“Zəngəzur dəhlizinin açılışı təkcə Azərbaycan və bölgə ölkələrinə deyil, Çindən, hətta Yaponiya və Koreyadan başlayaraq Qərb ölkələrindəki geniş bir coğrafiyaya əhəmiyyətli və müsbət təsirini göstərəcək”. Ankara Universiteti Asiya-Sakit Okean Tədqiqatları Tətbiq və Araşdırma Mərkəzinin müdiri, professor Əli Merthan Dündar Zəngəzur dəhlizinin regiondakı rolu barədə “Xalq qəzeti”nə bu açıqlamasının davamında bildirdi:
– Bu dəhlizin açılması, əslində, Ermənistanın özü üçün hamıdan artıq gərəklidir. 30 ildir ki, dünyaya haray salıb ki, bizi blokadaya alıblar. İndi yollar açılır, qoşulmaq istəmir, yeni təhlükələrdən dəm vurur. Məsələyə geniş perspektivdən baxsaq, bu dəhşizin açılması ilə nəinki Azərbaycan, Türkiyə, İran, Ermənistanın, eləcə də Rusiya, Orta Asiya, Çin, Koreya, Yaponiyaya qədər çox geniş bir ərazinin bir-birinə bağlanması çox asanlaşacaq.
Qısaca olaraq belə deyə bilərik ki, Zəngəzur dəhlizi Çinin əvvəlcə “Bir nəsil, bir yol” sonra isə “Nəsil-yol” adlandırdığı XXI əsrin yeni ipək yolu layihəsinin tərkib hissəsi ola bilər. Çünki Zəngəzur dəhlizi elə bir coğrafiyada yer alıb ki, onun mövqeyi orta yol, orta xətt olaraq, həqiqətən də, böyük əhəmiyyətə malikdir.
Həmsöhbətimiz dəhlizin açılmasında əngəllərin olduğunu da istisna etmədi və kontekstdə dünya güclərinin məqsədli şəkildə Türk xalqlarını bir-birindən ayırmaq üçün apardıqları ədalətsiz siyasətə və maneələrə də toxundu:
– Sovet rejiminin Zəngəzuru Ermənistana verməklə Azərbaycan ilə Naxçıvanı bir-birindən aralı salması günümüzdəki ən böyük problemlərdən biridir. Məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasını özündə ehtiva edən maddə yer almışdı. Ermənistanın Meqri rayonunun ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması bütün region dövlətlərinin maraqlarına cavab verir.
Bəyanatda sözügedən dəhlizin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin edilməsi kimi bir maddə də yer alıb. Ancaq yuxarıda da qeyd etdiyim kimi, ədalətsiz ərazi bölgüsünün nəticəsi olaraq bu torpaqları öz ərazisi hesab edən ermənilər, yəqin ki, Zəngəzur adını da qəbul etmirlər. Beləliklə də, hər hansı bir dəhlizin açılacağı fikrini yaxına buraxmaq istəmirlər. Şübhəsiz ki, onlar bu bəhanələrlə bölgədə çıxılmaz vəziyyət yaratmağa çalışırlar.
Zəngəzur dəhlizinin Türk dünyasının gələcəyi baxımından çox əhəmiyyətli olduğunu söyləyən professor Azərbaycanın qardaş və dost ölkələrlə əlaqələrində hər hansı bir problem olmadığını, bu dəhlizin Türkiyə, Naxçıvan və Azərbaycanı bir-birinə daha möhkəm şəkildə bağlayacağını dedi:
– Belə olan halda, sadəcə, tərəflər – Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə, İran, Rusiya məhdud iştirakçı qpup sayılmır. Çin, Avropa İttifaqı kimi fərqli qüvvələr də layihəyə cəlb olunmalıdır. Maraq dairəsi böyüdükcə bu məsələnin reallaşması daha da tezləşə bilər. Bu mənada tərəflərin bir masa ətrafında oturub müvafiq qərar vermələri məsələnin həllini sürətləndirər.
Digər tərəfdən, Türk dünyasının birləşməsini istəməyən İran da bu vəziyyətdən narahatdır. Ancaq İran başa düşməlidir ki, eyni köklərə bağlı, eyni dili, mədəniyyəti, tarixi paylaşan xalqların bir-biriləri ilə mədəni, ticari, iqtisadi əlaqələr qurmaq cəhdləri təbiidir və bu, gec-tez baş verəcək.
Professor sonda onu da əlavə etdi ki, Azərbaycan Qarabağ zəfərindən sonra öz haqqı olan torpaqlarda 30 illik işğalın fəlakət və dağıntılarını ortadan qaldırmağa çalışır:
– Bölgədə yenidənqurma işləri aparmaq məcburi köçkünləri, bunun ardınca Qərbi Azərbaycandan qaçqınları öz torpaqlarına geri qaytarmaq üçün zəruri hazırlıqdır. Eyni zamanda, öz torpaqlarından didərgin düşən bu insanların bölgədə yenidən həyatlarını bərpa etmələrinə, ticarətlə, sənətlə, istehsalla məşğul olmalarına şərait yaratmaq daha ağır və məsuliyyətli bir işdir. Amma inanıram ki, Azərbaycan dövləti bu işin öhdəsindən gələcək. Çünki o gücü və bacarığı var. Şübhəsiz, Türkiyə dövləti də, hər zaman olduğu kimi, bu məsələlərdə də Azərbaycan dövlətinin, qardaşlarımızın yanında olacaq.
Söhbəti hazırladı:
M.SULTANOVA
Ankara