Türkiyədəki prezident və parlament seçkiləri, gözlənildiyi kimi, böyük coşqu ilə keçdi. Bu seçkilər, eyni zamanda, uca türk millətinin bütün dünyaya demokratiya dərsinə çevrildi – desək, heç bir mübaliğəyə yol vermiş olmarıq. Rəqəmlərə diqqət yetirək, ölkə daxilində seçkilərdə seçici aktivliyi 88,92 faiz, ölkə xaricində isə 52,69 faiz səviyyəsində oldu. Həqiqətən, ortada müstəsna seçki mədəniyyəti var idi və buna nəzərən demək olar ki, prosesdəki nəticədən asılı olmayaraq, qazanan, bütövlükdə, əzəmətli Türkiyə dövlətçiliyidir.
Əlbəttə, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti Ədalət və Kalkınma Partiyasının (AKP) lideri, Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini istəyirdi və arzusunu açıq şəkildə bəyan edirdi. Cənab Ərdoğan və onun başçılıq etdiyi "Cümhur ittifaqı" müxalif "Millət ittifaqı"nın namizədi Kamal Kılıçdaroğlunu səs çoxluğu ilə üstələdi. Türkiyənin hazırkı lideri marafondan qalib ayrıldı. Əlbəttə, qardaş ölkənin seçki sisteminə görə, qalibiyyətin ilk turda rəsmiləşməsi mümkün deyil. Hər halda, elə indidən 14 gündən sonra – mayın 28-də hazırkı nəticənin dəyişməyəcəyini proqnozlaşdırmaq üçün əsaslar var. Yeri gəlmişkən, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlanacaq və 24 may 2023-cü il tarixində başa çatacaq. Türkiyədə prezident seçkilərinin birinci turunun yekun nəticəsi isə mayın 19-da açıqlanacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə xalqının iradəsinin əlahiddə mahiyyətinə söykənərək, ölkənin dövlət başçısına telefon zəngi etdi və təbrik mesajını çatdırdı. Nəzərə alaq ki, bu təbrik həm də Türkiyənin seçki mədəniyyətinə verilən dəyərin ifadəsi idi. Dövlətimizin başçısının telefon zəngi, eyni zamanda, Türkiyə lideri ilə şəxsi dostluq münasibətindən irəli gəlir. Bu dostluqda başlıca məqam isə R.T.Ərdoğanın hakimiyyəti illərində Azərbaycan–Türkiyə münasibətlərindəki qərarlaşmış sarsılmaz qardaşlıq amilidir. K.Kılıçdaroğlu isə Azərbaycanı həyatının projesi kimi təqdim etdiyi Böyük İpək yolu layihəsindən kənarda qoydu. Deməli, Ərdoğanın yaratdığı sistemin varlığı bizim üçün həm də buna görə önəmlidir.
Bu önəm heç də elə anlaşılmamalıdır ki, Azərbaycan özünün xarici siyasətini birbaşa Türkiyə amili üzərində qurur. Ölkəmizin dəqiq müəyyənləşdirilmiş müstəqil dövlətçilik xətti var və bu xətdə tərəfdaşlığa sadiqləri fərqləndirməyi bacarırıq. R.T.Ərdoğanlı Türkiyə "can Azərbaycan" şüarı ilə hər zaman fərqli olub, həmişə sadiqlik göstərib, xalqımızın haqq davasına tərəddüdsüz yanaşıb. Azərbaycana isə, bütövlükdə, Türk dünyasına tərəddüdsüz münasibət bəsləyən Türkiyə dövləti lazımdır.
Ərdoğanın 44 günlük müharibə zamanı digər dövlətlərin savaşa qatılması ehtimalına verdiyi reaksiyadakı qətiyyət hər birimizin yaxşı xatirindədir. Türkiyə lideri həmin qüvvələrə Azərbaycanın davası müstəvisindəki güzəştsizliyini, təxminən, belə ifadə etmişdi: atamızın qardaşı olsa belə, yol vermərik. Təkcə bu ifadə hər şeyi deyir və onu göstərir ki, Türkiyənin hazırkı iqtidarının ölkəmizə münasibətdəki dostluq mesajlarının arxasında həm də gerçək və sarsılmaz tərəfdaşlıq motivi dayanır. Buna görə xalqımız ümidlidir ki, tərəfdaşlığımız cənab Ərdoğanın hakimiyyətdə qalması ilə daha da dərinləşəcək və iki dövlət olan tək millətin maraq və mənafelərinin qlobal miqyasda təmin olunmasında hər zamankı həllediciliyini qoruyacaqdır. Deməli, Prezident İlham Əliyevin gecə saatlarındakı telefon zəngi və təbriki dostluqla yanaşı, həm də tərəfdaşlığa sədaqətin nümunəsi kimi qiymətləndirilməlidir.
***
Türkiyədəki prezident və parlament seçkiləri dünyanın böyük diqqət mərkəzində idi. Bu diqqət baxımından ABŞ Prezidenti Co Baydenin sosial şəbəkə paylaşımına nəzərə salaq. Baydenin fikri bu idi: kimin qazanmasından asılı olmayaraq, dünyanın o tərəfi problemlidir. Xatırladaq ki, Birləşmiş Ştatlar Prezidentinin, hakimiyyətə gələr-gəlməz, Ərdoğanın seçki ilə devriləcəyi mesajı var. Deməli, Baydenin qəzəbli tviti Vaşinqtonun Türkiyə planlarının pozulduğunu göstərməkdədir. Bəli, Türkiyə Birləşmiş Ştatlar üçün problem olub. Çox güman, Prezident Bayden tviti ilə bu problemin növbəti illərdə də qalacağını vurğulamaqdadır.
Ağ ev lideri seçkinin hansı nəticələr doğurduğunu – Ərdoğanın uğurunu gördü. Ərdoğan qalibdirsə, deməli, Ankaraya münasibətdəki ənənəvi inkarçılıq və izolyasiya xətti davam etdiriləcəkdir. Düşünək görək, ötən illərdə ABŞ mövcud istiqamətdə nələr etdi. Bu mənada devalvasiya dalğasından tutmuş, Türkiyə iqtisadiyyatının çökdürülməsi yönümündəki ən müxtəlif tədbirlərədək bir sıra məqamları vurğulamaq mümkündür. Ancaq alınmadı. Türkiyə ayaqdadır, özü də dimdik.
***
Bəli, Qərbin müxtəlif beyin mərkəzlərinin, sosioloji qurumlarının seçkilərlə bağlı proqnozları da alt-üst oldu. Axı onların apardıqları rəy sorğularının nəticələrində “Millət ittifaqı”nın lideri K.Kılıçdaroğlu böyük səs fərqi ilə qalib idi. Belə nəticəyə gəlmək olar ki, Qərb institutları bu cür gedişlərlə xalqın iradəsinə təsir göstərməyə çalışırdılar. Maraqlıdır ki, onların baş vurduqları metodları iddiaçı müxalif kəsim də təkrarladı. Səslərin heç 30 faizi sayılmamış bir durumda, “Millət ittifaqı”nın tərəfdarları olan yüksək ranqlı şəxslər açıqlamalar verərək, özlərini qalib saydılar. Bununla da Türkiyədəki seçki ənənəsinə də şübhə ilə yanaşmaq əzmlərini ortaya qoydular. Əlbəttə, xalqın iradəsi qarşısında geri çəkilmək məcburiyyətində qalıb başlatdıqları xoşagəlməz ritorikanı durduraraq, seçkinin müqəddəsliyinə köklənməyi də yaddan çıxarmadılar.
Ancaq belə təəssürat yarandı ki, nəticələr fərqli olacağı təqdirdə, seçkiləri tanımayacaqlar. Bu, olduqca qorxunc tendensiyadır və hiss olunur ki, bu cür yanaşma ənənəvi Qərb inqilabçılığı texnologiyalarından qaynaqlanmaqdadır. Yaxın keçmişə nəzər salsaq görərik ki, Qərb dairələri analoji yanaşmalarla dünyanın müxtəlif bölgələrində dəyişikliklər etmiş, bu dəyişiklikləri demokratiyanın təntənəsi kimi qiymətləndirmişdilər. Sual olunur: Demokratiya adı altında pafoslu təqdimatlar inqilabların baş verdiyi ölkələrə rahatlıq və firavanlıq gətiribmi? Əsla yox! Hesab edirik ki, Türkiyə cəmiyyəti seçim zamanı həm də bu məqama diqqət yetirdi.
Qərbin ənənəvi seçki texnologiyalarının və inqilab ritorikasının vacib seqmentini sosial şəbəkələr təşkil etməkdədir. Seçkidən öncə Ərdoğan sosial şəbəkələrin Türkiyə seqmentinin, bir növ, arzuolunmaz şəxsinə çevrilmişdi. Onun daxili və xarici siyasətinin tənqidi ilə bağlı ən müxtəlif fikirlər dövriyyəyə gətirilir, beləcə xalqın iradəsinə təsir göstərilməsi xətti yürüdülürdü. Amma nəticələr göstərdi ki, sosial şəbəkələrdə yaradılmış ab-hava gerçək nəticələri əks etdirmir. Hərçənd, demək olmaz ki, bu seqmentin ictimai rəyə təsiri yoxdur. Var və onu da düşünək ki, Ərdoğanın səsçoxluğu həm də belə meyillərə rəğmən qeydə alındı. Yəni, seçkiyə Qərb institutlarının müdaxiləsi olmasaydı, böyük ehtimalla Türkiyənin hazırkı dövlət başçısının mövqeyi daha möhkəm olacaqdı.
Türkiyə xalqı ölkə iqtidarının gördüyü işləri, insanların problemlərinə həssas yanamasını yüksək qiymətləndirir. 14 may seçkiləri bunu bir daha ortaya qoydu. Diqqətçəkən məqamlardan biri də R.T.Ərdoğanın “əsrin faciəsi” kimi qiymətləndirilmiş zəlzələ bölgəsində mütləq üstünlük əldə etməsi idi. Halbuki, Qərb texnoloqları oyunlarını həm də zəlzələ faktoru üzərində qururdular. Onlar, insanların çətin olan durumlarına, məhrumiyyətlərinə siyasi sərmayə yatırmaqla, ayrı-ayrı fraqmentləri yada salmaqla, yayımlamaqla, fəlakətlə üzləşmiş əhalinin hisslərinə təsir göstərmək yolu tuturdular. Lakin alınmadı.
Xalq bütün oyunları pozdu. Həm də ona görə pozdu ki, zəlzələnin gətirdiyi çətin duruma baxmayaraq, ölkənin indiki hakimiyyətinin problemlərin həllinə ciddi önəm verdiyi, səmimiyyət nümayişi aşkardır. Zəlzələ günlərində Türkiyəyə kömək hər nə qədər insanlıq işi kimi qiymətləndirilsə də, yardım axınında məhz Ərdoğan faktorunun vacibliyi əsas götürülməlidir. Bunu xalq gözəl dərk etdi.
Bəli, Türkiyədəki seçkilər, yüksək beynəlxalq dəstəyə və bu dəstəyin manipulyativ texnologiyalarına nəzərən, əsas iddialı müxalif kəsim üçün tam bir fiasko sayılmalıdır. Fiaskonu şərtləndirən amillər sırasında, ilk növbədə, kənar güclərə arxalanmağın cəmiyyət tərəfindən qəbuledilməzliyi vurğulanmalıdır. Hesab edirik ki, belə bir şəraitdə əks düşərgədəkilər texniki sayılacaq məsələlərdə də lap əvvəldən düzgün addım atmadılar. Onlar özləri formalaşdırdıqları anti-Ərdoğan ritorikası fonunda ortaya böyük ölkənin zəif siyasi fiqurunu çıxartdılar. Halbuki gözlənilirdi ki, vahid namizəd K.Kılıçdaroğlu deyil, İstanbulda bələdiyyə seçkilərinin qalibi olmuş Əkrəm İmamoğlu olacaqdır.
Əslində, üç həftə əvvələdək, K.Kılıçdaroğlunun şansları son günlərdəkindən daha çox idi. Yəni, onun indiki səs fərqini azaltması mümkün görünürdü. Lakin “Millət ittifaqı”nın namizədinin xarici siyasət müstəvisindəki fikirləri onun bu istiqamətdəki tam piyadalığını göstərdi. Hər şey həmin vaxtadək ölkənin daxili problemlərinə fokuslanıb Ərdoğanı tənqiddən dividend qazanan Kılıçdaroğlunun, beynəlxalq miqyasda nələri edəcəyini açıqlayanda ortaya çıxdı. Haqqında əvvəldə də söz açdığımız Azərbaycan faktorunun önəmini məhz bu zaman gördük. Məlum oldu ki, bu faktor Türkiyə cəmiyyətində dostluq və qardaşlıq köklənişi ilə yanaşı, həm də qlobal əhəmiyyət daşımaqdadır.
***
44 günlük müharibənin nəticələrinə əsasən, Türkiyə Cənubi Qafqaza nüfuz baxımından əhəmiyyətli status qazandı. Həmin vaxtadək bölgənin Rusiyanın daxili orbiti sayılması reallığını nəzərə alsaq, bu status Ankaranın son yüz ildən də artıq bir zaman kəsiyində qazandığı müstəsna uğur sayılmalıdır. Həm mövcud anlamda, həm də Azərbaycanın zəlzələ ilə bağlı həssas yanaşması ortada olarkən, dövlətimizin başçısının Kahramanmaraşda şəhər salmaq vədi də varkən, Kılıçdaroğlunun ölkəmizi həyatının projesindən kənarda saxlaması, Türkiyə insanında, bir növ, soyuq duş effekti yaratdı. Ərdoğan iqtidarı isə bundan istifadə etməli idi və etdi də.
Türkiyənin indiki hakimiyyəti Kılıçdaroğlunun Azərbaycanı, necə deyərlər, kənarda qoyması müstəvisində, bütövlükdə, dünya siyasətinin konturlarına yükləndi, “Millət ittifaqı” namizədinin Qərb imperializmi ilə əlbirliyi xüsusunda ağlabatan artqumentləri dövriyyəyə gətirdi. Nəticədə K.Kılıçdaroğlunun ümumən, türk dünyasının birliyinə təhdid yarada bilməsinə dair diskussiyalar aktivləşdi. Beləliklə, AKP hakimiyyətinin ötən iyirmi ildə daxili siyasətdə qazandığı nəhəng uğurların kontekstində, düşüncələrə Ərdoğanın xarici siyasət baxımından Kılıçdaroğludan dəfələrlə üstünlüyü hakim kəsilməyə başlandı.
***
Ərdoğanın və onun təmsil etdiyi cinahın uğurunu şərtləndirən faktorlardan biri də terrordur. Seçkilər göstərdi ki, Türkiyə cəmiyyəti terror məsələsinə münasibətdə həssasdır. Həssasiyyəti iki cəhətdən dəyərləndirmək mümkündür. Birincisi, K.Kılıçdaroğlunun PKK ilə işbirliyi, ikincisi, PKK-nın Türkiyə dövlətçiliyinin hazırkı düzəninə, ölkənin ərazi bütövlüyü və suverenliyinə təhlükəsi. Diqqət yetirək, Ərdoğan iqtidarı, belə demək mümkünsə, xarici seçkilərdə də mütləq qalibdir. Bu isə o deməkdir ki, əsasən də Avropada yaşayan Türkiyə vətəndaşları qitə ölkələrinin PKK ilə işbirliyini dərk edirlər. Onlar seçkidə həm də bu qorxunc təmayülə qarşı birləşdilər. Bu dərketmənin fonunda Kılıçdaroğlu uğur qazanmamalı idi və qazanmadı da.
***
Kılıçdaroğlunun geriliyini, əksinə, Ərdoğanın uğurunu şərtləndirən daha bir cəhət erməni məsələsidir. Bəli, bu gün Türkiyə iqtidarının da İrəvana yönələn müəyyən jestləri var. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Milli Assambleyasının spikeri Alen Simonyanın Ankaraya səfərlərini vurğulamaq mümkündür. Lakin görünən budur ki, Ərdoğan hakimiyyəti İrəvanla münasibətlərə ehtiyatlı yanaşma ortaya qoymaqdadır. Yanaşma daha çox Ermənistanı, ümumən, Cənubi Qafqazdakı gərginlik faktoru olmaqdan çıxarmağa və ölkənin sırf coğrafi əhəmiyyətini nəzərə alaraq, onunla işbirliyinin qurulması məntiqinə söykənir. Necə deyərlər, itlə dostluq et, çomağını yerə qoyma. Lakin burada da Azərbaycan məsələsi aktualdır. Yəni, bu gün Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasının dinamikasını müəyyənləşdirən başlıca xüsusiyyət Azərbaycan-Ermənistan əlaqələridir.
Bəli, Ankara 44 günlük müharibə zamanı tutduğu mövqeyə sadiqlik ruhundadır. Bu ruh isə bütövlükdə, Türkiyə istimaiyyətinin erməni məsələsinə münasibətindəki həssasiyyat payına əsaslanmaqdadır. Nəzərə alaq ki, o ictimaiyyət tarixdə baş verənləri gözəl bilir. Dərk edir ki, indiki məqamda Ermənistana geniş qucaq açmaq həm də Türkiyənin bölünməsinə yönələn təşəbbüslərə açıq dəstək göstərməkdir. Bu baxımdan Kılıçdaroğlunun ortaya qoyduğu xətt yolverilməzdir. Diqqət yetirək, müxalif namizədin erməni məsələsi müstəvisindəki həssaslığı meydana çıxandan, onun reytinqində eniş başlandı. Yəni, Kılıçdaroğlu səsini həm də buna görə itirdi.
***
Bir daha vurğulayaq ki, mayın 14-də Türkiyədə keçirilmiş prezident və parlament seçkiləri ölkə demokratizminin təntənəsidir. Bu təntənə Ərdoğanın başçılıq etdiyi “Cümhur ittifaqı”nın ölkə parlamentində də üstünlüyə yiyələnməsi deməkdir. Əgər Türkiyənin hazırkı prezidenti ilə rəqibi arasındakı səs faiz nisbəti 49,51-in 44,88-ə bərabərdirsə, Böyük Millət Məclisindəki üstünlük baxımından “Cümhur ittifaqı” “Millət ittifaqı”nı daha çox qabaqlamaqdadır. Təxminən, 50 faizə qarşılıq 35 faiz. Yəni, birincinin 320-dən çox millət vəkili postuna ikincinin 215-dək millət vəkili postu.
Sonda bir daha qeyd edək ki, Türkiyədə mayın 28-də növbəti seçki, daha doğrusu, seçkilərin ikinci turu keçiriləcəkdir. Bu dəfə üç yox, cəmi iki namizəd – Rəcəb Tayyib Ərdoğanla Kamal Kılıçdaroğlu dövlət başçısı adı uğrunda yarışacaqlar. Təcrübə göstərir ki, seçkilərin ikinci turunda ilk turda üstün olan qüvvə uduzmur. Bu baxımdan, cənab Ərdoğanın da uğurunu yekun qələbəyə çevirəcəyi şəksiz görünməkdədir. Nəzərə alsaq ki, Qərb dairələrinin total anti-Ərdoğan ritorikası birinci turda iflasa uğradı, ikinci turdakı mənzərənin hakim komanda üçün daha aydın olacağı və onun nəticə çıxarmaq üçün düzgün addımlar atacağı şübhəsizdir. Hər bir halda seçim uca türk millətinindir.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”