalanmış üçtərəfli Bəyanatın məntiqinə sadiqdir: "Biz ondan çıxış edirik ki, üçtərəfli ra­zılaşmalar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır və nizamlanmaya nail olmaq üçün biz üçlüyün əldə etdiyi razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik". 

Peskovun yanaşmasından “siz nə edirsiniz edin, əsas bizim mövqeyimizdir” deyimi nəzərə çarpmaqdadır. Görünür, bu mövqeyi bildiklərindəndir ki, İrəvan siyasiləri və erməni mediası Rusiya fak­torunu qabartmaq, ölkəni “Brüssel forma­tı” çərçivəsindəki razılaşmaya əks qüvvə kimi görmək əzmindədir. Bu əzmi ifadə edən ayrı-ayrı məqamlara toxunmaz­dan öncə Qarabağdakı separatçı rejimin Azərbaycan və Ermənistan liderləri ara­sındakı razılaşmaya, mövcud xüsusda Ş.Mişelin vasitəçilik missiyasına münasi­bətini diqqətə çatdıraq. 

***

Beləliklə, Qarabağdakı separatçı reji­min xarici işlər nazirliyi adlanan oyuncaq qurum bəyanat yayaraq, Aİ Şurasının rəhbəri Ş.Mişelin üçtərəfli görüşdən son­ra bildirdiklərinə etiraz edib. Bəyanatda vurğu onun üzərinə qoyulub ki, 1991-ci ildə “Artsax xalqı”, guya, beynəlxalq hüququn normalarına və o dövrdə qüvvə­də olan daxili qanunvericiliyə tam uyğun formada öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququndan yararlanıb, Azərbaycan və Ermənistanla eyni əsas­da öz dövlətçiliyini yaradıb. Bu, Aİ rəs­misinin açıqlamasındakı 86600 kvadrat­kilometrlik Azərbaycan ərazisi məntiqinə zidd baxışdır. Başqa sözlə desək, sepa­ratçı rejimin bəyanatı həm də Ermənista­nın baş naziri Nikol Paşinyanın razılığına əks münasibətdir. 

Bu bəyanat, eyni zamanda, özünü İrəvandan ayrı, müstəqil subyekt kimi təsəvvürə gətirmək cəhdidir. Daha dəqiq desək, əsl separatçılıqdır. Belə nəticəyə gəlmək mümkündür ki, hazırkı Ermənis­tan hakimiyyəti Paşinyanın Brüssel gö­rüşündəki imzasına görə Qarabağ üçün heç bir məsuliyyət daşımırsa, Azərbay­can öz ərazisindəki separatçı quruluşun aradan qaldırılmasında tam sərbəstdir. 

Bəli, hazırda Ermənistandakı siyasi dairələr, eləcə də digər ermənipərəstlər Paşinyanın Brüsseldəki imzasını Azər­baycanın Qarabağ üzərindəki suverenli­yinin təsdiqi olaraq görürlər və baş nazirə ünvanlanmış ittihamlar bundan qaynaq­lanır. Təxminən belə: Paşinyan kimdir ki, Qarabağa görə qərar versin?! Bəs, qərarı kim verməlidir? Rusiyanın Cənubi Qafqaz maraqları üzərinə, məhz bu sua­la cavab axtarılarkən gəlinir.

***

Məsələn, Ukrayna hadisələrinin Ru­siyanın Cənubi Qafqaz imkanlarına heç bir təsirinin olmadığını bildirən rusiyalı tarixçi və analitik Modest Kolerovun fikir­lər maraq doğurmaqdadır. O, İrəvanın və Bakının Rusiyaya Qarabağın lazım olma­dığı qənaətinə gəldiyi düşüncəsindədir. Yəni, Ermənistanın bölgədən imtinası bu qənaətin nəticəsidir. Analitikin sözlərinə görə, N.Paşinyan illər əvvəl Qarabağla bağlı qərarını verib və bu qərar Qaraba­ğın xeyrinə deyil. Deməli, Kolerov mətlə­bi Moskvanın bölgəyə dair mövqeyi üzə­rinə gətirir.

Ancaq Kolerov ölkəsi üçün narahat­lıq doğuran məqamı da yada salmağı unutmur. O bildirir ki, Qarabağdakı rus sülhməramlılarının mandatı müəyyən­ləşdiyindən, Rusiya indi heç nə edə bil­məz: “İstənilən tərəf Rusiyaya deyə bilər ki, girişmə, sənin sülhməramlı mandatın var, başqa səlahiyyətin yoxdur. Sülhmə­ramlılar keçid dövrü üçün sülh müqaviləsi imzalanacağı təqdirdə, Qarabağda qala­caqlar, lakin sonra onların qalma müddəti uzadılmayacaq. Rusiya hazırkı ssenariyə təsir edə bilməz, çünki o, tamamilə Ermə­nistandan və Azərbaycandan asılıdır”.

Tarixçi-analitik hesab edir ki, indi­ki durumda Rusiyanın xilasının yeganə ssenarisi sülhməramlıların qalma müd­dətinin uzadılmasıdır. Onun fikrincə, Bakı Ukraynadakı hadisələri Rusiyaya ziyan vurmaq, ölkənin regiondakı təsirini sıra­dan çıxarmaq fürsəti sayır. Bunu həm də İrəvan edir. 

Göründüyü kimi, Moskvanı Bakıya qarşı açıq konfrantasiyaya çəkmək niy­yəti ortadadır. Bu niyyətin daşıyıcısı yal­nız Kolerovdurmu? Əlbəttə, yox! Digər sual da var ki, Paşinyan administrasiyası “Brüssel formatı” çərçivəsində əldə edil­miş razılığa sadiq qalacaqmı? Mövcud istiqamətdə prinsipiallıq göstərib qeyd etdiyimiz destruktiv meyilləri yenə bilə­cəkmi? 

Nəzərə alaq ki, Brüssel razılaşmasın­da Azərbaycanın da Ermənistanın 29800 kvadratkilometrdəki ərazi bütövlüyünə hörməti ifadə olunmaqdadır. Necə deyər­lər: hörmət hörmətə bağlıdır. Əgər Bakı qarşılığı görməsə, yaxud hörmətsizlik hiss etsə, Azərbaycan Prezidentinin də bildirdi­yi kimi, ermənilər 29800 kvadratkilometrlik ərazidə rahat yaşaya bilməyəcəklər. Artıq, necə deyərlər, ox yaydan çıxıb. 

*** 

Əlbəttə, Ermənistanın rahatlığı­nı düşünməyənlər, yaxud düşünmək istəməyənlər iş başındadırlar. Görünür, belələrindən biri də Rusiyanın MDB Ölkələri İnstitutunun Ermənistan bölmə­sinin direktoru, siyasi şərhçi Aleksandr Markarovdur. Onun söylədiklərindən ha­sil olan qənaət budur ki, Cənubi Qafqaz­da Bakının və İrəvanın deyil, Rusiyanın mənafeləri nəzərə alınmalıdır. Politoloq məsələni, kifayət qədər, konkret qoyma­sı ilə fərqlənir. “Əgər Ermənistan-Azər­baycan münasibətlərinin normallaşması nəticəsində Qarabağ Azərbaycanın tərki­bində olan bir vahidə çevrilərsə və Qara­bağ ermənilərinin hüquqları Azərbaycan dövləti tərəfindən qorunursa, onda Ru­siyanın mandatı nə olacaq?”, – deyən Markarov Moskvanın Cənubi Qafqazda təsirini saxlamaq istəyinin olduğunu qa­bardır. Eyni zamanda, bunun üçün alət­lərin və mexanizmlərin vacibliyindən söz açır. Nəzərə alaq ki, mexanizmlərdən biri sülhməramlılardırsa, digəri İrəvan­la iqtisadi əməkdaşlıq və Ermənistanda Rusiya hərbi bazasının mövcudluq fak­torudur. 

Politoloq onu da vurğulayır ki, hazırda nüfuz dairələri uğrunda mübarizə gedir və bu mübarizədə təsir mexanimləri çox olanlar üstünlüyə yiyələnirlər. Onun söz­lərinə görə, Rusiya Ukrayna cəbhəsində məşğuldur, amma, bu, o demək deyil ki, ölkə Cənubi Qafqazı unudub. Bölgəni unutmaq, Markarovun fikrincə, ona görə olmaz ki, bu, Rusiyanın öz sərhədi yaxın­lığında deyil, bilavasitə daxilində də prob­lemlər doğurar. 

Demək, tam aydınlığı ilə təsdiqlənir ki, Qarabağdakı sülhməramlı fəaliyyət cəfəng mahiyyətlidir, əsas olan Moskva­nın maraqları və həmin maraqların təmi­natı baxımından regiondakı hərbi möv­cudluqdur. 

***

Rusiyada cəfəng məsələləri gün­dəmə gətirənlərdən ən birincisi isə ölkə­nin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini Kons­tantin Zatulindir. Zatulin “Brüssel formatı” çərçivəsindəki üçtərəfli görüşə münasi­bətinə ermənilərin yaddaşını təzələmək­lə başlayıb. O, Prezident Vladimir Putinin ötən il söylədiklərini xatırladaraq deyib ki, Putin Rusiyanın gerçək vasitəçi kimi qə­bul ediləcəyi təqdirdə, Qarabağa status məsələsinin müzakirəyə çıxarıla biləcə­yinə bildirib. 

Özünün ənənəvi ermənipərəst mövqeyi ilə seçilən Zatulin, həmçinin ATƏT-in artıq canını tapşırmış Minsk qrupunu diriltməyə girişib. Onun cəfəng məntiqinə görə, Qarabağa status veril­məməsi bölgədə sülhün sabitliyinə təh­lükə yaradır. “Amma Ermənistan rəhbərli­yi başqa yol tutdu. Qarabağı qeyd-şərtsiz Azərbaycanın ərazisi kimi tanıdığını bir daha təsdiqlədi”, – deyən Zatulinin fikirlə­rindən belə anlaşılır ki, Paşinyanın Brüs­seldə Qarabağ erməniləri ilə bağlı yalnız ümumbəşəri dəyərlər kontekstində Bakı­nın onları incitməməsi kimi bir məsələyə dair razılığa gəlmək xətti yolverilməzdir. Niyə? Baxaq görək, Zatulin “xoruzun quyruğunu” necə göstərir. 

Rusiya Dövlət Duması təmsilçisinin dediyinə görə, Aİ-nin Cənubi Qafqaz siyasi akvatoriyasında münasibətlərin normallaşması baxımından nikbinlik ya­ratması Moskvanı bölgədən sıxışdırıb çıxarmağa hesablanıb. Bu isə Krem­lin başının Ukraynada qarışmasından sui-istifadədir. “Onlar (Aİ rəhbərliyi - red) bununla tam məşğuldurlar. Ona görə növbəti görüşün nəinki hər hansı bir yerdə, həm də MDB-dən çıxmağa can atan Kişinyovda keçirilməsi planlaşdı­rılır. Məhz orada onlar (Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan - red.) ümumi dil tapmağa çalışacaqlar”, - deyən K.Zatulinin fikirlərindəki ən təhlükəli məqam “Qarabağda hələ də Rusiya ilə hesablaşan əhalinin olduğu” məntiqidir. Onun fikrincə, Bakıda və İrəvanda bunu dərk etdiklərindən, çalışırlar ki, Moskvanı hansısa formada sakitləşdirsinlər. Demə­li, Qarabağ əhalisi Rusiyanı istəyirmiş! Yəni, ortada bu qədər sarsaq, beynəlxalq hüququ heçə sayan yanaşma var! Ancaq necə deyərlər, “zatulinçilik” yalnız bunun­la bitmir. 

İstər birinci, istər ikinci Qarabağ mü­haribəsi müddətində, istərsə də hazırda münaqişə zonasında baş verənlərin fo­nunda ermənilərin bölgədə azərbaycan­lılarla birgə yaşamalarının mümkünsüz­lüyünü deyən Rusiya Dövlət Dumasının təmsilçisinin ədalət anlayışı da separatçı­lığa, yəni Qarabağın “müstəqilliyinə” söy­kənir. O, yarımçıq bildiyi tarixə ekskurs edərək vurğulayır ki, vaxtilə bölgədə refe­rendum yolu ilə Azərbaycandan ayrılmaq mövzusu gündəmdə gəlmişdi. İndi isə Zatulinin fikrincə, Ermənistan hakimiyyəti Qarabağ ermənilərini yeni müharibə ilə qorxudur və sözügedən mövzudan uzaq­laşdırır. 

Zatulinin tarixə üz tutmasındakı, belə demək mümkünsə, növbəti dayanacaq yeri Ermənistanın birinci prezidenti Le­von Ter-Petrosyanın fikirlərinə istinaddır. Duma təmsilçisi deyir ki, Qərbyönümlü Petrosyan Qarabağ yükündən qurtulma­ğın vacibliyini vurğulayır və bunun nəticə­sində Ermənistan əhalisinin yaxşı yaşa­yacağını bildirir, bu yola gedilmədiyindən, hazırda ölkənin ticarət-iqtisadi əlaqələri­nin inkişaf etmədiyini diqqətə çatdırırdı. Yeri gəlmişkən, hazırda N.Paşinyan da təxminən eyni fikirləri bölüşməkdədir. An­caq Zatulinçilik belə mövqeyin irəli sürül­məsini xalqı aldatmaq kimi qiymətləndirir. Bu da xəstə məntiqin bir nümunəsi. 

***

Sonda ümumiləşdirmə apararaq, əvvəldə qeyd etdiyimiz fikrə yenidən qayıdaq. Söhbət Ermənistanın mövcud hakimiyyətinə təzyiqlərin başladılmasın­dan gedir. Bu təzyiqlərin müxtəlif fraq­mentlərini vurğuladıq. Onu da deyək ki, indiyədək belə hallar olub və onlar nəticə etibarilə Ermənistanı sülhə gəlməkdən yayındırıb. Deməli, ortaya haqlı sual­lar çıxır: Paşinyan hakimiyyəti qətiyyət göstərib təzyiqləri yenə biləcəkmi? Rəs­mi İrəvan öz mövqeyindən dönməyəcək ki? Əlbəttə, sualların ən yaxşı cavabını zaman verəcək. 

 

Əvəz RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət