Strateji tərəfdaşlıq yolunda yeni səhifə

post-img

Daimi məsləhətləşmə mexanizmi Bakı–Vaşinqton dialoqunu institusional səviyyəyə qaldırır

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun baş nümayəndəsi Brenden Hanrahanın Bakıya səfəri bir sıra mühüm irəliləyişlərlə yadda qaldı. ABŞ səfirliyinin yaydığı məlumata əsasən, səfər çərçivəsində B.Hanrahan Vaşinqtonda Donald Tramp və İlham Əliyev tərəfindən imzalanmış ikitərəfli Anlaşma Bəyannaməsinin icrası məqsədilə cari ilin sonunadək hər iki ölkənin təmsilçilərindən ibarət ilk işçi qrupların toplanacağına dair planları elan edib. Eyni zamanda, rəsmi Bakı və Vaşinqton arasında ilk dəfə yaradılacaq Strateji Tərəfdaşlığın əsasını təşkil edəcək Strateji İşçi Qrupunun nizamnamə layihəsi təqdim edilib. Təşəbbüsün məqsədi regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsidir.

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla ABŞ arasında imzalanmış Birgə Bəyannamə rəsmi Bakının regional və qlobal siyasətdə əldə etdiyi mühüm diplomatik qələbəsidir. Sənədin imzalanması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə yanaşı, Vaşinqtonun Cənubi Qafqaz siyasətində prioritetlərinin dəyişdiyini ortaya qoydu. Məsələnin strateji mahiyyəti ondadır ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda tərəfdaş seçimini edərkən diqqəti məhz ölkəmizə yönəldib. Bu, əvvəlki administrasiyaların buraxdığı boşluqları doldurmağa, regionda tarazlığı bərpa etməyə və yanlış yanaşmaları aradan qaldırmağa hesablanmış addımdır. Azərbaycan rəhbərliyinin təklif etdiyi əməkdaşlıq platformaları ABŞ üçün həm iqtisadi, həm siyasi baxımdan cəlbedicidir. Çünki təşəbbüslərin mərkəzində qarşılıqlı fayda prinsipi dayanır. Azərbaycan isə həm enerji resursları, həm də nəqliyyat və logistika imkanları ilə ABŞ-ın regional siyasətində mühüm mərkəzə çevrilib.

Hadisələrin ardıcıllığı da bu kursun təsdiqidir. Azərbaycan Respublikası və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanması münasibətlərin institusional bazasının möhkəmləndirilməsi baxımından mühüm addım idi. Anlaşma Memorandumuna əsasən, Azərbaycan ilə ABŞ arasında Strateji İşçi Qrupu yaradılacaq. Bu təşəbbüs tərəflər arasında əməkdaşlığın praktiki və davamlı mexanizmlər üzərində qurulmasını təmin edən institusional çərçivə rolunu oynayır. İşçi qrup çərçivəsində prioritet sahələr geniş və çoxşaxəlidir. Enerji, ticarət və tranzit kimi regional bağlantılar əhəmiyyət daşıyır, çünki bu sahələr Azərbaycanın nəqliyyat və enerji dəhlizlərində oynadığı rolu daha da möhkəmləndirir, qlobal iqtisadi inteqrasiyaya töhfə verir. Prosesə süni intellekt və rəqəmsal infrastrukturun daxil edilməsi iqtisadi sərmayələrin cəlb olunması, innovasiya potensialının artırılması və rəqəmsal iqtisadiyyatın transformasiyası üçün geniş imkanlar açacaq. Bununla yanaşı, müdafiə, təhlükəsizlik və terrorla mübarizə sahələrinin də prioritetləşdirilməsi regionda sabitliyin təminatına və Azərbaycan ilə ABŞ arasında strateji etimadın möhkəmləndirilməsinə xidmət edir.

Strateji İşçi Qrupu spesifik layihələrin, hər iki tərəf üçün strateji əməkdaşlığın dayanıqlı və çoxşaxəli xarakter almasını təmin edən mexanizmlərin hazırlanmasını nəzərdə tutur. Əlaqəlilik, investisiya və təhlükəsizlik məsələlərinin ön plana çıxarılması bir daha təsdiqləyir ki, Cənubi Qafqaz regionu Birləşmiş Ştatların strateji maraqlarına daxildir. Əvvəllər ABŞ-ın Cənubi Qafqaz siyasətində üçüncü sütun kimi önəm daşıyan siyasi islahatlar mövzusu yeni strateji çərçivədə artıq ön plana çıxarılmayıb. Bu, Tramp administrasiyasının ideoloji məsələlərdən çox, konkret geostrateji və iqtisadi əməkdaşlığa üstünlük verdiyini açıq şəkildə göstərir. Belə yanaşma, ABŞ-ın regiondakı prioritetlərinin daha praktik və nəticəyönümlü olduğunu vurğulayır, tərəflərin əməkdaşlığının real layihələr, iqtisadi təşəbbüslər üzərində qurulmasına imkan verir. Yeni Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması isə Azərbaycan və ABŞ arasında uzunmüddətli əməkdaşlığın yol xəritəsini müəyyən edəcək. Sənəd çərçivəsində yaradılacaq daimi məsləhətləşmə mexanizmləri Bakı və Vaşinqton arasında dialoqu institusional səviyyəyə qaldıracaq. Belə mexanizmlər müzakirələrin sistemli aparılmasını, strateji qərarların vaxtında və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edir. Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun baş nümayəndəsinin Azərbaycana səfəri məhz bu praktiki addımların icrası ilə bağlıdır. Artıq nəzərdə tutulan tədbirlərin və razılaşmaların həyata keçirilməsi istiqamətində konkret addımlar atılır.

Sonda bir daha vurğulayaq ki, ABŞ–Azərbaycan münasibətləri yeni mərhələdə güclü və davamlı təməl üzərində inkişaf edir. Hər iki tərəf qarşılıqlı fayda prinsiplərinə əsaslanan tərəfdaşlığın əhəmiyyətini dərk edir və bu əməkdaşlığın heç də formal xarakter daşımadığını anlayır. İkitərəfli sağlam dialoq əlaqələrin inkişafının praktik layihələrlə müşayiət olunduğunu göstərir. Regionda ABŞ–Azərbaycan tərəfdaşlığının belə möhkəm və davamlı şəkildə qurulması həm də Cənubi Qafqazın sabitliyini təmin edən mühüm amil kimi çıxış edir.

Mətin MƏMMƏDLİ,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi

Azərbaycan Prezidentinin avqustun 8-də Vaşinqtona səfəri və həmin səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə keçirilən görüşdə bir sıra vacib razılaşmalar əldə olunub. Bu razılaşmalardan biri də Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə xüsusi Strateji İşçi Qrupunun yaradılmasıdır. Sözügedən işçi qrupunun qarşıdakı 6 ay ərzində xartiyanın mətnini hazırlaması nəzərdə tutulur. Bu baxımdan, Dövlət Departamenti nümayəndəsinin Azərbaycana səfəri tamamilə gözlənilən idi və düşünürəm ki, bu səfərin əsas məqsədi məhz həmin vacib sənədin hazırlanması ilə bağlıdır. Hesab edirəm ki, bu səfəri həm də Vaşinqton görüşündən sonra iki ölkə arasında münasibətlərin inkişafını təsdiqləyən addımlardan biri kimi qiymətləndirmək olar. Bildiyiniz kimi, həmin görüşdə iki ölkə arasında münasibətlərin prioritet istiqamətləri müəyyənləşdirilib. Bu istiqamətlər gələcəkdə imzalanacaq xartiyada da əksini tapacaq. Strateji tərəfdaşlığın əsas prioritet sahələri kimi iqtisadi-ticarət əlaqələri, logistika, enerji əməkdaşlığı, sərmayələr, süni intellekt və rəqəmsal infrastruktur, habelə müdafiə, təhlükəsizlik və terrorla mübarizə göstərilir. Fikrimcə, yaxın perspektivdə məhz bu istiqamətlərdə münasibətlərin daha da dərinləşəcəyini gözləmək olar.

Bundan əlavə, Dövlət Departamenti nümayəndəsinin Azərbaycana səfəri, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfəri və orada keçirdiyi mühüm görüşlər onu göstərir ki, hər iki ölkə 8 avqust tarixində əldə olunmuş tarixi razılaşmaların həyata keçirilməsində qərarlıdır. Bu səbəbdən də yaxın aylarda Azərbaycan və ABŞ arasında əlaqələrin daha da genişlənəcəyinin şahidi olacağıq.

Nəzrin ELDARQIZI
XQ



Siyasət