Heydər Əliyev dərsləri

post-img

(əvvəli https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri  https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri  https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri )

“Başa düşmədim, Mazandaran gölü nə deməkdir?” 

İran tərəfi həmişə Xəzər dənizini müxtəlif cür adlandırıb. İrana səfərlərinin birində də Heydər Əlıyev İran Prezidenti Məhəmməd Xatəminin Xəzəri qondarma adla adlandırmasına kəskin etirazını bil­dirdi: 

Heydər Əliyev: Mən bu gün İrana rəsmi səfərə gəlmişəm. Bu, mənim İra­na əvvəlki səfərlərimdən çox fərqlidir. Bu rəsmi səfər zamanı biz bir çox məsələləri müzakirə edəcək, dövlətlərimiz arasında əməkdaşlığa dair bir sıra sənədlər imza­layacağıq ki, bunun da böyük əhəmiyyəti var. 

Məhəmməd Xatəmi: Xəzər dənizi qapalı göl sayılır və Xəzəryanı beş ölkəyə aiddir. Xəzərdən istifadə bu ölkələr ara­sındakı razılıq əsasında həyata keçiril­məlidir. Biz hamımız, yəni beş ölkə belə hesab edirik ki, Xəzər dənizi bu beş ölkəyə aiddir. Digər məsələlər – ekologi­ya, gəmiçilik, balıqçılıq və sair məsələlər sahəsində qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq olmalıdır. Sözsüz ki, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin istifadəsinə dair üsullar dəyişib­dir. Ona görə də bu sahədə əməkdaşlığa yeni bir baxış meydana gəlibdir. Odur ki, bu məsələ qarşılıqlı anlaşma və sülh yolu ilə həll olunmalıdır. Mazandaran gölü ət­rafında yerləşən ölkələrin dövlət başçı­larının Aşqabadda sammiti keçirildi. Bu, çox əhəmiyyətli bir zirvə görüşü idi.

Heydər Əliyev: Mən başa düşmə­dim, Mazandaran gölü nə deməkdir? 

Məhəmməd Xatəmi: Siz tərəfdə Xəzərə Qəzvin gölü, İranda isə Mazan­daran gölü deyirlər. Amma heç bir tərəf narahat olmasın deyə, onun adını Xəzər dənizi qoyaq. 

Heydər Əliyev: Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını də­yişmək olmaz! 

“Nə oradan, nə o birindən”

Elə həmin tədbirdə fransız jurnalist­lərdən birinin "Siz belə düşünürsünüzmü ki, ümumiyyətlə, Azərbaycanın gələcəyi Amerika Birləşmiş Ştatlarından keçir, yoxsa, Orta Asiya ölkələri ilə əməkdaşlıq­dan?"– sualına Heydər Əliyev belə cavab verdi:

– Nə oradan, nə o birindən. Azərbay­canın gələcəyi onun dövlət müstəqilliyin­dən keçir. Siz bilirsiniz ki, mən Azərbay­canın həyatında çox işlər görmüşəm və keçmişdə Sovetlər İttifaqı dövlətinin baş­çılarından biri olmuşam. Həyat təcrübəm və gördüklərim, bildiklərim məndə qəti bir fikir yaradıbdır: Azərbaycanın gələcəyi onun dövlət müstəqilliyi və milli azadlığı ilə bağlıdır.

Qərar niyə verilmişdi?

Heydər Əliyev birinci dəfə respubli­kaya rəhbərlik etməyə başlayanda Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul zamanı bəzi qadağalar tətbiq olun­ması barədə qərar vermişdi. Həmin qəra­rın qəbul olunması səbəblərini ulu öndər sonralar belə izah etdi: 

– Sovetlər İttifaqında qanuna hörmə­tin artması prosesi getdikcə, hüquq təh­silinin nüfuzu da yüksəlirdi. Lakin mənfi proses də gedirdi, hər halda Azərbaycan­da belə idi, hüquq fakültəsinə daxil olmaq üçün gözlənilmədən ajiotaj yarandı. Bi­zim universitetdə hüquq fakültəsinə hər il 50 nəfər – rus və Azərbaycan bölmələ­rinin hər birinə 25 nəfər qəbul edirdilər. Müsabiqə çox yüksək idi. Mən maraqlan­dım ki, bu, nə məsələdir. Aydın etdik ki, bu, hüquqşünas işinə olan maraqla deyil, sadəcə olaraq, milisdə, prokurorluqda, məhkəmələrdə işləmək arzusu ilə izah edilir. 

Sonralar mən gördüm ki, müsa­biqə böyük olduğuna görə oraya ən çox hüquq-mühafizə orqanları işçilərinin və rəhbər vəzifəli işçilərin uşaqları daxil olur­lar. Bir il ərzindəki qəbulu təhlil edib ay­dınlaşdırdım ki, oraya bir nəfər də olsun sıravi adam girməyib, yalnız prokurorla­rın, milis rəislərinin, raykom katiblərinin uşaqlarıdır. Mən onda düşünməyə başla­dım ki, belə halda bizdə deformasiya baş verə bilər, bəs həqiqətən yaxşı hüquqşü­nas ola biləcək istedadlı, qabiliyyətli in­sanlar nə etsinlər ki, onların valideynləri raykom katibləri, prokuror, milis rəisləri deyil? Bax, onda mən ixtiyarı öz əlimə alıb yüksək vəzifəli adamların uşaqla­rının Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul edilməsinə qa­dağa qoydum. 

Bu, mənfi münasibət doğurdu. Bura­da, Moskvada bəzi hüquqşünaslar etiraz etməyə başladılar. Mərhum Yuri Vladimi­roviç Andropov bir dəfə mənə zəng etdi. Həmin dövrdə o, Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi və bizim aramızda çox yaxşı dostluq münasibətləri vardı. O, mənim qərarımın narazılıq doğurduğu­nu bildirdi. Mən "Literaturnaya qazeta"­da dərc olunmuş müsahibəm haqqında onun rəyini soruşdum, dedi: "Əladır". Mən soruşdum: bəs onda nə məsələdir? Cavabında mənə dedi ki, bəzi hüquqşü­naslar Əliyevin qərarından şikayət etmək niyyətindədirlər, çünki o, insan hüquqları­nı tapdalayır. Mən bu barədə onun fikrini xəbər aldım. Andropov dedi ki, mən düz­gün hərəkət etmişəm və mənim əleyhimə çox da çıxmasınlar deyə, bu məsələni burada yoluna qoymağa söz verdi.

Ancaq deməliyəm ki, sonra, 1987-ci ilin axırında mən istefaya çıxanda – sizin xatirinizdədir, 1988, 1989, 1990-cı illərdə burada, Moskvada mənim əleyhimə bö­yük təqib başlamışdı, müxtəlif qəzetlərdə məni gözdən salan, başdan-başa iftira­larla dolu yazılar dərc edilirdi, məni öz­başınalıqda və sairədə günahlandırmaq üçün bu faktdan da istifadə edildi. Ancaq hesab edirəm ki, mən o zaman düzgün hərəkət etmişdim və keçmişdə qəbul et­diyim heç bir qərardan imtina etmirəm.

 

Təqdim etdi:
Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat