Siyasi texnoloq Armen Badalyan Ermənistan mediasına müsahibəsində Nikol Paşinyan hökumətini sərt tənqid edib. Qeyd edib ki, ölkəsi 2020-ci ildə baş verən müharibədə təslim olub. Sonradan bəzi digər ərazilər Azərbaycana təhvil verilib, bu proses hazırda da davam edir. Nikol Paşinyan isə hər vəchlə öz əməlinə haqq qazandırmağa çalışır: “İqtidarın atdığı addımlar bu gün vətənpərvərliklə, sabah digər məsələlərlə əsaslandırıla bilər. O, “beşinci kolon”u, müxalifəti təqsirkar saya bilər. Bir sözlə, ondan başqa hamı müqəssirdir”.
A.Badalyanın sözlərinə görə, N.Paşinyan bu cür bəyanatlarla seçkilərdə yenidən səs toplaya biləcəyini düşünür: “Deyir ki, Qarabağ bizə lazım deyil. Onu verməyi və Ermənistanı qoruyub saxlamağı təklif edir. Bu, cəmiyyətin “ağlara” və “qaralara” bölünməsinin başqa versiyasıdır. İndiki halda “ağ” Ermənistan, “qara” isə Qarabağdır”.
Siyasi texnoloqun iddiasına görə, N.Paşinyan üç problemi həll edir: “O, Qarabağı Azərbaycana təslim etmək, Rusiya bazasını Ermənistandan çıxarmaq və xarici siyasət vektorunu Qərbə çevirmək, həmçinin Zəngəzur dəhlizini Qərbə vermək istəyir. Paşinyan bu vəzifələri yerinə yetirməlidir, çünki Qərb onu məhz bunun üçün hakimiyyətə gətirib”.
***
Qeyd edək ki, Nikol Paşinyanın belə ittihamlarla üzləşməsi ilk dəfə deyil. Vətən müharibəsində Azərbaycanın Zəfər çaldığı, üçtərəfli Bəyanatın imzalandığı 10 noyabr gecəsindən sonra N.Paşinyan ən sərt, kəskin tənqidlərin hədəfi olub. Hətta, Paşinyan 2020-ci ilin noyabrın 10-dan sonra təxminən bir həftə ərzində gizlənməyə məcbur olmuşdu. Media subyektləri onun harada olması ilə maraqlandıqda Paşinyanın yaxın ətrafına daxil olan şəxslər belə baş nazirdən xəbərsiz olduqlarını demişdilər. Sonradan üzə çıxan Paşinyanın avtomobil kortejinin qarşısı İrəvanda və ölkənin digər yerlərinə səfərləri zamanı dəfələrlə etirazçı qruplar tərəfindən kəsilmişdi. Həmin ilin dekabr ayında tarixi Azərbaycan torpağı olan Zəngəzur (ermənilər bu adı “Sünik” kimi özününküləşdiriblər) vilayətinin Qarakilsə (Sisian) şəhərindəki Müqəddəs Qriqor kilsəsinə səfəri zamanı din xadimi ona əl uzadan N.Paşinyanın əlini sıxmaqdan nümayişkəranə şəkildə imtina etmişdi.
***
Buna baxmayaraq, N.Paşinyan mayın 4-də Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı müxalifətin onu dinləməyə başladığını bildirib və parlamentdə müxalifətlə son müzakirələri vacib adlandırıb: “Müharibədən sonra parlamentdə vəziyyət çox qütbləşmişdi və müxalifətin ritorikası olduqca sərt idi. İndi isə sahə konstruktiv müzakirələr üçün açıqdır və mən hesab edirəm ki, düzgün platformanın formalaşdırılması üçün hər şeyi etmək hökumətin, “Vətəndaş razılaşması” fraksiyasının məsuliyyətinə aiddir. Bəli, bəzən çox kəskin, fırtınalı müzakirələr olur, lakin onlar konstruktivdir”.
O, müxalifətin onu dinləməyə başlamasını uğur hesab etdiyini söyləyib: “Keçən il qulaq asmadılar, nəsə atdılar, dava etdilər, amma indi, ümumiyyətlə, bir-birimizi dinləməyə başlamışıq və ümid edirəm ki, bu, sadəcə bir təsadüf deyil, yeni mədəniyyətin başlanğıcıdır”.
***
Ermənistan parlamentindəki müxalifətçi “Hayastan” fraksiyasından olan deputat Lilit Qalstyan isə N.Paşinyanın yalan danışdığını deyib. Deputat Aysor.am saytına bildirib ki, müxalifətlə bağlı heç nə dəyişməyib: “Mən əminəm ki, müxalifətdə heç nə dəyişməyib. Həmçinin bizim məqsədimiz də dəyişməyib – Ermənistanı sürətlə məhvə aparan Nikol Paşinyandan yaxa qurtarmaq. Nikol Paşinyanla müzakirə üçün gündəlikdə dayanan yeganə məsələ “Nikolsuz Ermənistan” mövzusudur. Müzakirəyə gəlincə, biz elə bir şey təşkil etməmişik, yəqin ki, o, parlamentdəki sual-cavab formatını və özünün təmkinini nəzərdə tutur. Əgər o, bu dəfə bir qədər sakit tonda danışdısa, bu, münasibətimizdə nəyinsə dəyişdiyi anlamına gəlmir. Ola bilsin ki, o, istənilən sual-cavabın onun mənəvi-psixoloji xüsusiyyətlərini və siyasi məzmununu qınadığını anlayıb”.
Deputatın sözlərinə görə, Paşinyan biabırçı bəyanatları ilə bir daha özünün anti-milli mahiyyətini, Ermənistanı məhvə sürükləmək niyyətini açıqlayıb: “Əgər ona elə gəlirsə ki, onun antimilli, dövlət əleyhinə, milli maraqlara xəyanət edən bəyanatları müzakirə mövzusudur, deməli, o, dərindən səhv edir. Bunu müzakirə adlandırmaq, yumşaq desək, günahdır”.
“Hayastan” fraksiyasının parlamentdə keçirilən “Hökumət saatı”nı, adətən, boykot etdiyi halda nə üçün sonuncu müzakirəyə qatılmasına dair suala cavab olaraq L.Qalstyan deyib: “Hökumət proqramının icrası ilə bağlı məruzə zamanı bizim icraedici hakimiyyətin mənsublarına suallarımız var idi. Bunlar, sadəcə olaraq, taktiki tapşırıqlardır, amma dediyim kimi, bizim siyasi davranışımız, siyasi gündəmimiz, münasibətimiz heç bir dəyişikliyə məruz qalmayıb. Bu suallar həm də hökumətin əsassız məzmununun bir daha ifşasına kömək edir”.
***
Göründüyü kimi, ABŞ-da iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında aparılan dörd günlük danışıqlardan sonra Ermənistanda Paşinyana etirazlar artır. Hayastanın media resursları Paşinyana ünvanlanan ittihamlarla, tənqidlərlə dolub-daşır. Hiss olunur ki, etirazlar yüksələn xətt üzrə gedir. Hələlik hansısa sənəd imzalanmadığı üçün etirazlar da bir o qədər kəskin deyil. Ancaq ortada imzalanmış sənəd olacağı təqdirdə hayların yenidən küçələrə tökülüşəcəkləri istisna olunmur.
***
Siyasi ekspert Rizvan Hüseynov “Xalq qəzeti”nə açıqlamasında Paşinyanın, həqiqətən də, çox çətin durumda olduğunu bildirib. Qeyd edib ki, baş nazir daxili siyasi məsələləri nəzərə almadan xarici siyasətdə, ələlxüsus, Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda tam sərbəst iştirak edə bilmir: “Paşinyan bütün addımlarını daxili auditoriyanı, müxalif siyasi partiyaları, əsasən Rusiyaya bağlı olan qüvvələri nəzərə alaraq atır. Bu siyasi düşərgənin ona hansı zərbələri vura biləcəyini götür-qoy edir. Problem ondadır ki, əsas siyasi müxalifət Qarabağ klanının, bu klanın başçısı Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyanın ətrafında cəmləşib. Bunlar da Rusiyaya bağlıdırlar və oradan güclü dəstək alırlar. Üstəlik, Qarabağ klanının təmsilçiləri güc strukturlarında, orduda böyük vəzifələrdə yerləşiblər. Yəni, prosesərə təsir etmək üçün alətləri var. Cəmiyyətdə sabitliyi pozmaq üçün həm maliyyə baxımından imkanlara malikdirlər, həm də qeyd etdiyim kimi, dövlət orqanlarına nüfuz ediblər”.
Rizvan Hüseynov qeyd edib ki, hətta, son vaxtlar Paşinyanın fiziki olaraq aradan götürülməsi barədə informasiyalar yayılır: “Ona görə də Paşinyan bu çətin durumda Azərbaycanla sülhə dair qərar qəbul etməkdən çəkinir. Nəticə etibarilə, ABŞ-dakı son danışıqlar göstərdi ki, Moskvanın təsiri olmadan Ermənistan heç bir qərar qəbul edə bilmir. Biz bilirik ki, bundan sonra Moskvada Azərbaycanla Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Bu görüşdən sonra – iyun–iyul aylarında da sülh müqaviləsinin hazırlanması ilə bağlı ciddi addımlar olmasa, Azərbaycan hərbi-siyasi yollarla istədiyini almağa məcbur olacaq”.
Səxavət HƏMİD, “Xalq qəzeti”