Azərbaycan–Ermənistan raundu: Rusiyanın seçimi və İrəvanın 11 aprel xofu

post-img

Azərbaycan və Ermənistan danı­şıqlarının növbəti raundu Rusiyada ke­çiriləcək. Bununla bağlı hər iki tərəfin razılığı var. Belə bir açıqlama ilə Rusi­yanın Xarici İşlər Nazirliyinin rəsmi nü­mayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə çıxış edib.

Doğrudur, M.Zaxarova prosesin dəqiq tarixini açıqlamayıb və bildirib ki, vaxt konkretləşəcək. Burada diqqət çəkən məqam görüş razılığının 11 aprel hərbi insidentindən sonra verilməsidir. Görünür, Ermənistan, həmişə olduğu kimi, yenə də qorxub və Moskvaya üz tutub. Halbuki, əvvəllər bununla bağlı inad edirdi. Yeri gəlmişkən, Zaxarova üstüörtülü olsa da, inad məsələsinə də toxunub. 

Məsələn, "Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azal­mayıb”, - deyir Rusiya XİN-in sözçüsü. Deməli, kimlərsə Moskvanın səylərinin azaldığı qənaətində olub, daha doğru­su, azaldığı təsəvvürünü formalaşdı­raraq, Kremlin vasitəçilik missiyasına xələl gətirmək yolu tutub. Hər halda Zaxarova fikrini Azərbaycana ünvanla­mır. Məlumdur ki, hədəf Ermənistandır. Bunu düşünmək üçün Rusiya XİN rəs­misinin növbəti fikrinə də diqqət yetirək. O deyir ki, Rusiya Qərb strukturlarının Ermənistan-Azərbaycan normallaşma­sı ətrafındakı vəziyyəti gərginləşdirəcə­yini demişdi.

Bəli, göründüyü kimi, aprelin 11-də vəziyyət, həqiqətən də gərginləşdi. Təx­ribata əl atan tərəf isə İrəvandır. Demə­li, ortada Qərbin əli ilə gərginləşdirilmiş vəziyyət var. "Biz əvvəllər də demişdik ki, regiona başqa oyunçuların, başqa strukturların gəlməsinin, hansılar ki, heç vaxt bu köhnəlmiş münaqişənin nizam­lanması ilə məşğul olmayıblar, heç bir əlavə dəyəri, səmərəliliyi olmayacaq. Əksinə, bu, vəziyyəti gərginləşməyə, destabilləşməyə gətirib çıxaracaq. Bu, bizim təxminimiz deyildi, təhlilimiz idi", - deyən Zaxarovanın söylədiklərinə bir qədər də aydınlıq gətirək. 

Bəli, Cənubi Qafqaz regionuna Av­ropa İttifaqının mülki missiyası adı al­tında əlavə oyunçular cəlb edən və bu cəlbetməni, belə demək mümkünsə, zənginləşdirməyə cəhd göstərən, hətta bir ara BMT-nin sülhməramlılarının da bölgədə yerləşdirilməsi ideyasını ortaya atan Ermənistan rəhbərliyidir. Ancaq 11 aprel hərbi insidenti də əvvəlki analoji olaylar kimi göstərdi ki, vəziyyət gərgin­ləşəcəyi təqdirdə, bütün bunların, yəni kənar oyunçuların İrəvana heç bir xeyri olmayacaqdır. 

Azərbaycan onsuz da danışıqla­ra sadiq idi. İndi qalır prosesin növbəti raundunda Ermənistanın özünü necə aparacağı, sülhə nə dərəcədə gələcəyi və konstruktiv mövqe tutacağı. Əlbəttə, onu da deyək ki, İrəvanın hazırkı razılı­ğı hələlik heç bir anlam daşımır. Çünki, obrazlı desək, hərbi insidentin qopardı­ğı toz-duman hələ səngiməyib. Müm­kündür ki, ölkənin xaricdəki havadarları dövriyəyə girib baş nazir Nikol Paşin­yana “qorxma, biz səninləyik” mesajını verə bilərlər. Nəzərə alaq ki, Nikol fikrini dəyişdirməkdə, qeyri-ciddi hərəkətlərə yol verməkdə xeyli “püxtələşib”. 

Digər tərəfdən, Rusiyada görüş ra­zılığının Ermənistan üçün vaxt udmaq istəyi kimi də qiymətləndirilməsi müm­kündür. Ölkə rəhbərliyi 44 günlük mü­haribədən sonra bu sayaq manipulya­siyalara az yol verməyib. Ancaq, necə deyərlər, yaşayarıq görərik. 

R.AMİN

Siyasət