“Əsrin müqaviləsi”ni gerçəkləşdirən 6 möhtəşəm platforma

post-img

“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl, etibarlı bazadır. Ötən müddətdə bu nəhəng neft sazişindən əldə edilən gəlirlər ölkəmizi regionun ən sabit və dinamik inkişaf edən dövlətinə çevirib. 

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin yanvar-mart aylarında da “Əsrin müqaviləsi” çərçivəsində tikinti-quraş­dırma, qazma və hasilatla bağlı əməliy­yatlar uğurla davam etdirilib. “BP–Azər­baycan” şirkətinin 2023-ci ilin birinci rübünün nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərə­findən “Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsinin əməliyyat tədbirlərinə 115 milyon dollar, əsaslı məsrəflərinə isə 372 milyon dollar xərclənib.

BP şirkəti və tərəfdaşları bu ilin ilk rübündə “Yeni əsrin müqaviləsi” ad­landırılan neft layihəsi çərçivəsində bir sıra uğurlara imza atıblar. Rüb ərzində “Azəri–Mərkəzi–Şərqi” (ACE) layihəsi üzrə nəzərdə tutulmuş tikinti-quraşdır­ma işləri qrafik əsasında davam etdiri­lib. Belə ki, ACE platformasının dayaq bloku inşa olunduğu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan mart ayının 16-da dənizə yola salına­raq AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə qu­raşdırılıb. Artıq istismar sınaqları başa çatdırılmış dayaq bloku platformanın üst modullarını qəbul etməyə hazırdır. Bununla yanaşı, dayaq blokunun sual­tı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işlərinin 94 faizi tamam­lanıb.

Rüb ərzində Bibiheybətdəki tikinti sahəsində ACE platformasının üst mo­dullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri də davam etdirilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi hə­yata keçirilir. Bu işlərin isə bu ilin ikinci rübündə başa çatdırılacağı gözlənilir. Bütün istismar sınaqları bitdikdən son­ra üst modullar STB-1 daşıma barjası­na yüklənərək dənizə göndəriləcək və “Azəri-Çıraq-Günəşli” yataqlar blokun­da quraşdırılmış dayaq blokunun üzə­rinə bərkidiləcək.

Hesabat dövründə, həmçinin sualtı izolyasiya konstruksiyası işə salınıb və boruların üst modullarda izolyasiyası iş­ləri tamamlanıb. Eyni zamanda, dalğıc gəmisi vasitəsilə mövcüd 30-düymlük qovşağın birləşdirilməsi başa çatdırılıb. Hazırda isə “Sitadel” gəmisi ilə izolya­siya konstruksiyasının istiqamətinin də­yişdirilməsi işləri aparılır. Bundan əlavə, “Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommuni­kasıyaların modifikasiyası üzrə dəniz ti­kinti işlərinə başlanılıb. Bütövlükdə isə, rübün sonunadək ACE layihəsi üzrə işlərin 86 faizi yekunlaşdırılıb.

Cari ilin yanvar-mart ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokun­dan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. Rüb ərzində AÇG-də, ümumilikdə, 139 neft hasilat quyusu, 42 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Hesabat dövründə 6 hasilat platforma­sı vasitəsilə gündə orta hesabla 386 min barel və ya ümumilikdə, təxminən 35 milyon barel, yəni 5 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 24 min 100 bareli “Çıraq”, 100 min bareli “Mərkəzi Azəri”, 93 min 300 bareli “Qərbi Azəri”, 64 min 200 bareli “Şərqi Azəri”, 69 min 400 bareli “Dərinsulu Günəşli” və 35 min bareli “Qərbi Çıraq” platformaları­nın payına düşüb. 

AÇG-də neft hasilatının sabit saxla­nılması məqsədilə konsorsium iştirakçı­ları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, rüb ərzində müqavilə sahəsində 2 neft hasilatı və 2 su in­jektor quyusu tamamlanaraq istismara daxil edilib. 

Yanvar-mart aylarında AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngə­çal terminalına göndərilməsi davam et­dirilib. Xatırladaq ki, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, elə­cə də “Şahdəniz” qazı üçün təqribən 81 milyon kubmetrdir. Bundan əlavə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokun­dan neftlə bərabər çıxarılan səmt qazı da burada qəbul olunaraq Azərbayca­nın qazpaylama sisteminə təhvil verilir. Bütövlükdə isə, terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqri­bən 100 milyon kubmetr təşkil edir. 

Cari ilin birinci rübündə terminaldan 56 milyon bareldən çox neft və konden­sat ixrac olunub. Bunun da 55 milyon bareli Bakı–Tbilisi–Ceyhan, 1 milyon bareli isə Bakı–Supsa kəmərlərinin payına düşüb. “Şahdəniz” qazı, eləcə də AÇG-nin səmt qazı terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və onun sonradan genişləndirilmiş sistemi, həmçinin terminalın qaz emalı obyekt­lərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac edilir. Bu ilin ilk rü­bündə terminaldan təxminən 2 milyard 583 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub. 

Məlum olduğu kimi, “Əsrin müqa­viləsi”nə əsasən, AÇG-dən neftlə bə­rabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Bu ilin ilk rübündə “Neft Daşları”ndakı qur­ğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə, 0,6 milyard kubmetr səmt qazı Azərbayca­nın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yeni­dən kollektora vurulub.

Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ilin yanvar-mart aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin bu ilin birin­ci rübünün nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərə­findən BTC üzrə əməliyyat tədbirlərinə 34 milyon dollar, əsaslı məsrəflərinə isə 10 milyon dollar xərclənib. Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton xam neft və kon­densat Ceyhan terminalında 70 tankerə yüklənərək dünya bazarlarına yola sa­lınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2023-cü ilin birinci rübünün sonunadək 539 milyon tondan çox (4 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhanda 5314 tankerə yük­lənərək dünya bazarlarına göndərilib. Yeri gəlmişkən, yanvar ayının 18-də BTC vasitəsilə 4 milyard barel neft ix­racına nail olunması əlamətdar bir uğur kimi qeyd edilib. 

Hazırda BTC əsas ixrac boru kəmə­ri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistana məxsus xam neft və kondensat həcmləri də nəql olunur.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat