Barışığı ən çox arzulayan da İrəvandır, sülhdən oddan
qorxan uşaq kimi qaçan da. Amma artıq qaçmağa
yer qalmayıb, qarşıda keçilməz divardır...
“ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər”. Azərbaycan XİN-in məlumatında o da qeyd olunub ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyinə görə ABŞ-a minnətdarlıq ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Yəni, ən azından, ötən əsrdən qalmış münaqişənin iştirakçıları artıq üzbəüz danışa bilirlər. İrəvan isə əvvəlki illərdən fərqli olaraq, özünü sülhə daha maraqlı tərəf kimi aparmaqdadır. Hayastanın baş naziri Nikol Paşinyanın və parlamentin spikeri Alen Simonyanın sülh danışıqları ilə bağlı son açıqlamaları da gözlənilən finişə aparan addım səslərini duyurmaqdadır. Siyasi müşahidəçilərin fikrincə, əgər danışıqların növbəti mərhələsində də şəffaf və səmimi dialoq mühiti saxlanılsa, sülh uzaqda deyil.
Ümidlər və suallar
Hələlik Bayramov–Mirzoyan görüşün-də konkret hansı maddələr üzrə razılığın əldə edildiyi və hansı məsələlərdə mövqelərin fərqli olduğu barədə açıqlama verilməsə də, çərçivə sazişinin mətni gizli saxlanılsa da, sülh istiqamətində ciddi irəliləyişin əldə edildiyi bildirilir. Arlinqtonda 4 gün davam edən “tet-a-tet” təmasların ardından bu nikbinliyi, diplomatik əminliyi ABŞ Dövlət katibi Antoni Blinken bəyan edib. “Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır” – deyən cənab Blinkenin sözlərinə görə, Vaşinqton dialoq təklifinə davam etməkdən məmnundur. ABŞ-ın təşəbbüsü ilə baş tutan və sülh danışıqlarında tərəqqinin əldə olunduğu vurğulanan eyni məzmunlu açıqlamanı Ermənistan XİN də yayıb.
Yenidən dialoqun təşkilatçısına, Blinkenə istinad edirik: “Hər iki tərəf son bir neçə gündə bəzi çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə ediblər. Sülh sazişinin əldə edilməsi təkcə tarixi hadisə deyil, həm də Azərbaycan və Ermənistan xalqlarının maraqlarına cavab verəcək və hətta iki ölkənin hüdudlarından kənarda da çox müsbət nəticələr verəcəkdir”.
Bu işlərin heç də asan başa gəlmədiyini etiraf edən ABŞ-ın baş diplomatı “mövqelərin üst-üstə düşmədiyi çətin məsələlərin” öhdəsindən gəlmək üçün irəliləmək əzmində olduğunu deyib: “Yekun razılaşma əldə oluna bilər və biz buna nail olmağa davam etməkdə qərarlıyıq”.
“Səmərəli danışıqlar real nəticə ilə yekunlaşarsa...”
Etiraf edək ki, çoxdan gözlənilən sülhün əldə olunması ərəfəsində hər iki tərəfdə ictimaiyyətin cavab axtardığı suallar kifayət qədərdir. Hətta Ağ evdə oturanların bölgəmizdəki situasiyanı düzgün anladıqlarına şübhə edənlər də az deyil. Eləcə də, Ermənistan tərəfini birbaşa danışıqlarda nəyin qorxutduğu, Moskvanın İrəvana mümkün təzyiqinin nə ola biləcəyi kimi məqamlar da səhnə arxasında dolaşmaqdadır. Bu və bu kimi suallara Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov aydınlıq gətirməyə çalışır:
“Ağ evin təcrübəsində belə hal olmamışdı. Yəni, yeddigünlük formata hesablanmış ikitərəfli danışıqlarda Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. ABŞ superdövlət kimi müxtəlif güc mərkəzlərinə təsir imkanlarına da malikdir. Elə Rusiya–Ukrayna hərbi qarşudurmasında ştatların rolu çox böyüyüb. Qarabağ məsələsinə gəldikdə isə düşünürəm ki, danışıqların davam etdiriləcəyi barədə verilən mesajlar ona hesablanıb ki, yəqin konkret məqamlar, konkret əlamətlər üzrə heç olmasa, ilkin, çərçivə sənədini imzalamaq mümkün olsun. Əsas məqsəd tərəflərin mövqelərində yaxınlaşmağa nail olmaqdır. Birinci mərhələdə buna qismən nail olan Vaşiqtonun səmərəli danışıqlarda və səmərəli nəticələrdə marağı aşkar hiss edilir. Bu, bizim ortaq istəyimizdir və onun reallaşması çoxillik münaqişəyə son qoyulması deməkdir”. Ağ evin səmərəli danışıqlarla hər iki tərəfə verdiyi ümid real nəticə ilə yekunlaşarsa, bundan daha çox udan İrəvanın olacağı şübhəsizdir.
“ABŞ açdığı nəfəslikdən istifadə etməlidir”
ABŞ-ın buna qədər də Yaxın Şərqdə münaqişə ocaqlarının söndürülməsi, vuruşan tərəfləri barışdırmaq kimi çoxsaylı missiyaları olub və o, müəyyən təcrübəyə də malikdir. Amma indi masa üzərinə Cənubi Qafqazın qovluğu qoyulub. Həmin Cənubi Qafqaz ki, otuz il bundan əvvəl müttəfiq respublikalar kimi SSRİ imperiyasının tərkibində idi və hazırda Rusiyanın birbaşa hərbi-siyasi təsir və nüfuz diapozunundan heç də kənarda deyil. Bəs yuxarıda qeyd etdiyimiz təcrübəsi yeni siyasi müstəvidə Ağ evin karına gələcəkmi, real mexanizmə çevriləcəkmi? Bu barədə israilli siyasi analitik, teleşərhçi Aleksandr Qur-Aryenin “Caliber.az” saytına açıqlaması maraqlıdır: “Vaşinqtonun Yaxın Şərq təcrübəsi nə qədər zəngin və uzunömürlü olsa da, nəticələr göz qabağındadır. Burada Ağ evdə hansı administrasiyanın əyləşməsindən də çox şey asılıdır. Olduqca vacib amildir. Vaxtilə Fələstin anklavında, Qəzza bölgəsində seçkilərlə bağlı yaranan “fəlakəti” unutmamışıq. Onda HƏMAS tam şəffaf, demokratik əsaslarla hakimiyyəti ələ keçirmişdi. Bəli, amerikalıların Şərqə münasibəti çox vaxt realllığa deyil, illüziyalara söykənir. Fəqət cəhdlərə haqq qazandırmaq olar. Amma Qafqaz, xüsusilə, Cənubi Qafqaz fərqlidir. Burada münaqişələrin alovlandırılmasında və onların uzun müddət sönməməsində maraqlı qüvvələr mövcuddur. Açıq danışaq, bizim kontekstdə bu qüvvə Rusiyadır. Ukrayna cəbhəsi Kremlin bölgədəki mövqelərini xeyli sarsıdıb. İndi Rusiyanı bu müstəvidə əvəzləməyə çalışan Fransa amilini də kənara qoymaq olmaz. Bütün bunlara baxmayaraq, ön cinahda oynayan ABŞ-dır və məhz o, Qarabağ münaqişəsinin həllində real imkanlara malikdir. Sadəcə Ağ evin hazırkı administrasiyası açdığı imkanlar nəfəsliyindən maksimum istifadə etməlidir”.
“Qızıl orta” axtarışları arxada qaldı
Bu gün Ermənistanın siyasi kuluarlarından tutmuş yazılı və elektron mediasına qədər müzakirə mövzusu Arlinqton danışıqları və ikitərəfli dialoqun nəticəsi olacaq sülh versiyalarıdır. “Hraparak” qəzeti yazır ki, Arlinqtonda sülh dialoqunun davam etdiyi günlərdə Ermənistanın iqtidar partiyası dua edirdi ki, danışıqların sonunda heç bir sənəd imzalanmasın. “Ona görə ki, İrəvanın hansısa sənədə imza atması ABŞ və Rusiya arasında hərbi-siyasi gərginliyin yeni raundunun başlanmasına, Kremlin kəskin etirazına və çılğın reaksiyaya səbəb ola bilərdi. Moskvanın revanşının fəsadlarını isə Paşinyan ödəməli olacaqdı”. Bu perspektiv hələ qüvvədən düşməyib və Hayastan, nəhayət, anlamalıdır ki, sülh dialoqu üçün alternativ siyasi arenalar, onların düşüncəsinə görə, “qızıl ortalar” axtarmaq limiti artıq tükənib. “Hraparak”ın ehtimalına görə, “İrəvan güman edir ki, iyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin də qatılacağı Avropa Siyasi Birliyinin Sammitində hansısa sənəd imzalana bilər”.
Qəzet bu görüşə nikbin proqnoz verməkdən də çəkinmir. Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası irəli sürməyəcəyini etiraf edən Nikol Paşinyanın indiki mərhələdə daxildən və xaricdən nə kimi təzyiqlərə məruz qaldığını təsəvvür etmək belə çətindir. Kişinyov Sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşünün mümkünlüyü barədə “France Inter” radiostansiyasına danışan Fransanın xarici işlər naziri Ketrin Kolonna qarşıdakı təmasların təfərrüatını açmayıb.
Üç gün əvvəl parlamentdə “hökumət saatı”nda çıxışı zamanı Hayastanın baş naziri iyunun 1-də Kişinyovda Azərbaycanla sülh sazişi imzalanacağı halda yalnız sevinəcəyini demişdi. Düzünə qalsa, elə sonda ən çox sevinən tərəfin məhz Paşinyan iqtidarının olacağı şəksizdir. Çünki sülh onlardan ötrü xilas yoludur.
...Və hayların 10 may əndişəsi
Hayların “Hayeli” saytı yazır ki, 2023-cüil Azərbaycanda “Heydər Əliyev ili” elan edilib və mayın 10-da Heydər Əliyevin 100 illiyi qeyd olunacaq. “Ola bilsin ki, Bakı məhz həmin gün növbəti qələbəsini elan etsin. Bunun nədən ibarət olduğunu demək çətindir, amma istisna edilməməlidir”, – yazan sayt bununla həm də məğlubiyyət xəbərlərinə öyrəşmiş Ermənistan ictimaiyyətinin zəif damarı ilə oynayır.
Bəli, Ermənistan mediasının iddiaları daha çox beynəlxalq ictimaiyyətə hesablanmış təbliğat kimi görünsə də, məqsəd “Azərbaycan Qarabağda etnik təmizləməyə hazırlaşır” kimi absurd iddiaları tirajlamaq, ictimai rəyi bu məcraya yönəltməkdir. Əgər 10 may tarixində nəsə elan edilərsə, bu, böyük ehtimalla, Azərbaycanın diplomatik müstəvidə əldə edəcəyi növbəti qələbəsi ola bilər. Belə xəbərlərə isə iqtidarlı-müxalifətli hay cəmiyyəti çoxdan öyrəşib.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”