Qərbin sülh gündəliyi: Nəticə olacaqmı?

post-img

ABŞ Dövlət Departamenti Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında mayın 14-də Brüsseldə keçirilən görüşə münasibət bildirib. 

Bu barədə ABŞ xarici siyasət idarə­sinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib: “Məlumdur ki, ABŞ bu danışıqların tərəfi olmayıb. Lakin Ar­linqtonda evsahibliyi etdiyimiz danışıq­ların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru atılan mühüm addımlardır. Nəticə etibarilə, bu görüşlər bizə Azər­baycanla Ermənistan arasında davamlı sülhün mümkün olduğu qənaətinə gəl­məyə imkan verir”.

Vətən müharibəsinin başa çatma­sından sonra Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya məsələsinin həlli, ölkələrin bir-birinin əra­zi bütövlüyünü tanıması və yekunda sülh sazişinin imzalanmasını təmin etmək üçün iki istiqamətdə danışıqlar aparılır. Bunlardan biri Rusiyanın, digəri Qərbin vasitəçiliyi ilə baş tutan görüşlərdir. Azər­baycan hər iki formatda görüşlərdə işti­raka razılıq verir. Bunu mayın əvvəlində Böyük Britaniyanın “The Financial Times” qəzetinə açıqlama verən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bil­dirib. O qeyd edib ki, Azərbaycan Şarl Mi­şelin vasitəçiliyinə müsbət yanaşır, çünki Aİ-nin gizli planları yoxdur.

H.Hacıyev əlavə edib ki, Aİ-nin baş­latdığı proses sayəsində danışıqlar üçün əsas konsepsiyalar və onların struktu­runu hazırlamaq mümkün olub. Onun sözlərinə görə, Bakı Moskva, Vaşinqton və ya Brüsseldə görüşlərin keçirilməsin­də çeviklik nümayiş etdirir, çünki nəticə əldə etmək üçün proses mümkün qədər inklüziv olmalıdır. “Rusiya regionda sülh quruculuğunda effektiv iştirak edə bilər. Eyni zamanda, Rusiyanın Ukraynadakı müharibə ilə çox məşğul olduğu aydın­dır”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Onu da qeyd edək ki, mayın 14-də aparılan danışıqlar Brüssel formatında keçirilən sayca beşinci görüş idi. Yaxın gələcəkdə isə tərəflərin daha üç görüşü­nün keçirilməsi nəzərdə tutulub. Aİ Şu­rasının prezidenti Ş.Mişel bunu rəsmən bəyan edib. O, sonuncu üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasın­da bildirib ki, Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəlinib: “Liderlər Brüsseldə növbəti dəfə iyul ayında görüşəcəklər. Artıq bəyan et­diyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin II Zirvə toplantısı çərçivəsində görüşəcəyik. Mən, həmçinin liderləri okt­yabrda Qranadada təşkil ediləcək Avropa Siyasi Birliyinin III Sammiti çərçivəsində daha bir görüşə dəvət etmək niyyətin­dəyəm”.

***

Beləliklə, Brüssel danışıqlarının, əslində, Vaşinqton dialoqunun ikinci raundu olduğunu demək mümkündür. Növbəti raundlar isə qarşıdakı aylarda keçiriləcək. Şarl Mişelin təşəbbüsünün effekti, gözlənilən, ehtimal olunan real nəticələri barədə fikirlərini “Xalq qəze­ti” ilə bölüşən politoloq Aydın Quliyev bildirib ki, Brüssel formatının üstünlüyü onun konkret məsələlərin müzakirəsinə həsr olunmasındadır. Müsahibimiz qeyd edib ki, danışıqların sonunda ümidverici açıqlamaların səsləndirilməsi, sözsüz ki, yaxşı haldır: “Bilirik ki, Vətən müharibə­sindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bir neçə formatda müzakirə olunur. Hələlik əsas məsələlərə dair razılaşma olmasa da, yüksək səviyyəli görüşlər arasında ən nəticəyönümlü danışıqlar formatı məhz Brüssel formatıdır. Hansısa nəticə əldə etmək üçün liderlər səviyyəsində inten­siv təmasların olması da əsas şərtlərdən biridir. Bu nöqteyi-nəzərdən Brüssel for­matında artıq ümid verən işartılar var. Konkret hansı məsələlər ətrafında razı­laşmanın olduğunu dəqiq deyə bilməsək də, görüşlərin intensiv olması ilə bağlı ortada siyasi iradə var. Açıqlanan qrafik 2023-cü il ərzində görüşlərin intensivli­yinin təmin olunacağının mümkünlüyün­dən xəbər verir. Əgər il ərzində intensivlik təmin olunsa və görüşlər keçirilsə, müəy­yən nəticələrə gəlmək mümkün olacaq”.

Aydın Quliyevin sözlərinə görə, təc­rübə göstərir ki, danışıqlarda uzun müd­dət fasilə yarananda konkret məsələlərlə bağlı əldə olunmuş razılaşmanı pozan tərəfi müəyyənləşdirmək ya mümkün olmur, ya da həmin o pozucu tərəf mə­suliyyətdən qaça bilir: “Amma görüşlər intensiv olsa, həm konkret məsələlərə gəlib çatmaq, həm də pozucu rol oyna­yan tərəfi fiksə etmək və ona lazımi iradı diplomatik üsullarla bildirmək mümkün olacaq”.

Politoloq sülh sazişinin imzalanma­sı, sərhədlərin delimitasiyası kimi həl­li zaman tələb edən məsələlərdə ilkin mərhələdə konkret nəticələrə gələ bilə­cəyimizi düşünmür: “Amma ən azı hər iki tərəfdə etimad tədbirlərinin gücləndi­rilməsi, humanitaryönümlü addımların atılması, əsirlərin və girovların qeyd-şərt­siz geri qaytarılması, minalanmış əra­zilərin xəritələrinin verilməsi kimi konkret məsələlərlə bağlı görüşlərin intensivliyi təmin olunsa, müəyyən nəticələr əldə et­mək mümkündür”.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət