“...Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar (yəni Ermənistan və ermənilər -red.) yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada ADA Universitetinin təşkilatçılığı ilə keçirilmiş, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusundakı dördüncü beynəlxalq konfransda bildirdi.
Dövlətimizin başçısı həmin konfransda diqqəti Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinə, sülhün əldə edilməsi perspektivlərinə, ümumən, iki ölkə arasındakı gərginliyin müxtəlif aspektlərinə yönəltdi. Azərbaycan lideri ayrı-ayrı suallara ətraflı cavablarında, həmçinin Cənubi Qafqaz siyasi akvatoriyasındakı mövcud durumun çərçivələrini mükəmməl şəkildə müəyyənləşdirdi, bütövlükdə, bölgənin gələcəyi ilə bağlı müstəsna əhəmiyyət daşıyan mesajlar verdi. Bəs, bölgənin gələcəyi nədən ibarətdir? Yazımızda həm buna, həm də mövcud kontekstdə Ermənistanın durumuna, ölkəyə etimad məsələlərinə, habelə, erməni faktoru ilə maraqlı olan tərəflərin hazırkı vəziyyətinə, onların seçiminə izahı iki aspektdən verməyə çalışacağıq. Bir başlıca siyasi leytmotivimiz də var – Zəngəzur dəhlizi.
Birinci aspekt
Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusundakı dördüncü beynəlxalq konfransda üzərində dayandığı başlıca məqamlardan biri də Zəngəzur dəhlizi idi. Ölkəmizin lideri bildirdi ki, bu dəhliz “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal–Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Yəni: “Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar. Çünki bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışımız var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur”.
Beləliklə, Ermənistanın nədən imtina etdiyi aşkardır. Masada 40 kilometrdən bir qədər artıq olan ərazi söhbəti var. Yada salaq ki, bununla bağlı müzakirələr 44 günlük müharibədən dərhal sonra başlayıb. Özü də Qərb dairələri bu məsələdə ölkəmizlə, demək olar, tam həmrəydirlər. Çünki artıq neçənci dəfədir Avropanın və dünyanın müxtəlif yerlərindən olan ekspert və jurnalistlər mövzuya əhatəli yer verirlər. Hətta, bu ilin yanvarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində sırf Zəngəzur dəhlizi kontekstindəki sual Ermənistanın baş naziri Nikol Paşinyana da ünvanlanmışdı. Paşinyanın həmin suala reaksiyasını yada salaq. Təxminən belə: həmin ərazi Ermənistanındır, ona dəhliz deməyin.
Əlbəttə, “Zəngəzur dəhlizi” ifadəsini geosiyasi leksikona Azərbaycan Prezidenti gətirib. Buna görə Ermənistanın baş naziri deyimi qıcıqla qarşılayır. Dəhliz məntiqi Nikolda həm də ona görə qıcıq doğurur ki, ölkənin anti-Paşinyançı ictimai rəyi dəhlizi Bakının İrəvana təcavüzü və diktəsi kimi qələmə verir. Əsasən də bu səbəbdən Paşinyan dərhal özünü hücuma kökləyir. Yəni, onun əks reaksiyası daxilə hesablanıb. Daha doğrusu, daxildən gələcək təpkiləri neytrallaşdırmağa.
Ancaq onu da yada salaq ki, Paşinyan ötən müddətdəki açıqlamalarında Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yol məntiqini qabardıb və bunu həmin yolun hər iki tərəfindən sərhəd nəzarət-buraxılış məntəqəsi qurmaqla, reallaşmasına razılığını, müəyyən mənada, ifadə edib də. Yeri gəlmişkən, ölkəmizin böyük hissəsini Naxçıvanla birləşdirəcək yol məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da əksini tapıb və bu, Ermənistanın üzərinə götürdüyü öhdəlik kimi təsbit olunub.
Əsas məsələ haqqında söz açdığımız yolu tərəflərin hansı formada qəbul etməsindədir. Görünən budur ki, ona “Zəngəzur dəhlizi” adı verən Azərbaycan qlobal yanaşmanın tərəfdarıdır. Və o da aydın olur ki, ölkəmiz bu yanaşmanın riskə atılmasını istəmir. Başqa sözlə desək, adi yol deyil, dəhliz məntiqi həm də ona görə vacibdir ki, prosesdə gerçək təminat yaransın. Nəzərə alaq ki, bu gün Ermənistanda hakimiyyətdə olan Paşinyandırsa, sabah daha avantürist biri gələ bilər və yolu bağlamaqla hədələyər.
Bir qədər də aydınlaşdıraq: ölkəmiz 40 kilometrdən artıq olan ərazinin erməni ambisiyaları səbəbindən təhlükəyə məruz qala bilmə ehtimalını önləyir. Axı, keçilmiş yol var. Bakıdan Naxçıvana işləyən qatarlar erməni təxribatçıları tərəfindən daşa basılırdı. Demək ki, təhlükəsizlik vacib məsələdir. Ölkəmiz isə məsələni İrəvanın öhdəliyinə buraxmaq istəmir. Bu, kifayət qədər prinsipial məqamdır. Ona görə Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda diqqətə çatdırdığımız iqtibasda mövzuya kateqorik yanaşır. Deməli, kommunikasiyaların açılmasını istəməyənlər varsa, buyursunlar. Azərbaycan alternativ yoldan da istifadə edə bilər.
Dövlətimizin başçısı konfransdakı çıxışında alternativ yol kimi İranın seçildiyini bildirdi. Tehranla buna dair razılaşmanın olduğunu xatırlatdı. Yəni, söhbət yalnız Naxçıvana quru yolundan gedirsə, prosesi İran ərazisindən gerçəkləşdirmək mümkündür – Zəngilan–İran–Naxçıvan marşrutu. Burada ölkəmizin gözlədiyi daha bir prinsipiallıq var - Zəngəzur dəhlizi deyil, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol məntiqi əsasdırsa, o zaman Naxçıvana nə üçün Ermənistan ərazisindən gedək? İran daha yaxşıdır. Əvvəllər, yəni işğal dövründə Biləsuvardan İrana keçib gedirdiksə və cənub qonşumuzun ərazisində çox məsafə qət edirdiksə, indi bunu Zəngilana çatıb İslam Respublikası daxilində az irəliləməklə reallaşdıra bilərik. Ermənistana ehtiyac qalmaz. Dövlətimizin başçısının da bildirdiyi kimi, ölkəmiz üçün fərqi yoxdur.
Amma Azərbaycan Prezidenti izah edir və eyham vurur ki, vəziyyətin Ermənistana fərqi olmalıdır. Axı, ölkənin fiziki bağlantıları yoxdur. Ən əsası isə: “Çünki bütün geosiyasi vəziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, –dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün, bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”. Deməli, haşiyə çıxa bilərik ki, Vaşinqton prosesi haqqında söz açdığımız mövzunun gündəmə gəlməsi ilə də kompleks səciyyə daşımaqdadır. Ancaq, hələlik, danışıqların daxili mahiyyətini bir kənara qoyuruq...
Mövzumuz baxımından daha böyük nəticə budur ki, hədəf 40 kilometrlik yolun məhz Zəngəzur dəhlizi olaraq özü də Azərbaycanın patronajlığı ilə açılmasıdır. Təbiidir ki, dəhliz üzərindəki hüquqların da ölkəmizə məxsusluğu önəmlidir. Yuxarıda bu önəmi izah etdik. Yəni, Bakı nəhəng layihəni erməni avantürizmindən sığortalayır. Ancaq İrəvanın layihədən qazanmaq imkanlarının üzərindən xətt çəkmir. Azərbaycan dövləti buna təminat verəcəyini hər zaman bəyan edib. Çox güman, lazım gəlsə, mövcud istiqamətdə müvafiq hüquqi mexanizmlər də işlənə bilər. Əlbəttə, Bakı İrəvanın layihədən faydalanacağına təminatçı qismində təsdiqlənməklə. Başqa sözlə desək, biz Ermənistanın nəyəsə qarant durmağına etibar etmirik və haqlıyıq.
İkinci aspekt
Məsələnin ikinci tərəfinə diqqət yetirək. 2018-ci il inqilabından sonra Ermənistanın Rusiya yönümü Qərb yönümü ilə əvəzləndi. Başqa sözlə desək, Qərb İrəvanı Moskvanın əlindən aldı. Həmin prosesdə başlıca rolu Ermənistanın ictimai rəyində anti-Rusiya dalğası oynadı. Yəni, erməni xalqı, sıravi vətəndaşlar gördülər ki, ölkəni himayəyə götürdüyünü göstərən Moskva onların yaşayışları üçün heç nə etmir. Deməli, indi Qərb nə isə etməlidir. Bəs, hansı yolla? Xaricdən qrant axını iləmi?
Ermənistanın təbii sərvəti yoxdursa, prinsip etibarilə bir çıxış yolu qalır ki, o da tranzit ölkəsinə çevrilməkdir. Əlbəttə, o, indi də tranzit əhəmiyyəti daşımaqdadır. Ancaq illər ərzində də belə olub və bu status ermənilərə Rusiya asılılğından qurtarmağa, müstəqil şəkildə yüksək gəlir əldə etməyə imkan yaratmayıb. Nəzərə alaq ki, Ermənistanın turizm potensialını artırmaq üçün də təminatlı maliyyə lazımdır. Bunlar olmadıqda və sülhə gəlməməsi səbəbindən, ən əsası isə Azərbaycan tərəfindən təcrid durumunda qalacağı üçün ölkədə yenidən Rusiya təsirinin üstün mövqeyə yiyələnməsi mümkündür. Qərbdə bunu çox gözəl anlayırlar. Xaricdə onu da yaxşı dərk edirlər ki, Qərbpərəst Paşinyan rejimini saxlamaq üçün, başqa sözlə desək, pul çatdırmaq olmayacaq, onun özünün pul qazanmasına şərait yaranmalıdır. Şərait isə Zəngəzur dəhlizi ideyasının reallaşması ilə yetişməlidir.
Son
Deməli, Zəngəzur dəhlizi ideyasının Azərbaycan tərəfindən prinsipial şəkildə vacibliyini əsaslandırdıq. İndi qalır seçim etmək. Seçimi Ermənistanla yanaşı, Qərb də etməlidir. İrəvan özünün təminatlı gələcəyi üçün, Qərb isə Ermənistanın varlığı naminə. Əlbəttə, bu varlıq onu düşündürürsə. Nəzərə alaq ki, təminatsız Ermənistan, faktiki olaraq, Rusiyanın bölgədəki jandarmeriya meydanı anlamına gələn bir şeydir. Bunun 2018-ci ilə qədərki təcrübəsi var. Belə bir təcrübəyə yenidən qayıdılması kimə sərf edir?
Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”