Ermənistanı Nepala çevirmək cəhdi

post-img

Serj Sarkisyan yenə sərsəmləyib

Ermənistanın üçüncü prezidenti, Xocalı cəlladı Serj Sarkisyan yenə sərsəmləyib. O, ölkənin daxili ictimai rəyinə hesablanmış fikir bildirib və ilk baxışdan məsələnin üzərində dayanmağa ehtiyac yoxdur. Amma Serjikin nə dediklərinə diqqət yetirməyimizin səbəbi var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının Prezident İlham Əliyevdən bu il avqustun 27-də götürdüyü müsahibədə suallardan biri Ermənistanda daxili siyasi dəyişikliyin baş verəcəyi təqdirdə, bunun Bakı-İrəvan sülh prosesinə xələl gətirib-gətirməyəcəyi ilə bağlı idi. Dövlətimizin başçısının suala cavabı belə olmuşdu: “Bunu söyləmək çətindir, yalnız ehtimal edə bilərəm. Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək”.

Prezident İlham Əliyev onu da bildirmişdi ki, güclü xarici müdaxilə olarsa, sülh razılaşması pozula bilər. Amma dövlətimizin başçısı bunun Ermənistanın özü üçün çox zərərli olacağını da vurğulamış və əlavə etmişdi ki, Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb: “Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.

Prezident İlham Əliyevin bu fikirlərini təsadüfən qabartmadıq. Məsələ ondadır ki, məhz S.Sarkisyan kimilər Ermənistanın Azərbaycanla sülh yolunu kəsmək iddiasını daşıyan potensial qüvvə hesab edilirlər. Özü də Serjik mövcud “ampluada” tək deyil. Onun Ermənistanın ikinci prezidenti Robert Koçaryan kimi “klandaşı” var. Bu məxluqların ikisinin də bağlı olduqları eyni mərkəzə gəlincə, gözlər önündə Rusiya canlanır.

Əslində, S.Sarkisyan haqqında söz açacağımız fikirlərini dilə gətirərkən, ümumən ölkəsində siyasi fəaliyyətlə məşğul olarkən, məhz Şimalın direktivlərini rəhbər tutur. Hərçənd, Moskvanın tam şəkildə Koçaryan-Sarkisyan ikilisi üzərinə siyasi sərmayə yatırdığını söyləmək mümkün deyil. Çünki onların heç birinin erməni xalqı içərisində nüfuzu yoxdur. Nəinki yoxdur, sıravi ermənilər ikiliyə nifrət bəsləyirlər.

Əlqərəz, iqtidarda olduğu müddətdə erməni xalqının yalnız hiddət və qəzəbini qazanmış, tutduğu prezident postundan biabırçı şəkildə uzaqlaşdırılmış S.Sarkisyan jurnalistlərə açıqlamasında bildirib ki, “hakimiyyətin dəyişdirilməsi məsələsi həmişə bizim gündəmimizdə olub və qalmaqdadır. Bunun üçün ən doğru və optimal variant baş nazirə etimadsızlıq ifadə etməkdir”.

Göründüyü kimi, Serjik hakimiyyətə gəlməyin seçki yolunu təsəvvür etmir. Hər halda, bu barədə söz açmır. Çünki xalq içərisində hörmətə malik olmadığının fərqindədir. Üstəlik, Sarkisyan kimi məxluqlar üçün sivil mübarizə metodları istisnadır. Onların təfəkkürləri yalnız dağıdıcılıq, qəddarlıq, qətl və terror üzərinə fokuslanıb ki, fikrimizin sübutu olaraq bir məqama nəzər salacağıq.

Hələlik onu deyək ki, 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Hakim “Vətəndaş sazişi” partiyası həm də prosesə hazırlıq məqsədi ilə bu il sentyabrın 20-də qurultay düzənləyəcək. Yəni qurum öz qüvvələrini təmərküzləşdirməyə çalışacaq. Sarkisyan isə ölkə parlamentini məsxərə obyektinə çevirməklə məşğuldur: “Parlament təkcə danışılan yer deyil, həm də qulaq asılan məkandır, qulağı olan eşidəcək. Üstəlik, parlament dinləmələrində əsasən deputat olmayan, ildə bir-iki dəfə Milli Assambleyanın tribunasından söz demək imkanı əldə edən şəxslər çıxış edirlər”.

S.Sarkisyan açıqlamasında, həmçinin, parlament müxalifətinin baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi məsələsi ilə bağlı dinləmələrə təşəbbüs göstərdiyini xatırladıb. Biz isə xatırladırıq ki, Ermənistanda hakimiyyətə etimadsızlıq məsələsi 2025-ci ildən ortaya atılmış siyasi oyundur. İlk dəfə aprelin 28-də belə bir cəhd olmuşdu. Həmin gün "We Are Awake" (“Biz Oyandıq”) hərəkatının üzvləri fərdi məktublar göndərərək Milli Assambleyada Paşinyana qarşı etimadsızlıq səsləndirmək təşəbbüsünə başlamağı təklif etmişdilər. Lakin cəhd uğursuz alınnmışdı.

Hakimiyyətə etimadsızlıqla bağlı ikinci cəhd mayın 2-də qeydə alınmışdı və Sarkisyanın haqqında söz açdığı da elə budur. Həmin gün parlamentin “Ermənistan” fraksiyasının üzvləri bəyan etmişdilər ki, Paşinyanın impiçmenti prosedurunu başlatmaq üçün fraksiya üzvləri öz imzalarını verməyə hazırdırlar. Məqsəd ümumilikdə minimum 36 deputat imzasını toplamaq idi ki, buna nail olunmadı. Nəhayət, mayın 9-da Ermənistanda Birləşmiş Milli Konstitusiya Partiyası (United National Constitutional Party) deyilən siyasi qurum da baş nazir Paşinyana qarşı impiçment təşəbbüsünü irəli sürmüşdü ki, bu məsələ də hazırda it-bata düşmüş durumdadır.

Bəli, Ermənistanda hakimiyyətə qarşı etimadsızlıq kampaniyalarının heç biri nəticə vermir. Yəni S.Sarkisyan mənasız şeylərdən danışır. Əslində, onun ölkə parlamentini məsxərə predmetinə çevirməsi də təsdiqləyir ki, Serjik özü də barəsində söz açdığı məsələnin ciddiliyinə inanmır, yalnız danışmaq xatirinə danışır. Onun Fransada baş nazirin dəyişməsindən söz açması da uğursuz müqayisədir. Çünki Fransada prezident Emmanuel Makronun hakimiyyətdə olduğu müddət ərzində beşinci dəfə baş nazir dəyişməsi dövlət başçısının idarəçilikdəki uğursuzluğunu pərdələmək və xalqda özünə qarşı yaranmış qəzəbi yumşaltmaqdan irəli gəlir. Makron, obrazlı desək, baş nazirləri günah keçiləri kimi əldən verir.

Sonda bildirək ki, S.Sarkisyanın demək istədiyi başqadır. Əvvəldə bu məxluqun təfəkkürünün yalnız dağıdıcılığa, terrora və qətllərə kökləndiyini vurğulamışdıq. O, məhz bu xislətini Nepalda bir neçə gün əvvəl reallaşmış dövlət çevrilişinə nəzərən işə salır. “Dünyada iki böyük hadisə baş verdi — Nepalda və Fransada. Xalqın etimadını itirmiş hökuməti “uzaqlaşdırmağın” və ya impiçment elan etməyin iki yolu var. Bir yol Nepalda olduğu kimi zorakılıq və qətllər vasitəsilə, digər yol isə Fransada olduğu kimi parlament vasitəsilə. Bəs biz xalqımıza nə təklif edə bilərik?”, - deyə ritorik sual səsləndirən Sarkisyan nəyi təklif etdiyini açıqlamır. Göründüyü kimi, o, yalnız təhrik yolu tutur.

Ən sonda onu da deyək ki, Sarkisyanın daha çox Nepal ssenarisinə ümid bəslədiyi birmənalıdır. Məlum olduğu kimi, sözügedən Asiya ölkəsində kütləvi zorakılıqlar qeydə alındı. O zorakılıqlar ki, Serjik belə bir durumu yaşamağa tam layiq idi və 2018-ci ildə bunun baş verməməsi üçün Tanrıya şükr etməlidir. Ancaq S.Sarkisyanın hazırda söylədikləri Ermənistanda mövcud hakimiyyətə qarşı qəsd ritorikasının hələ də aktual səciyyə daşıdığının sübutudur.

Qəsdin isə Azərbaycanla sülh prosesinə təsiri birmənalıdır. Əlbəttə, Ermənistanda zorakı yolla hakimiyyət dəyişikliyi baş versə və potensial yenilər İrəvanı Bakı ilə barışdan uzaq tutmağa çalışsalar, durumun böyük ölçüdə ziyanı ancaq Ermənistanın özünə dəyəcək. Prezident İlham Əliyevin də “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində vurğuladığı bu idi: “Yəni, demək istərdim ki, əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət