Paşinyan Moskvaya nə üçün gedir?

post-img

Ermənistan baş naziri Nikol Paşinyan gələn həftə Moskvaya səfər edəcək. Bununla bağlı məlumatı erməni mediası yayıb. Məlumatda bildirilir ki, Rusiyanın paytaxtına yollanacağını Paşinyan özü, Praqada keçirilmiş “Problemli regionda erməni demokratiyası: təhlükəsizlik və sabitliyə ehtiyaclar” adlı tədbirdə çıxışı zamanı deyib. 

Əslində, ABŞ-da Azərbaycan və Er­mənistan xarici işlər nazirlərinin mayın 1-dən 4-dək davam etmiş sülh danışıq­ları əsnasında belə bir səfəri gözləmək həm mümkün idi, həm də yox. Mümkün deyildi ona görə ki, hər şeyin Vaşinqton­da həll olunduğu fazada, ən azı, indiki mərhələdə Rusiyaya ehtiyac yoxdur. Ni­kolun Moskvaya üz tutacağını ona görə proqnozlaşdırmaq olar, çünki İrəvanın Vaşinqton prosesindən əldə edə bilmə­diyini Kremlin köməyi ilə reallaşdırmağa can atması mümkündür. Tipik erməni xis­ləti. Ancaq söhbət yalnız bundan getmir. 

Azərbaycan və Ermənistan xarici iş­lər nazirlərinin kifayət qədər, gərgin məc­rada keçdiyi bildirilən Arlinqton danışıqla­rında bir sıra irəliləyişlərin əldə olunduğu vurğulanır. İlk baxışdan, belə təəssürat var ki, tərəflər sülh müqaviləsinin bir addımlığındadırlar. Əlbəttə, bəzi vacib məsələlərdə fikir ayrılıqlarının mövcudlu­ğu da diqqətdən yayınmamalıdır. 

O da məlumdur ki, ABŞ-da Azərbay­can və Ermənistan XİN rəhbərlərinin apardıqları danışıqlar dünyanın ictimai rəyində Vaşinqtonun Cənubi Qafqazda sülhyaratma missiyası, yaxud təşəbbü­sü kimi önə çəkilməkdədir. Bu missiya­ya münasibətdə maraqlı tərəflərdən biri Avropadırsa, digəri Rusiyadır. Kremlin sözçüsü Dmitri Peskovun söylədiklərini yada salaq. Peskov ABŞ-ın nizamlama­ya dəstəyini normal tərzdə qiymətləndir­sə də, regionun iki dövlətinin razılaşması üçün Moskvanın təşəbbüsü ilə ərsəyə gəlmiş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın həllediciliyini vurğulayıb. Təx­minən belə: nə edirsinizsə, edin, bizim də mövqeyimiz var! 

Ancaq aydındır ki, həmin bəyanat sülh təminatı deyil, daha çox müharibə edən tərəflər arasında atəşkəsin əldə olunmasına və bir növ münasibətlərin yaxşılaşdırılmasına açılan körpüdür. Sənəd, heç bir halda, gerçək hüquqi mexanizmləri təsdiqləmir və s. Bununla belə, Rusiyanın ondan, necə deyərlər, bərk yapışması anlaşılandır. Kreml öz şərtlərini diktə etməkdə inadlıdır. Onun şərtləri isə həm də Rusiyanın Cənubi Qafqazda varlığı, daha doğrusu, qalması ilə interpretasiya oluna bilən məsələdir. Əlbəttə, bunu istəməyənlər də var... 

***

Belə bir dolaşıq labirintdə ortaya sual çıxır: Paşinyanın Moskvaya gözlənil­məz səfərindən məqsəd nədir? Özü də erməni baş nazir Rusiyanın paytaxtına gedəcəyini “Problemli regionda erməni demokratiyası: təhlükəsizlik və sabitliyə ehtiyaclar” mövzusundakı toplantıda açıqlayır. Tədbirin adına diqqət yetirək və yada salaq ki, Nikol, xüsusən də, son illər demokratiya kartından çox istifadə edir. Yəni, o, ölkəsinin demokratikliyini, gözə soxmaqla məşğuldur və mövcud xüsus­da Ermənistana köməyi, eyni zamanda bölgədə demokratiyaya dəstək adı ilə “bəşəriləşdirir”. 

Şübhəsiz, Paşinyanın ritorikası Azər­baycana qarşı təzyiqlərdə ölkəmizin, guya, anti-demokratikliyi ilə bağlı ikili standartlara sərmayə yatırmağa, mövcud xüsusda, regional məsələlərdə də divi­dend qazanmağa hesablanıb. O zaman ortaya daha bir sual çıxır: Demokratik Ermənistan nicat yolunu – problemli regi­onda təhlükəsizlik və sabitlik ehtiyacının ödənməsini dünyanın anti-demokartik, avtoritar kimi qəbul etdiyi Rusiyadamı görür?.. 

Qayıdaq əvvəlki sualımıza. Yəni, Pa­şinyanın Moskvaya yollanma səbəbinə. Vaşinqton prosesinə və Bakı ilə İrəvan arasında sülh perspektivinin aktuallaşdı­ğı və bəzi məsələlərdə pozitiv nəticələrin əldə olunduğu reallığına söykənərək, Ermənistan baş nazirinin Rusiyaya səfər məqsədlərinə dair məsələlərdən söz açaq. Onu da bildirək ki, vurğuladığımız məqamlara ayrı-ayrılıqda yanaşmaq la­zımdır. Çünki onlar siyasi mənzərənin təhlini hədəf seçən ehtimallardır. Əlbəttə, hər etimalın həqiqət payı da var. 

Birinci məqam. Burada məsələnin qoyuluşu çox sadədir. Ermənistan anla­yır ki, ABŞ vasitəçiliyi Rusiyanın xoşuna gəlmir və istəyir ki, Kremlin könlünü al­sın. Yəni, hesab edək ki, Paşinyan geniş düşünərək, bir növ, Moskva ilə Vaşinqton arasında, öz aləmində, balans yaradır. Təbii, o, Rusiyanın böyüklüyünü qəbul etmək istiqamətində jest də edə bilər.

İkinci məqam. Paşinyan, hər bir hal­da, Rusiyanın erməni sevdası üzərində oyun oynayır. O, düşünə bilər ki, bu oyun Moskvanın diqqətini Vaşinqtonda baş verənlərdən yayındıracaq. Axı prinsip eti­barilə, hazırda Azərbaycanla sülhə gəl­məyən tərəf Ermənistandır. İrəvan buna razılaşacağı təqdirdə, Qarabağdakı rus sülhməramlılarına ehtiyac qalmayacaq. Digər yandan, sülhməramlılar olmaya­caqsa, Gümrüdəki 102-ci rus hərbi baza­sının gələcək mövcudluğu da şübhə altı­na düşəcək. O bazanın ki, Ermənistanın Türkiyə ilə sərhədlərini qoruyur. Deməli, Paşinyanın Kremli nələrəsə inandırması lazımdır. Hətta, söylədikləri yalan olsa belə...

Üçüncü məqam. Ermənistanda ha­kimiyyət Qərpərəst təmayüllü olsa da, ölkədə Rusiyanın təsiri son dərəcə bö­yükdür. Siyasi partiyaların çoxu rusyö­nümlüdür, media isə demək olar ki, tama­milə Moskvanın nəzarətindədir. İctimai rəyi formalaşdıran isə bu iki seqmentdir. Hazır bu seqmentlərin təmsilçiləri Paşin­yanı, necə deyərlər, “ağ yuyub –qara sər­məklə” məşğuldurlar. Baş nazir mətbuat­da, hətta, təhqir edilir, satqın adlandırılır ki, hərçənd, onun özü “satqın” sözünü eşitməkdən artıq qorxmadığını deyəcək qədər sırtıqdır. Hər halda, normal ölkə rəhbəri total satqın damğasını özü üçün adiləşdirəcək qədər simasızlaşa bilməz. Paşinyan, eyni zamanda bu baxımdan anormaldır...

***

Amma Paşinyanın qorxduğu məsələ var və hazırda normal kimi görünən elə budur. Söhbət hakimiyyəti itirmək qorxu­sundan gedir. Yada salaq ki, vaxtilə ruspərəstlər çox çalışsalar da baş naziri devirə bilmədilər. Onlar 44 günlük müha­ribənin rüsvayçılığının gətirdiyi pafoslu etiraz bumunu düzgün məcraya yönlənt­məkdə çətinlik çəkdilər və nəticə etibarilə Paşinyan 2021-ci ilin yayında keçirilmiş növbədənkənar parlament seçkilərində qalib gəldi. 

Ancaq bu amili də nəzərə alaq ki, ötən müddətdə Ermənistanın hazırkı iq­tidarının reytinqi xeyli zəifləyib. Hərçənd, hesab etmirik ki, ona qarşı çıxanların nü­fuzu var. Əslində, sadə ermənilər, yəni seçicilər Rusiyaya qarşı nifrət və qəzəbə kökləniblər. Elə ölkənin Ermənistandakı qulbeçələrinə qarşı da eyni hissləri da­şıyırlar. Yəni, hər bir halda, Paşinyanın “facebook elektoratı” rusbaşlılarla müqa­yisədə çoxdur. 

***

Bəs, Paşinyan hakimiyyətini itirmək­dən niyə qorxsun ki? Çünki tarixin təkrar­lanma xüsusiyyəti var. Bu yerdə 1999-cu ilə qayıdaq. Həmin ilin oktyabrın 27-də Ermənistanda parlament terroru yaşan­mışdı. Milli Assambleyanın spikeri, baş nazir və daha bir neçə deputat qətlə ye­tirilmişdi. Səbəb çox sadə idi. Ölkənin birinci prezidenti Levon Ter-Petrosyan istefa verdikdən sonra 1998-ci ildə ha­kimiyyətə Qarabağ klanının təmsilçisi Robert Koçaryan gəlmişdi. Lakin 1999-cu ilin parlament seçkilərinin nəticələrinə əsasən, Koçaryan, faktiki olaraq, ofsayta düşmüşdü və söz sahibi deyildi. Maraqlı­sı isə budur ki, həmin vaxt Azərbaycan–Ermənistan danışıqlarında müəyyən proqres əldə olunmuşdu və 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Sammi­tində sülh müqaviləsinin imzalanacağı gözlənilirdi. Lakin parlament terroru bu­nun qarşısına sədd çəkdi. Qanlı olayı törədənlər həbsə atılsalar da, siyasi klu­arlarda bu qəsdin Koçaryan-Sarkisyan xuntası tərəfindən reallaşdırıldığına dair yüksək səslə ifadə olunmuş ittihamlar indinin özündə də var və bu ittihamların kökü Rusiyaya gedir. 

Bəli, nəzərə alsaq ki, Ermənistanda Rusiya təsiri böyükdür, Azərbaycanla sülhə gəlmək məcburiyyətində qalan Pa­şinyana qarşı terror edilməsi mümkün­dür. Onu da nəzərə alaq ki, Ermənistan cəmiyyəti hazırkı şüur və təfəkkür baxı­mından 1999-cu ildəkindən bir o qədər fərqlənmir. Xəstə təfəkkür sahiblərinə öz avantüraları naminə Nikolu aradan götürmək heç nədir. Yəni, faktiki olaraq, bu gün Paşinyan fiziki cəhətdən olma­sa, Ermənistanda başıpozuq ictimai rəy bir yana, real elektoratın da Rusiyaya meyillənməsi mümkünləşəcək. Beləcə, Azərbaycanla sülh prosesinin pozulma ehtimalı aktuallaşacaq. 

Bu yerdə Rusiyanın Bakı ilə İrəvan arasındakı sülh müqaviləsinin imzalan­masını qeyri-müəyyən vaxta saxlamaq əzmini yada salaq. Üstəlik, 44 günlük müharibədən sonra ölkənin hakim siya­si dairələri tərəfindən Qarabağa status məntiqinin gündəmə gətirilməsini xatır­layaq. Siyahıya iki ildən sonra Qarabağ­dakı rus sülhməramlılarının mandatının başa çatmasını əlavə edək. Sual yaranır: Azərbaycanla Ermənistan arasında ye­kun sülh müqaviləsi imzalansa, həmin sülhməramlılara ehtiyac qalacaqmı? Moskvanın bölgədə hərbi mövcudiyyət kimi yanaşdığı kontingent olmayacaqsa, Kreml hansı addımları atacaq? Bütün bunlar, şübhəsiz, ciddi düşünülməlidir. 

***

Sonda bir məqamı da vurğulayaq. Məlumdur ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları heç də ikin­cinin istədiyi ssenaridə getmir. Ümumən, Bakı mövqeyində qətidir. Prosesin qayə­sini ölkəmizin irəli sürdüyü beş prin­sip müəyyənləşdirməkdədir. Hazırkı məqamda Qərbin də İrəvanı mövcud xü­susda yola gətirmək üçün cəhdlər göstər­diyi ortadadır. 

Ümumən, sülh danışıqları müstəvi­sində Azərbaycana hansısa kənar təzyiq yoxdur və ola da bilməz. Yəni, diktə edən tərəf bizik. Amma mümkündür ki, Ermə­nistan bu diktənin qarşılığında prosesdən uzaqlaşmaq və manipulyasiya yolu tut­maq istəsin. Paşinyan administrasiyası nala-mıxa vurmaqda xeyli püxtələşib. 

Bir nəticəyə də gəlirik ki, hazırkı məqamda Azərbaycanın xeyrinə olan Vaşinqton nizamlanmasını və ondan irəli gələn razılaşmaları sonradan heçə endir­məyin əsas yolu Rusiyadan keçir. Bir hal­da ki, Qərb, o cümlədən, ABŞ vasitəçiliyi Moskvaya sərf eləmir, o zaman Nikolun Kremlin zəngulələrinə züy tutması proq­nozlaşdırılandır. Belə olduqda iki situasi­ya var. Ya Paşinyan Qərbdən üz döndə­rir və sülhü məchula daşımaq niyyətinə köklənmiş Rusiya ilə əlbir olur. Bununla da, hakimiyyətinə qarşı yuxarıda vurğula­dığımız təhdidlərdən sığortalanaraq, və­zifə kürsüsünü saxlayır. Ya da Qərb yenə Paşinyanla əlbirdir, səmimi deyil, Nikolun Moskvaya üz tutmasına icazə verib ki, özünün obyektiv kimi görünən prosesi­nin, guya, Rusiya tərəfindən pozulduğu­na dair rəy formalaşdırsın. Yəni, bu iki varinat da mümkündür. Hərçənd, ölkə­mizin müxtəlif siyasi dairələrində ABŞ-ın Azərbaycan–Ermənistan normallaşma­sındakı istəklərinin səmimiliyi üzərinə də gəlinməkdədir. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət