Paşinyanın reallığa söykənən acı etirafı

post-img

“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağa öyrəşmişik”, – deyən Ermənistanın baş naziri cəmiyyətə ötürdüyü bu ismarıcla özündə həm də əsrlər boyu çirkli məqsədlərə nail olmaq yolunda riyakarlığı, ikiüzlülüyü, casusluğu, terroru və hətta soyqırımını belə məqbul sayan soydaşlarını qınaq obyektinə çevirmək cəsarətini tapıb. Hayastan baş nazirinin nəzərdə tutduğu tarixdən məlumdur ki, erməni millətçiliyinin kökü “böyük Ermənistan” utopik ideyasından qaynaqlanır. Özlərini dünyanın müstəsna xalqı kimi təqdim etməkdən belə çəkinməyən hay ideoloqları yuxarıdakı ideya və ona söykənən antitürk siyasəti ilə üç yüz ildir beyinləri zəhərləməklə, bütöv nəsilləri bədbəxtliyə düçar etməklə məşğuldur. 

Bu maniakal ideologiyadan və ab­surd nəzəriyyədən Robert Koçaryan - Serj Sarkisyan hakimiyyəti 30 ilə yaxın müddətdə geniş istifadə ediblər. Həmin xəstə ideya onların siyasi ritorikasının ayrılmaz tərkib hissəsinə çevrilmişdi. İndiki Ermənistan cəmiyyətini ötən əs­rin 30-cu illərinin Almaniyası ilə müqa­yisə edənlərlə razılaşmamaq olmur. Xarici nəşrə müsahibəsində özünü islahatçı baş nazir qismində təqdim etməyə çalışan Paşinyan üçün milli faşistlərinə heykəl ucaldan başıpozuq toplumu islah etmək, beyinlərdəki du­manı, gözlərdəki toru götürmək heç də asan olmayacaq. 

İkinci Qarabağ savaşından sonra qalib Azərbaycanın sülhə və dialoqa yönəlik xoşməramlı əlini hələ də geri qaytaran məğlub Ermənistanın daş­nak-revanşist qüvvələri siyasi səhnə­dən silinməyincə, erməni cəmiyyəti çılpaq həqiqəti qəbul etməyincə, qon­şuluq münasibətlərinin normal məc­raya yönələcəyinə inanmaq çətindir. Azərbaycan bütün hallarda bu xüsu­satı heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, mü­haribə başa çatsa da, problemlər qal­maqdadır. “Biz çalışmalıyıq ki, erməni milliyyətçiliyi, şovinizmi bir daha baş qaldırmasın”, - deyən Azərbaycanın dövlət başçısı bu zaman məhz tarixə və onun acı dərslərinə istinad edir. 

Çətin həzm olunacaq ismarıc

Hayastan baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə verdiyi müsahibədə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşı­laşdırmağın vacibliyindən danışıb. O, bununla bağlı daxildə heç də birmənalı qarşılanmayacaq mövqe ortaya qoyub: “Ermənistan Gürcüstan və İranla yax­şı münasibətlər saxlayır. Eyni zaman­da, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bu vəziyyəti dəyişmək lazımdır”. 

Paşinyan indiki məqamda qonşu­larla dostluq münasibətləri yaratmağı ölkəsinin xarici siyasətinin əsas prio­riteti adlandırıb. Maraqlıdır ki, o, möv­cud vəziyyətin dəyişdirilməsinin ölkəsi üçün həyati əhəmiyyət kəsb etdiyini də dilə gətirməkdən çəkinmir: “Bir sıra əməli və psixoloji problemlər ucbatın­dan Ermənistan cəmiyyəti üçün bu ismarıcı həzm etmək asan deyil”. Baş nazir onu da etiraf etməyi unutmayıb ki, Ermənistan Rusiya ilə əməkdaşlıq etməklə Qərbin sanksiyalarından ya­yınmağa çalışır. “Ancaq sanksiyalar qırmızı xətdir. Bunu Rusiyanın diqqə­tinə açıq şəkildə çatdırırıq: sizə zərər vermək istəmirik, amma bizim sank­siyalara məruz qalmağa imkanımız yoxdur”, - deyə Paşinyan qeyd edib. Yüz il bundan əvvəl haylara sığınacaq vermiş, onlar üçün heç nədən dövlət düzəltmiş Rusiyaya da ismarıc göndər­məkdən çəkinməyən Ermənistanın baş naziri Nikol Paşinyanın geniş rezonans doğuracaq bu açıqlamanı etdiyi zaman nə qədər səmimi olduğunu demək çə­tindir. 

Faydalı asılılığın vəd etdiyi perspektiv 

Paşinyan Türkiyə və Azərbaycan­la normal qonşuluq münasibətlərinin perspektivini necə gördüyünü sonadək açıqlamır. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva Nikol Paşinyanı məlum mü­sahibədə reformator baş nazir amplu­asında gördüyünü bildirib: “İndiki mər­hələdə Paşinyan haqlı olaraq deyir ki, qonşularla münasibətin düzəl­məsi Ermənistan üçün həyati əhə­miyyətlidir. Hətta Azərbaycan tərə­findən baxdıqda Bakı üçün İrəvanla sülh vacibdir, əməkdaşlıq isə faydalı deyil. Çünki uzun sürən münaqişə­nin sonunda onlara münasibətdə biz uduşlu tərəfik. Amma qarşımız­dakı düşməndir, buna görə daim gücümüzü artırmalıyıq. Digər amil isə Ermənistan cəmiyyətinin buna nə dərəcədə hazır olduğuna cavab tapmaqdır. İrəvanın bizimlə deyil, Türkiyə ilə münasibətlərin normal­laşdırması üçün bir neçə qanunveri­ci aktda, o cümlədən konstitusiyada dəyişiklik edilməlidir. Əks təqdirdə hökumətin bu yöndə verəcəyi qə­rarları Konstitusiya Məhkəməsi ləğv edəcək”.

Bütövlükdə, Nikol Paşinyanın belə bir təşəbbüsünü müsbət qiymətlən­dirən siyasi ekspert əgər konstitusiya dəyişikliyinə gedilərsə, burada Paşin­yanın özəl məqsədlərinin üzə çıxaca­ğını da istisna etmir: “İkinci müddətə baş nazir olan şəxs bu halda kons­titusiyada müəyyən dəyişikliklər etmək barədə danışmağa başlaya bilər. Onun irəli sürdüyü fikirlər isə Ermənistan daxilində partlayış ef­fekti verən təkliflərdir. Ümumiyyət­lə, haqqında səriştəsiz siyasətçi imici formalaşmış Nikol Paşinyan bu obrazda hiyləgər diplomat kimi görünür. Bəlkə də ciddi qəbul edil­məmək onun üçün sadəcə düşünül­müş imicdir. Onun Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətləri­nin yaxşılaşdırılması barədə fikirləri faydalıdır. Çünki bizim üçün iqtisa­di cəhətdən Qərbdən və Rusiyadan asılı Ermənistandansa, Türkiyədən asılı Ermənistan daha faydalıdır”. 

Aydın görünən odur ki, Paşinyanın qonşularla, ilk növbədə isə, müharibəni uduzduğu yaxın qonşusu Azərbaycan­la münasibətləri normallaşdırmaq ça­ğırışları daxildə ciddi təpkilərlə, isterik reaksiya ilə qarşılaşacaq. Ermənistan cəmiyyətində Azərbaycanın humanist addımları qarşılığında özlərinin şovi­nist, faşist, təcavüzkar niyyətini nüma­yiş etdirməkdən çəkinməyən qüvvələr hələ mövcud iqtidara diş qıcamaq gü­cündədir. Amma o gücün də tükənəcə­yinə çox qalmayıb. 

İndi haylara “çox istəyən azdan da olar” müdrik kəlamımızı xatırlatmaqla “böyük Ermənistan” röyasından oyan­ma məqamının çatdığını öz içərilərin­dən çıxmış sağlam, praqmatik siyasət­çilər başa salmalıdırlar. Deyəsən, buna ilk cəhdi Paşinyan özü edir... 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət