Beyni koronavirusla zədələnmiş körpə doğulub

post-img

ABŞ-ın Mayami Universitetinin alimləri tibbdə nadir rast gəlinən hadisə ilə üzləşiblər. Onlar yeni doğulan iki körpənin beyninin koronavirusla zədələnməsi faktını müşahidə ediblər. Araşdırma nəticəsində məlum olub ki, körpələr ana bətnində olanda anaları COVID–19-a yoluxubmuş. Bu barədə Caliber.Az saytı məlumat yayıb...

Qeyd edək ki, pandemiyanın can al­dığı vaxtlarda hamilələrin koronavirusa yoluxma təhlükəsi ilə bağlı müxtəlif fikir­lər səslənirdi. Statistik rəqəmlər ümidve­rici deyildi. Böyük Britaniyada hər 1000 doğuşa düşən bətndaxili ölüm halları 4,1-dən 11,5-ə qədər artmışdı. ABŞ-da koronavirusa yoluxub xəstəxanaya yer­ləşdirilən hamilə qadınlarda ölü doğuş halları 3 faiz çoxalmışdı. 

Belarus Dövlət Tibb Universitetinin mama-ginekologiya kafedrasının assis­tenti Svetlana Jukovskaya bildirmişdi ki, koronavirusa məruz qalmış qadınlar, xü­susən də əgər virusa hamiləliyin ilk üç ayında yoluxublarsa, boyuna və çəkisinə görə daha kiçik uşaqlar dünyaya gətirirlər.

Uzun müddət koronavirusun anadan uşağa keçib-keçməməsi ilə bağlı elmi dairələrdə gedən mübahisələr davam etdi. Nəhayət, virusun bətndaxili ötürül­düyü elmi nəşrlərdə öz əksini tapdı. CO­VID-19-a yoluxmuş 1000 hamilə qadının cəlb olunması ilə aparılan tədqiqatların birinin nəticəsinə əsasən, yeni doğulan körpələrin 3 faizində virusun RNT-sinə rast gəlindi. Onlardan doğuşdan dərhal sonra yaxma götürüldüyündən, bətndən kənar yoluxma barədə fikir bildirilmədi.

Göbək ciyəsindən götürülən qan nü­munəsində virusun aşkarlanmasına dair sübutlar da vardı, ancaq bu hal yalnız bir dəfə qeydə alınmışdı. Ciftdə M sinfinə aid immunoqlobulin tapılmışdı ki, bunu xəstəliyin ağır gedişatının göstəricisi say­maq olardı.

ABŞ alimlərinin 2610 nəfər üzərində apardıqları tədqiqata görə, yeni doğu­lanların 2,5 faizdən çoxunda koronavi­rus aşkarlanmışdı. Bu, aktiv infeksiyalı qadınların dünyaya gətirdikləri uşaqlar­da müşahidə olunsa da, dünyanın elm adamlarının yekdil fikri belə idi: dölün COVID-19-a bətndaxili yoluxma riski aşağıdır.

Caliber.Az saytının yaydığı xəbərdə isə bildirilir ki, əslində, hələ 2020-ci ildə peyvəndlənmə başlamazdan öncə ha­miləlik dönəminin ikinci trimestrində (6-cı aydan sonra) koronavirusa yoluxan qa­dınlara az da olsa, təsadüf edilirdi. İndi müşahidə edilən hadisədə isə, alimlərin fikrincə, SARS-CoV-2 virusu ana bətnin­də körpəyə cift vasitəsilə keçib və nəticə­də virus hələ tam inkişaf etməmiş beyini zədələyib. Mayami Universitetinin ma­malıq və ginekologiya kafedrasının mü­diri doktor Maykl Paydas deyib ki, ilk dəfə olaraq, bətndə körpəyə virus ötürülməsi­ni müşahidə və nümayiş etdirə biliblər. 

Xəbərdə qeyd edilir ki, doğulan hər iki körpənin inkişafında ləngimə müşahidə olunub. Uşaqlarda tez-tez qıcolmalar baş verib. Həkimlər tərəfindən daim nəzarət­də olmalarına baxmayaraq, körpələrdən biri yalnız bir il yaşaya bilib. O, 13 aylığın­da dünyasını dəyişib. 

Universitetin mama-ginekoloqu Şah­naz Dyara belə hallarla üzləşməmək üçün ana olmaq istəyənlərə koronavirusa qarşı öncədən mütləq peyvənd olunma­larını tövsiyə edib. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat