Anklavların Azərbaycana qaytarılması tezləşə bilər

post-img

Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, öz ərazi bütövlüyünü təmin etsə də, ölkəmizə məxsus 8 kənd hələ də Ermənistanın nəzarətində qalmaqdadır. Söhbət Qazaxın 7, Naxçıvanın isə Kərki kəndindən gedir. Bu kəndlər Ermənistandakı Azərbaycan anklavını təşkil edir. İki ildən çoxdur ki, bu anklavların Azərbaycana qaytarılması ilə bağlı müzakirələr getsə də, hələ də bu yöndə konkret addım atılmayıb. 

Maraqlıdır, Ermənistandakı 8 anklavı­mızla bağlı vəziyyət nə yerdədir? Bu kənd­lərin ölkəmizə qaytarılması hansı tarixdə reallaşa bilər?

Hər şeydən öncə, qeyd edək ki, ank­lavların Azərbaycana qaytarılması 2023-cü ildən etibarən daha sıx və ciddi şəkildə mü­zakirə edilməkdədir. Azərbaycanın bu is­tiqamətdə Ermənistana göstərdiyi davamlı təzyiqlər, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti qarşısında ortaya qoyduğu ta­rixi həqiqətlər həmin kəndlərin ölkəmizə qaytarılması üçün mühüm zəmin hazırla­yıb. Proseslərin təhlili göstərir ki, bu gün Ermənistan hakimiyyəti 8 anklavın Azər­baycana qaytarılmasına prinsipcə razıdır. Bunu həm Ermənistan baş naziri Nikol Paşinyanın, həm də digər yetkililərin çıxış­ları aydın şəkildə göstərir. Nümunə üçün qeyd edək ki, 2023-cü ilin 5 may tarixində “Azadlıq” radiosunun erməni redaksiyası­na müsahibə verən Paşinyan 8 kəndi Azər­baycana qaytarmağa hazır olduqlarını açıq şəkildə elan edib. Ancaq, görünür, erməni ictimaiyyətinin qəzəbindən sığortalanmaq üçün elə bu yerdə əlavə şərtlər irəli sürərək deyib: “Bizim də işğal olunmuş kəndləri­miz var və kənd təkcə kənd icra hakimiy­yətinin binası deyil. Azərbaycan Berkaber (Bibiş), Vazaşen (Laləkənd), Ayqeovit, Pa­ravakar kəndlərini qaytarmağa hazırdırmı? Hazırdırsa, bəli, biz də hazırıq. Amma bu­rada başqa bir sual da var: Tutaq ki, Azər­baycan və ya Ermənistan ordusu bu xətdə dayanıb və bu xətdən uzaqlaşmalıdır, biz prinsipcə bununla razılaşırıq, amma uzaq­laşırsa, o zaman harda dayanmalıdır? Bu yer, bu xətt, necə təyin olunur? Deməli, orada sərhəd var və əgər sərhəd varsa, o zaman bu sərhədi götürək və Azərbaycan qoşunları sərhəd xəttinin bu tərəfində, Er­mənistan qoşunları isə sərhəd xəttinin di­gər tərəfində olmasın”.

Müsahibənin gedişində yenidən ank­lavların ölkəmizə qaytarılması məsələsinə toxunan Paşinyan, bu kəndlərin Azərbay­cana məxsusluğunu tanıdığını bildirib. O, qeyd edib ki, “1975-ci ilin xəritələrinə əsasən sərhəd xəttini bütün uzunluğu bo­yunca tanımağa hazır olduğumuzu deyi­rik”.

Göründüyü kimi, Paşinyan 8 kəndin Azərbaycana qaytarılması qarşılığında yeni ərazilər tələb etsə də, əslində, bu açıq­lama həmin kəndlərin geri qaytarılması­nın vacibliyinin İrəvan tərəfindən də dərk edildiyini göstərir. Şübhəsiz, bu məsələdə Azərbaycan diplomatiyasının uğuru ilə ya­naşı, ordumuzun 44 günlük Vətən mühari­bəsindəki tarixi Qələbəsi və ondan sonrakı dönəmdə təmas xəttində təşəbbüsü əldə saxlamasının önəmi qeyd olunmalıdır. 

Səkkiz kəndin Azərbaycana qaytarıl­masının zəruriliyi Ermənistanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən də etiraf olunmaqdadır. 

Ermənistan milli təhlükəsizlik xidmə­tinin keçmiş rəhbəri Artur Vanetsyan cari ilin 19 aprel tarixində mətbuata verdiyi açıqlamada həmin kəndlərin Azərbayca­na qaytarılacağını təsdiqləyib. Bildirib ki, Paşinyanın 18 aprel 2023-cü il tarixli bə­yanatı da bunu söyləməyə əsas verir. Artur Vanetsyan qeyd edib ki, son vaxtlar Azər­baycan Ordusunun Kərki kəndinə doğru irəliləməsi faktı göstərir ki, rəsmi Bakı sərhədlərin delimitasiya və demarkasiya­sını faktiki olaraq həyata keçirməkdədir: “Bununla yanaşı, Tavuş rayonunun bir sıra kəndlərinə ərazi iddiaları irəli sürülür. Müxalifətin küçə mübarizəsi Azərbaycanla sənədin imzalanması planlarına mane olsa da, hazırkı proseslər sənədin müddəaları­nın imzalanmasa da, həyata keçirildiyini göstərir. Əslində, delimitasiya və demarka­siya sənəd imzalanmadan həyata keçirilir. Bunun bariz nümunəsi kimi Azərbaycanın irəliləməsidir, yəni Dığ (Tex) kəndindəki mövqeləridir”.

Anklavların Azərbaycana qaytarılması ilə bağlı Ermənistan siyasi elitasına daxil olan digər şəxslərin verdiyi açıqlamalar da onu göstərir ki, həmin kəndlər Ermənistan üçün artıq mənəvi-psixoloji baxımdan itiri­lib. Sadəcə, həmin kəndlərin faktiki olaraq ölkəmizə qaytarılması qalıb ki, Azərbay­can bu yöndəki diplomatik fəaliyyəti fa­siləsiz şəkildə davam etdirməkdədir. 

Ermənistanın nəzarəti altında olan 8 kəndin ölkəmizə qaytarılmasının vacibliyi Azərbaycan Respublikasının Xarici İş­lər Nazirliyi tərəfindən mütəmadi şəkildə vurğulanmaqdadır. XİN rəhbəri Ceyhun Bayramov 27 dekabr 2022-ci il tarixli açıqlamasında bu kəndlərin ölkəmizə qay­tarılmasının vacibliyinə toxunaraq deyib: “Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və hə­min kəndlərin qaytarılması həyata keçiril­məlidir”.

XİN-in 29 noyabr 2022-ci il, 25 yanvar 2023-cü il, 14 aprel 2023-cü il tarixli bə­yanatlarında da 8 kəndin Azərbaycana qay­tarılmasının mütləq olduğunu qeyd edilib. 

Bir sözlə, dövlətimizin qətiyyətli mövqeyi, diplomatiyamızın prinsipiallığı fonunda Ermənistan hakimiyyətinin ver­diyi bəyanatlar 8 kəndin Azərbaycana qay­tarılmasının sadəcə zaman məsələsi oldu­ğunu göstərməkdədir. Hadisələrin gedişatı onu söyləməyə əsas verir ki, Erənistanın nəzarətindəki anklavlarımızın Azərbayca­na qaytarılması ən qısa zamanda reallaşa bilər. Tarixin, ədalətin və hüququn tələb etdiyi də məhz budur!

 

Seymur ƏLİYEV

Siyasət