Rusiya–Belarus hərbi təlimləri NATO-nu qayğılandırdı
Rusiya və Belarusun birgə strateji təlimləri “Qərb-2025” rəsmi olaraq sentyabrın 6-da başlayıb. Təlimlərin məqsədi hərbi kontingentlərin birgə fəaliyyətini sınaqdan keçirmək, komandanlıq və qərargahların təcrübəsini artırmaq, regional və koalisiya qüvvələrinin qarşılıqlı əməkdaşlığını təkmilləşdirməkdir. Təlimlər həm Belarus, həm də Rusiya ərazisində, eyni zamanda, Baltik və Barens dənizlərinin akvatoriyalarında həyata keçiriləcək.
Təlimlərdə iştirak edən hərbi qulluqçuların ümumi sayı açıqlanmır. Lakin Litva hərbi kəşfiyyatının məlumatına görə, təxminən, 30 min hərbçi iştirak edəcək. Belarus ərazisində isə 8 min hərbçi, o cümlədən 2 min rus əsgəri yerləşdiriləcək. Belarus Müdafiə Nazirliyinin məlumatına görə, manevrlərin əsas hissəsi Minsk vilayətində keçiriləcək və NATO ölkələri ilə sərhəddən uzaqda olacaq, lakin bəzi təlimlər Polşa və Litva yaxınlığında, yeni möhkəmləndirilmiş müdafiə xətlərinin yerləşdiyi ərazilərdə baş tutacaq.
Təlimlərin ssenarisi açıqlanmır, lakin məlumata görə, “Qərb-2025” çərçivəsində Rusiyanın taktiki nüvə vasitələrinin və yeni orta mənzilli raket sistemi “Oresnik”in istifadəsinin planlaşdırılması simulyasiya ediləcək. Hazırda atışlar nəzərdə tutulmayıb, əsas diqqət qərarların qəbulu və nüvə silahlarının hərəkəti, habelə tətbiqi üzrə ssenarilərin işlənməsinə yönəldilib.
Eyni zamanda, NATO ölkələri də öz hərbi manevrlərini həyata keçirirlər. Baltik regionunda keçirilən TARASSIS təlimlərinə 11 ölkə, o cümlədən Böyük Britaniya, Norveç, eləcə də NATO-ya yeni qoşulan İsveç və Finlandiya qatılır. Polşa və Litva sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə ayrıca hərbi manevrlər aparır. Bu şəraitdə Rusiya və Belarus sərhədləri yaxınlığında, NATO ilə sərhəd ölkələrdə əhəmiyyətli sayda hərbi qüvvə yerləşdirilib, məsələn, yalnız Polşada 30 mindən çox hərbçi mövcuddur.
NATO təlimlərində xüsusi diqqət Suvalk koridorunun müdafiəsinə yönəldilib. Təxminən, 100 kilometr uzunluğunda olan bu torpaq zolağı Polşa-Litva sərhədində, Belarus və Kalininqrad arasında yerləşir və Baltik ölkələrinin digər NATO ölkələri ilə yeganə quru əlaqəsini təmin edir. Potensial münaqişə zamanı bu strategiya əhəmiyyətli rol oynayacaq və buna görə də Polşa və Litva ərazini möhkəmləndirir. Hazırkı şəraitdə Latviya və Litva hava məkanını sərhədlərinin şərq hissəsini, Polşa isə Belarusla sərhədini tamamilə bağlayıb. Polşa Daxili İşlər Naziri Marçin Kerviniski bu addımı “təxribatların qarşısını almaq” məqsədilə olduğunu izah edib.
Eyni zamanda, 10 sentyabr gecəsi Rusiyaya məxsus olduğu iddia edilən dronların Polşanın hava məkanına daxil olması gərginliyi daha da artırıb. NATO aviasiyası dronların bir qismini məhv edib, hadisə region təhlükəsizliyi və alyansın kollektiv müdafiə qabiliyyətini diqqət mərkəzinə çıxarıb. Bu insident, həmçinin NATO-Rusiya qarşıdurması fonunda hər iki tərəfin hərbi mövqelərinin test edildiyini göstərir. ABŞ prezidenti Donald Tramp hadisəni “səhv ola bilər” kimi qiymətləndirsə də, bu yumşaq yanaşma Avropada və ABŞ daxilində müzakirələrə yol açıb. Polşa Xarici İşlər Naziri Radislav Sikorski Moskva ilə dialoqun nəticəsiz olduğunu vurğulayıb.
Analitiklər bildirirlər ki, NATO-Rusiya qarşıdurmasının dərinləşməsi dünya təhlükəsizlik arxitekturasına uzunmüddətli təsir göstərə bilər. Qərb ölkələri müdafiə xərclərini artıraraq kollektiv təhlükəsizlik strategiyasını gücləndirirlər. Bunun isə beynəlxalq hüququn tətbiqinə və güc balansına əsaslanan yeni reallıqların formalaşmasına təsir edəcəyi gözlənilir. Eyni zamanda, lokal münaqişələrin qlobal güclərin qarşıdurma meydanına çevrilmə ehtimalı artır və nəticədə dünya daha çox parçalanmış təhlükəsizlik sistemi və “soyuq müharibə” atmosferi ilə üzləşir.
Səbuhi MƏMMƏDOV
XQ