Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin özünün anti-Azərbaycan baxışlarına ümummilli lider Heydər Əliyev haqqında xoşagəlməz fikirlər də əlavə edib. Bunu təsadüf saymaq olmaz. Çünki Azərbaycan ictimaiyyəti ulu öndərin 100 illik yubileyinin Rusiyada çox böyük təntənə ilə qeyd edildiyini gördü.
Bəli, Rusiyanın, demək olar, bütün telekanalları Heydər Əliyev şəxsiyyətinin keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi, Sovetlər Birliyinin ali idarəçiliyində təmsilçiliyi, müstəqil ölkəmizdə dövlətçiliyin qorunması, Vətənimizin sürətli inkişaf yoluna çıxarılması ilə bağlı çoxsaylı sujetlər və reportajlar yayımladılar. Həmin təqdimatlarda, eyni zamanda, ulu öndər dünyamiqyaslı siyasi xadim, nəhəng dövlət adamı kimi vurğulandı. Görünür, bütün bunlar ölkə daxilində kimlərinsə, o cümlədən, ermənilərin və ermənipərəst dairələrin xoşuna gəlməyib.
K.Zatulin kimi “yuyulmamış çömçə”lər buna görə ortaya atılır, özlərinin çirkin baxışlarını işə salırlar. Zatulin özü o qədər xəyanətkardır ki, elə bilir, hər kəs belə ola bilər. Onun Heydər Əliyev şəxsiyyəti ilə bağlı əks fikir bildirməsi isə Rusiya dövlətinə xəyanətin ən böyüyüdür. Çünki ulu öndərə həqiqi rəğbət bəsləyən ölkə ictimaiyyətinin böyük mütərəqqi kəsimi var. Bu kəsimi təşkil edən şəxslər Rusiyanın ictimai fikrinin formalaşmasında, müasir dövlətçilik ənənələrinin inkişafında xidmətləri ilə seçiliblər. Zatulin kimi “bazarkom” olmayıblar.
Zatulin Ermənistanın “news.am”ına açıqlamasında bildirir ki, Heydər Əliyev müsahibələrinin birində keçmiş SSRİ-nin müttəfiq respublikası olan Azərbaycanda müstəqil dövlətçilik üçün əsaslar yaratdığını qeyd edib. Əlbəttə, ulu öndər bunu bildirib və həmin faktı biz də tez-tez vurğulayırıq. Onu da vurğulayırıq ki, Heydər Əliyev şəxsiyyəti özünün uzaqgörənliyi ilə SSRİ daxilində hansı oyunların getdiyini hər kəsdən çox gözəl dərk edirdi. Görürdü ki, Zatulin kimi şərəfsizlərin sələfləri olan şəxslər dövləti necə içəridən yeyirdilər.
Dahi Heydər Əliyev onu da görürdü ki, saxta beynəlmiləlçilik adı altında millətlər arasında fərqlər qoyulur. O dövrün murdar zatulinəbənzərlərinin Azərbaycan xalqının maraqlarını ermənilərə qurban verməyə hazır olduqlarını hiss edirdi. Dəfələrlə belə alçaq təmayüllərin qarşısını şəxsən, böyük inadkarlıq və prinsipiallıqla almışdı da. Belə olan təqdirdə ulu öndərin öz xalqının mənafeyini düşünməsi və tədbirlər görməsi, gələcək müstəqillik naminə əsaslar hazırlaması, nəinki təbii, eyni zamanda, günün təxirəsalınmaz tələbi idi.
Bəli, Heydər Əliyev duyurdu ki, o zamanın zatulinsifətləri dildə birlik, bərabərlik, sosializm, kommunizm kimi saxta şüurlar səsləndirib əməldə dövləti sarsıdırlar, onun iqtisadi əsaslarını dağıdırlar. Nəhayət, bu dağılma Mixail Qorbaçov hakimiyyətə gəlməklə, belə demək mümkünsə, ali səviyyəsinə qədəm qoydu. Qorbaçov yenidənqurma adı altında ölkənin məhvi üçün hər cür addımlar atdı.
K.Zatulin də o zamanın yeni tipli dələduzlarından biri kimi meydana atılmışdı. Yəni, ölkəni içəridən yeyənlərdən idi. Özü də bu sahədə kifayət qədər uğurlu sayılırdı. 1989-cu ildə SSRİ-də Gənc Rəhbər və Sahibkarlar Müəssisələri Assosiasiyasını yaratmışdı. Belə bir qurumun formalaşması kollektivçi ənənələrə malik sistemin mahiyyətinə zidd idi. Təbii ki, Zatulin bunu xəyanət kimi qiymətləndirə bilməzdi, çünki həmin dövrdə özünə bənzər xəyanətkarlar ölkənin hər yerinə səpələnmişdilər. Onlar SSRİ-nin zəifləməsini fürsət bilib hərəkətə keçmişdilər və yekunda dövləti dağıtdılar.
Bu mənada gənc Zatulinin də əməyi var. O, 1990-cı ildə Moskva Ticarət Birjasını yaratmışdı. Yəni, özünün həmyaşıdlarından daha “irəli” getməsi ilə fərqlənmişdi. Elə həmin vaxtdan çirkli pul qazanmaq səriştəsinə yiyələnmişdi. Moskvanın sabiq meri Yuri Lujkovun əlinin altında işləyəndə də özünü, kifayət qədər bacarıqlı dələduz kimi göstərdiyinə görə irəli çəkilmişdi.
Əlbəttə, məqsədimiz K.Zatulinin karyera yüksəlişi ilə bağlı söz açmaq deyil. Vurğulamaq istədiyimiz məqam odur ki, o, gənc vaxtlarında pul qazanmaq hərisliyini vəzifədə olduğu müddətdə daha da inkişaf etdirdi. Bu dəfə Rusiyadakı erməni lobbi və diaspor təşkilatlarından pul qoparmaq naminə onların avantüraları üçün çalışmağa başladı.
Əlbəttə, biz bir xalq olaraq saxta dövlətin – SSRİ imperiyasının süqutunu istəyirdik. Çünki bu imperiya bolşevik Rusiyasının qəsbkarlığı üzərində qurulmuş, onun əli Azərbaycanın neçə-neçə layiqli övladının qanına batmışdı. Tarixi unutdurmağa çalışsalar da, unutmurduq. Bəs, o zamanın zatulinsifətləri nə üçün özlərinin qurduqları dövləti dağıtmağa girişmişdilər? Ona görə ki, sistemin saxtalıqlarından istifadə edərək, oğurladıqları pulları rahat xərcləyə bilmirdilər. Çəkinirdilər, qorxurdular ki, riyakarlıqları üzə çıxar. Məhz buna görə dövləti məhv etdilər. SSRİ-nin süqutunun qlobal siyasi səbəbləri olduğu kimi, qeyd etdiyimiz daxili psixoloji motivləri də vardı. Bunu müasir Rusiyada gözəl anlayırlar.
Yeri gəlmişkən, Rusiyada onu da anlayırlar ki, o dövrdə SSRİ-ni saxlaya biləcək potensial yalnız Heydər Əliyev şəxsiyyətində olub. Bunu açıqdan-açığa bildirirlər də. Nəzərə alaq ki, məhz bu nəhəng potensialına görə Heydər Əliyevi Sov. İKP MK Siyasi Bürosunun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrindən uzaqlaşdırdılar. Bunu o zamanın zatulinsifətləri ermənilərin təhriki ilə etdilər. Nəzərə alaq ki, SSRİ mövcud olduğu dövrdə ona daxildən ən böyük zərbəni məhz erməni millətçiləri və avantüristləri vurmuşdular. Qarabağ, azərbaycanlılara qarşı ədavət müstəvisində fitnə-fəsadlar törətmişdilər.
Bəli, bu gün zatulinlərin və onun kimilərinin xiffətini çəkdiləri, ideyalarını yaşatmaq istədikləri SSRİ-nin parçalanmasında, böyük rus dövlətçiliyinin mirası kimi qəbul edilən dövlətin məhvində ermənilərin “rolu” danılmazdır. Ancaq Zatulinin və zatulinbaşlıların gözlərini pul o qədər qamaşdırıb ki, bu reallığı görə bilmirlər, yenə ermənipərəstlik edərək, Rusiyaya xəyanət yolu tuturlar. Onlar bu gün erməni millətçiliyinin Rusiyaya qarşı hansı mövqedə dayandığının fərqində olmayacaq qədər miskindirlər.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”