Bu günlərdə Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Çinə birgə səfəri bir çox cəhətlərdən diqqət mərkəzində oldu. Bu səfərdə başlıca məqsəd, təbii ki, Çinin Rusiyaya hərbi yardım göstərməsinin qarşısını almaq, Kremlin Belarusda nüvə silahı yerləşdirməməsi üçün ona təsir etmək, müəyyən mənada Çini Avropaya tərəf meyilləndirmək idi. Amma Çin lideri Si Cinpinlə danışıqlardan sonra məlum oldu ki, avropalı siyasilər nəinki məqsədlərinə lazımınca nail ola bilməyiblər, hətta Makron müttəfiqi ABŞ-ın ünvanına da ikibaşlı fikirlər səsləndirməli olub.
Belarusda nüvə silahlarının yerləşdirilməsi məsələsinə toxunan Makron bildirib ki, nüvə silahının ona sahib ölkənin ərazisindən kənar ölkələrdə yerləşdirilməsi yolverilməzdir. Amma bu bəyanatın bir başı Rusiyaya ünvanlanırdısa, digər başı da Makronun NATO üzrə müttəfiqlərini vururdu. Çünki Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə silahı yerləşdirmək planlarını açıqlayanda bu qərarını bir tərəfdən, Belarus lideri Aleksandr Lukaşenkonun xahişi, digər tərəfdən isə, Böyük Britaniyanın Ukraynaya uran tərkibli sursat vermək planları ilə izah etmişdi.
Təbii ki, Fransa Rusiyanı planlarından imtina etməyə də çağırdı, Almaniya isə Belarusda nüvə silahının yerləşdirilməsini qitə üçün “hədə-qorxu” hesab etdiyini bildirdi. Ona görə də siyasi analitiklər hesab edirlər ki, Makronun bəyanatı, əslində, ikibaşlı səslənir. O, Rusiya ilə yanaşı, ABŞ-ın da bostanına daş atmış olur. Çünki nüvə silahının sahib ölkələrdən kənarda yerləşdirilməsində ABŞ daha böyük təcrübəyə malikdir. Odur ki, bu gün elə Avropanın özündə də Makronun bu ikibaşlı bəyanatını ABŞ-ın Avropa üzərində hökmranlıq cəhdlərinə müqavimət kimi dəyərləndirənlər var.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Makronun fikirlərini, necə deyərlər, “göydə tutaraq”, dərhal reaksiya verib. Onun sözlərinə görə, Fransa prezidentinin nüvə silahının sahib ölkələrdən kənarda yerləşdirilməsinin yolverilməzliyi barədə açıqlaması əslində birbaşa ABŞ-a yönəlib. Peskov yarızarafat, yarıciddi deyib: “Fransa Prezidenti Emmanuel Makronun ABŞ-ın ünvanına bu qədər kəskin tənqidini uzun müddətdir eşitməmişdik. ABŞ Almaniya ərazisində nüvə silahı yerləşdirib və Makron bu tənqidi ABŞ-a ünvanlamalıdır”.
Nəzərə alaq ki, Qərb ölkələri arasında ABŞ, Böyük Britaniya və Fransa nüvə silahına malikdir və Hollandiya, Belçika, Almaniya və Türkiyədəki anbarlarda ABŞ-ın 100-ə yaxın aviabombası saxlanılır, o zaman Makronun ABŞ-la göründüyü kimi səmimi olmadığı ortaya çıxır.
Makron Si Cinpinlə görüşündə, görünür, Çinin xoşuna gəlmək, onun rəğbətini qazanmaq üçün Tayvan problemi kontekstində də ABŞ-ın ünvanına ikibaşlı bəyanatlar səsləndirib. O, Avropanın blok təfəkkürünə uymamalı, ABŞ və Çin arasında Tayvanın statusu ilə bağlı fikir ayrılıqları kontekstində neytral qalmalı və ümumiyyətlə, digərlərinin münaqişələrinə cəlb edilməməli olduğunu söyləyib: “Biz avropalılar Tayvan məsələsinin həllini sürətləndirməkdə maraqlıyıq? Yox. Ən pisi o olardı ki, biz avropalılar bu məsələdə baş rol oynayaq və ABŞ-ın tempinə, yaxud Çinin hədsiz reaksiyasına uyğunlaşmalı olaq”.
Fransa lideri hesab etdiyini bildirib ki, Avropa, ilk növbədə, özünün milli maraqlarına xidmət etməli, “dünyanın digər yerlərindəki gündəmə uyğunlaşmamalıdır”.
Makron Çin səfərindən sonra “Les Echos” qəzetinə müsahibəsində də Avropanın müstəqil siyasət yürütməli olduğunu deyib: “Avropa son illərdə ABŞ-dan çox asılı vəziyyətə düşüb, lakin o, strateji muxtariyyətini gücləndirməlidir, dolların ekstraterritoriallığından asılı olmamalıdır”.
Fransa prezidenti bildirib ki, son vaxtlar aparılan mübarizə, bir tərəfdən, Avropanın strateji muxtariyyətini sürətləndirmək, digər tərəfdən isə, iqtisadiyyata maliyyə təmin etmək üçündür. “Təbii ki, biz enerji baxımından ABŞ-dan asılılığımızı artırdıq, lakin diversifikasiya məntiqində. Çünki Rusiya qazından həddən artıq asılı idik. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”, – deyə o qeyd edib.
Qeyd etmək yerinə düşərdi ki, Fransa prezidenti, əslində, düşündüklərini danışır. Onun ABŞ-a münasibəti ilə bağlı hələ 2018-ci ildə dediyi sözlər də maraq doğurur. O, həmin ilin 15 noyabrında TF-1 telekanalında çıxışı zamanı demişdi: “Bütün fransızların təhlükəsizliyini ABŞ-ın əllərinə təslim edə bilərəmmi? Xeyr. Mənim vəzifəm sizi qorumaqdır”.
O, daha sonra əlavə etmişdi: “Çox zaman üzümüzü ABŞ-a çeviririk. ABŞ bizim tarixi müttəfiqimizdir və belə olmaqda davam edəcək, lakin müttəfiq olmaq, asılı olmaq mənasına gəlməz. Onlardan asılı olmamalıyıq”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”