Türkiyədə seçki marafonu: şanslar və gözləntilər

post-img

Bu il mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq, eləcə də səsvermənin nəticələri ilə bağlı ehtimal və fərziyyələr dünyanın hər yerində dərin maraq doğurur. Əhəmiyyətinə görə bu seçkilər planetimizdə cari il üçün nəzərdə tutulan seçkilər arasında ən mühümü sayılır. 

Buna səbəb nədir və qardaş ölkə­də seçkilər regional və qlobal siyasətə hansı təsirləri göstərə bilər? Türkiyədə müxalifət lideri hakimiyyətə gələ bilərmi? Hörmətli oxucular, bu yazıda məhz bu və digər suallara cavab tapmaq arzusunda­yıq. 

“Strana.ru” saytı yazır ki, Qərb liderlə­ri açıq-aşkar R.T.Ərdoğanın rəqibi Kamal Kılıcdaroğlunu dəstəkləyirlər. Rusiya iqti­darı isə, əksinə, onun hakimiyyətdə qal­masını arzulayır. Maraqlıdır ki, Rusiyanın savaşdığı Ukrayna da Ərdoğanı dəstək­ləyir. Belə ki, Türkiyə dövlət başçısının qələbəsində maraqlı olan Kiyev bu halda silah idxalının davam etdiriləcəyinə ümid bəsləyir. 

Türkiyədə hakimiyyət dəyişərsə, “taxıl sazişi” də pozula bilər. Ukrayna rəsmiləri, əlbəttə, bunu istəmirlər. R.T.Ərdoğanın tərəfdarları Afrikada, Yaxın Şərqdə, Orta və Mərkəzi Asiyada, xüsusilə də türk dövlətləri arsında lap çoxdur. Dünyanın bir sıra xalqları onu “susqun dünyanın hürr səsi” hesab edirlər və uğurlarına se­vinirlər. 

Adını qeyd etdiyimiz sayt hətta ehti­mal edir ki, seçkilər nəticəsində Türkiyə­də hazırkı müxalifət lideri hakimiyyətə gələrsə, guya orada vətəndaş müharibə­si başlaya bilər. Fikrimizcə, belə ehtimal və fərziyələr reallıqdan tam uzaqdır. Belə ki, Türkiyədə fəal, sivil vətəndaş cəmiy­yəti formalaşıb və oturuşmuş demokra­tik ənənələr mövcuddur. Qərbdə kimsə Türkiyənin vətəndaş müharibəsinə cəlb olunmasını çox arzu edirsə, bu, onun problemidir. 

BBC isə yazır ki, Türkiyənin son iyirmi ildə iqtidarda olan altmış doqquz yaşlı lideri, AKP-nin qurucusu və rəhbə­ri R.T.Ərdoğanın əsas rəqibi bu ölkənin ən qocaman partiyasının (CHP) başçı­sı Kamal Kılıcdaroğludur ki, bu iki rəqib siyasətçinin son rəy sorğularına görə 14 mayda qələbə qazanmaq şansları, demək olar ki, bərabərdir. Hər kəs bunun fərqindədir ki, builki seçkilərdə məhz on­ların arasında birincilik uğrunda sərt və barışmaz rəqabət olacaq. Türkiyədə di­gər iki prezidentliyə namizədin – Məhər­rəm İncə və Sinan Oğanın şansları o qə­dər də yüksək sayılmır. 

Qərb mediası həmçinin yazır ki, Tür­kiyə müxalifəti uzun müddət prezident seçkilərində özünün əsas namizədini müəyyənləşdirməkdə çətinlik çəkib. Yal­nız bu il martın əvvəllərində müxalifətin əsas namizədi müəyyən edilib. Bu, artıq bir qədər əvvəl adını çəkdiyimiz, hazırkı seçki elektoratı arasında heç də yüksək reytinqə sahib olmayan, lakin təcrübəli siyasətçi hesab edilən Kamal Kılıcdaroğ­ludur. 

Türkiyə seçiciləri arasında kifayət qədər populyar olan İstanbulun və An­karanın hazırkı merləri Əkrəm İmamoğlu və Mansur Yavaş CHP liderinin qələbəsi zamanı vitse-prezident olacaqlar. Xatırla­daq ki, onlardan birincisi və ən şanslısı sayılan Ə.İmamoğlu barəsində məh­kəmə hökmü qüvvədə qaldığından o, öz namizədliyini irəli sürə bilməyib. 

“Millət ittifaqı”nda birləşən müxalifətin vahid namizədi dövlət başçısı seçiləcə­yi təqdirdə, ölkə vətəndaşlarına onların hüquq və azadlıqlarını qoruyacağını, kor­rupsiya və yerlibazlığın kökünü kəsəcəyi­ni vəd edir. K.Kılıcdaroğlu hazırda ölkədə bu dəyərlərə əməl olunmadığını iddia edir. Bundan başqa o, Qərbyönlü xarici siyasət kursu həyata keçirəcəyini, NATO ilə son illərdəki fikir ayrılıqlarını aradan götürəcəyini bildirir. 

Məlumdur ki, Türkiyə müxalifəti bir neçə ildir ki, ölkədə prezident üsuli-idarə­çiliyindən imtina edilməsi üçün çalışır. K.Kılıcdaroğlu ölkə Konstitusiyasında zəruri dəyişikliklər apararaq, Türkiyəni prezident respublikasından parlament idarəçiliyinə qaytaracağını bəyan edir. 

Hakimiyyətdə olduğu 20 il ərzində ölkəsinin böyük uğurlarına imza atan xarizmatik siyasətçi, böyük dövlət ada­mı Rəcəb Tayyib Ərdoğan isə Türkiyənin bundan sonra da sabit inkişafını təmin edəcəyini bildirir. Bu, görkəmli dövlət xa­diminin uğurlu xarici siyasət kursu rəğbət doğurmaya bilməz. Fakt budur ki, R.T.Ər­doğan Türkiyəni dünyanın ən böyük güc mərkəzlərindən birinə çevirib. 

Sayın R.T.Ərdoğanın hakimiyyət­də qalması Türkiyənin yaxın dostları və tərəfdaşları üçün son dərəcə böyük önəm daşıyır. Bu qətiyyətli siyasətçi bü­tün müsəlman dünyasında, xüsusilə türk və ərəb ölkələrinin əhalisi arasında ol­duqca böyük nüfuza sahibdir. 

“Politiko” qəzeti isə yazır ki, hazırda Türkiyə özünün ictimai-siyasi həyatının çox qaynar bir dönəmini yaşayır. Sadə adamlar hiss edirlər ki, qarşıda onları böyük dəyişikliklər gözləyə bilər. Bir çox analitiklər, hətta, qardaş ölkədə siya­si gərginliyi zəlzələ effekti ilə müqayisə edirlər. 

Xarici nəşrlər belə bir məqama da diqqət yetirirlər ki, müxalifətçi siyasətçi, yeni yaradılmış “Məmləkət” partiyasının 58 yaşlı başqanı Məhərrəm İncənin son məqamda seçki marafonuna qoşulma­sı K.Kılıcdaroğlunun səslərini bölə bilər. M.İncə 2018-ci ildə keçirilən prezident seçkilərində R.T.Ərdoğanın əsas rəqib­lərindən biri olub və o zaman 84 milyon­luq Türkiyənin 15 milyon sakininin səsi­ni qazanmağa nail olub. “Politiko”nun ehtimallarına görə, M.İncə gizli surətdə R.T.Ərdoğana “işləyir”. Siyasətçi özü isə bu iddiaları qəti surətdə təkzib edir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Dünya