Postmünaqişə dövründə Azərbaycanla Fransa arasında bir sıra fikir ayrılıqları olub

post-img

Azərbaycan və Fransa arasında geniş əhatəliliyə baxsaq, burada həm sosial, humanitar, mədəniyyət, təhsil, elm, texnologiya və bir sıra digər sahələrdə birgə fəaliyyət, qarşılıqlı faydalı əməkdaşlıq müşahidə olunub. Bu müddət ərzində ölkələrimiz arasında parlamentlərarası əlaqələr mövcud olub, dostluq qrupları fəaliyyət göstərib, ölkələrimiz arasında qarşılıqlı çoxmilyardlı həcmdə investisiyalar edilib. 

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Av­ropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildi­rib. 

“Eyni zamanda, biz səmimi şəkildə qeyd etməliyik ki, 44 günlük Vətən mü­haribəsi və ondan sonrakı dövrdə Azər­baycan öz Konstitusiyasına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və legitim hüquqa əsasən öz torpaqla­rını azad etdikdən sonra Ermənistan–Azərbaycan postmünaqişə normallaş­ma mərhələsi ilə bağlı, yumşaq desək, bizim ölkələrimiz arasında bir sıra fikir ayrılıqları mövcud olub. Son iki il ya­rımlıq bir müddəti siyasi gündəlik baxı­mından dəyərləndirsək, bu, hansısa yeni siyasi təmasların, layihələrin, inki­şafın deyil, hansısa qarşılıqlı diploma­tik debatlar, fikir ayrılıqlarının nümayiş etdirilməsi fonunda keçib”, – deyə na­zir qeyd edib. 

Azərbaycan açıq və şəffaf şəkildə öz Konstitusiyasına və hüquqlarına uyğun öz ərazisində addım atıb. Bu addımdan iki il yarım əvvəl problemin mahiyyətini izah edib. Biz bu iki il ya­rımlıq müddət ərzində, bir dəfə də ol­sun, Fransadan Ermənistana çağırış görmədik. C.Bayramov vurğulayıb ki, Azərbaycanın suveren ərazilərində olan 10 min qanunsuz silahlının maliyyələş­dirilməsi bölgədə gərginliyin bir nömrəli səbəbidir.

Fransa uzun illər ərzində – 25 ildən artıq müddət ərzində keçmiş Minsk Qrupunun həmsədri qismində bu mü­naqişənin həlli istiqamətində çox fəal rol oynayıb. Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yax­şı bilən, ən fəal rolu olan bir tərəfdir. 2020-ci ilin Vətən müharibəsinədək danışıqlar prosesinin, vasitəçilərin ça­ğırışları, Ermənistana təzyiq edəcəyi ilə bağlı Azərbaycanın gözləntiləri vardı. Sonradan bu uzunmüddətli gözləntilər məyusluğa çevrilmişdi. Bu, müəyyən mənada bizim xoşumuza gəlmirdi. Çün­ki bu, faktiki olaraq təcavüzkar ölkə ilə təcavüzə məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoyurdu. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan buna təmkinlə yanaşırdı. Bunu anlayışla qə­bul edirdi ki, bu, beynəlxalq vasitəçilik roludur, beynəlxalq düzənin bir qayda­sıdır. Ancaq 2020-ci ildən sonra biz bir çox hallarda bir sıra fərqli davranışlar görürük”, – deyə nazir əlavə edib.

Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbə­bkarı olmayıb və hər zaman əlaqələ­rin müsbət müstəvidə inkişaf tərəfdarı olub. Ölkəmiz bunun üçün səylər göstə­rib. Nazir deyib ki, münasibətlərdə fikir ayrılığı olan zaman Azərbaycan tərəfi təmaslardan heç zaman çəkinməyib. Bu müddət ərzində də müxtəlif səviy­yələrdə təmaslar intensiv olaraq davam edib.

“Ölkə arasındakı münasibətlər, sö­zün əsl mənasında, ən müxtəlif sahələri əhatə edən uğurlu əməkdaşlıq kimi sə­ciyyələndirilə bilər. Biz bu uzun müddət ərzində olduqca strateji bir sıra sahələr­də böyük birgə layihələr həyata keçirmi­şik”, – deyə C.Bayramov əlavə edib.

Azərbaycan və Fransa tarixi tərəf­daşlardır. Biz Azərbaycanın müstəqil­liyini tanıyan ilk ölkələrdənik. Azərbay­can öz tarixində ağır yol keçib və bunu görmüşük. Bu sözləri Fransanın Avro­pa və Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında bildirib. 

O bildirib ki, Birinci Qarabağ müha­ribəsində xeyli ölən və yaralanan olub, bu, olduqca təəssüflüdür. “Biz minadan təmizlənmə işlərinə dəstəyimizi vermi­şik və bu məsələnin həlli insan həyatını qorumuş olar. Fransa Azərbaycana mi­nadan təmizlənməyə görə yarım milyon avro həcmində yardım edib. Minalara görə qurbanlar olub, ümid edirik ki, bun­dan sonra bu, daha davam etməyəcək”, – deyə Ketrin Kolonna bildirib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”



Siyasət