İşğalçı ölkədə davam edən ictimai-siyasi proseslər haqqında olan yazılardan birində qeyd etmişdik ki, kotan daşa ilişəndə öküzlər bir-birini günahkar bilirlər. İndi isə vəziyyət xeyli dəyişib. Ermənilər son iki əsrdə “qazandıqları” hər şeyi – “Böyük Ermənistan” mifini də, saxta soyqırımı iddiası ətrafında yaratdıqları məzlum xalq imicini də, işğal etdikləri əraziləri də, dünyanın müxtəlif ölkələrindəki himayədarlarını da itirirlər. Ona görə də bir-birini sıradan çıxarmağa çalışırlar.
Qəribədir ki, bu ölkədəki “klassik” işğalçılar Azərbaycanın beynəlxaq aləmdəki uğurlarına görə məhz Ermənistan rəhbərliyini suçlayırlar. Guya Paşinyan bir az zirək olsaydı, rəsmi Bakı bu qədər siyasi-diplomatik uğura imza ata bilməzdi. Yaxud, iddia səsləndirilir ki, İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun darmadağın edilməsinin səbəbi Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı deyil, Ermənistan rəhbərliyinin əfəlliyidir. Bəli, bu işğalçı ölkədəki köhnə iqtidar nümayəndələri, daha doğrusu ölkənin iqtisadi imkanlarını soyub talamış Qarabağ klanı təmsilçiləri Nikol Paşinyan iqtidarını köhnə snayper tüfəngi ilə hədəfə alıblar. Həmin tüfəngin hədəfi dəqiq vurub-vurmayacağı ikinci məsələdir. Əvvəlcə isə onun atəş açması lazımdır. Regionda gedən proseslər sübut edir ki, indi köhnə tüfənglərin çoxu açılmır.
Son günlər Ermənistan rəhbərliyinə qarşı olan hücumların daha da artmasının əsas səbəbi Nikol Paşinyanın bütün beynəlxalq tədbirlərdən əliboş qayıtmasıdır. “Mediamaks Armenii” xəbər portalı yazır ki, Vardan Oskanyanın fikrincə, Nikol Paşinyan Brüssel görüşündə Ermənistanın maraqlarını müdafiə edə bilməyib və həmin acizliyin nəticəsidir ki, Qarabağ əldən getmək üzrədir. Baş nazir isə Bakı, Moskva, Vaşinqton və Brüssellə danışıqlar prosesində dediklərini bir neçə saatdan sonra, uzağı ertəsi günü dəyişsə də, öz bədxahlarına cavab verərkən sözünün üstündə durur: “Ermənistanın maraqlarını məndən əvvəlki iqtidar qoruya bilməyib, İrəvan 1991-ci ildəki Alma-Ata Sammitində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ondan sonrakı bir neçə beynəlxalq tədbirdə də. Məni satqın adlandıranlar öz keçmişlərinə baxsınlar. Mən Qarabağın qorunması üçün lazım olan bütün addımları atmışam”.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, sülh müqaviləsinin yekun sənədini imzalamaması üçün Nikol Paşinyana mane olmaq lazımdır: “Biz Qarabağın təslim olmasının son mərhələsinə qədəm qoyuruq. İndi Paşinyanı saxlamağın vaxtıdır. Əgər bu, indi edilməsə, onda çox gec olacaq”.
Vardan Oskanyan deyir ki, Brüssel danışıqları regionda vəziyyəti kifayət qədər mürəkkəbləşdirib. Daha doğrusu, Nikol Paşinyanı çıxa bilməyəcəyi tələyə salıblar. Oskanyanın fikrincə, Şarl Mişelin danışıqlardan sonra verdiyi bəyanat sübut edir ki, Qarabağı da Cavaxın (Axalkalaki-İ.M.) taleyi gözləyir. Yəni bir neçə onillikdən sonra Qarabağ da Naxçıvan olacaq. Ona görə də Nikol Paşinyanın belə bir sənədi imzalamağa haqqı yoxdur. Biz indi onun qələm götürən, imza atan əlini saxlamalıyıq.
Doğrudur, bu həyasızlıq və miflərlə yaşamaq xəstəliyi ermənilərin hamısında var. Ancaq görünür ki, Oskanyan daha ağır xəstədir. Hələ Azərbaycanla hansısa məsələnin həllinə nail olmamış Cavax məsələsini ortaya gətirir. Yəni Gürcüstana ərazi iddiası irəli sürür. Ona görə də Paşinyan tərəfdarları ondan soruşurlar ki, məgər Cavaxın gürcülərə verilməsi də Nikol Paşinyanın suçudurmu?
Oskanyanın Paşinyana irad tutduğu başqa bir məsələ isə Qarabağ ermənilərinin hüquqlarının qorunması “problemi”dir. Guya, hansısa sənəd imzalanacağı halda Qarabağda yaşayan ermənilərin hüquqları pozulacaq. Bu xəstə təxəyyüllü adam unudur ki, bizim torpaqlarımızda dövlət yaratmış ermənilərin barbarlığı nəticəsində oradan didərgin salınmış yüz minlərlə azərbaycanlının bütün hüquqlarının pozulmasına baxmayaraq, Azərbaycan rəhbərliyi Qarabağda yaşayan bütün ermənilərin ölkənin digər sakinləri ilə eyni hüquqa malik olacağını az qala dünyanın bütün tribunalarından səsləndirib. Yəni biz erməni deyilik ki, öz vətəndaşımıza qarşı vəhşilik törədək.
Bir sözlə, Azərbaycanın istənilən siyasi-diplomatik uğuru işğalçı ölkədə təbii fəlakət təsiri yaradır. Müstəqilliyimizin kövrək, iqtisadiyyatımızın zəif, ordumuzun maddi-texniki təchizatının namünasib olduğu illərdə torpaqlarımızda at oynadanlar indi “dəmir yumruğ”un təsirini hər an hiss edir və köhnə günlərini qaytarmağa çalışırlar. Hətta, hansısa müharibədə kiminsə məğlub olacağı, hansısa seçkilərdə kimlərinsə uduzacağı xülyaları ilə yaşayırlar. Ancaq artıq elə bir zaman yetişib ki, şər qüvvələr olsa-olsa, öz aralarında didişə bilərlər. Necə ki, didişirlər.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”