Vətənə xəyanət bağışlanılmaz cinayətdir!

post-img

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir.

Görülən tədbirlər nəticə­sində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaq­da şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur.

Müəyyən edilmişdir ki, Rəşad Əh­mədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla Ermənista­nın xüsusi xidmət orqanlarının Azərbay­can Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşı­rıqları yerinə yetirmişdir.

Rəşad Əhmədov ona verilən tap­şırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçiliyi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün par­çalanmasına açıq çağırışları ehtiva edən videomateriallar hazırlamışdır. Həmin vi­deomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliy­yət göstərən “Youtube” kanalları və digər sosial şəbəkələrdə paylaşılmışdır. 

R.Əhmədov Ermənistan xüsusi xid­mət orqanlarının himayəsi altında Ye­revan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tər­tib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni et­nik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil etmişdir.

Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşları­nın, guya, etnik və dini zəmində iğtişaş­lar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ic­timai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırıl­ması, terror aktları törətməyə razılıq verə­cək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıq­ları da icra etmişdir.

Əhmədov Rəşad Əhməd oğlu Azər­baycan Respublikası Cinayət Məcəllə­sinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliy­yətinə cəlb edilərək barələrində həbs qə­timkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər