Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə aztəminatlı ailələrdən, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, sağlamlıq imkanları məhdud, qazi övladı və çoxuşaqlı ailələrin uşaqlarına Bilik günü ərəfəsində məktəbli geyimləri və dərs ləvazimatlarının təqdim olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət uşaq siyasəti nəticəsində cəmiyyətin bütün təbəqələrindən olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada da bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov vurğulayıb ki, uşaqların rifahı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onların hüquqlarının qorunması, təhsili, sağlamlığı və sosial müdafiəsi ilə bağlı əhəmiyyətli tədbirlər reallaşdırılır. Bu gün keçirilən tədbir də həmin fəaliyyətlərin mühüm tərkib hissəsidir.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub. Bu təşəbbüs uşaqlar və valideynlər tərəfindən sevinclə qarşılanıb. Onlar göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, muxtar respublikanın digər rayonlarında da analoji tədbirlər keçirilib və ümumilikdə, 132 nəfər xüsusi kateqoriyadan olan uşağa məktəbli geyimləri və dərs ləvazimatları, 348 uşağa isə maddi yardım verilib.
Səbuhi HƏSƏNOV