Azərbaycan vətəndaşları Ərdoğanı qalib görmək istəyir

post-img

Mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçiriləcək. Bu seçkilər Türkiyə və dünyanı olduğu kimi, Azərbaycanı da yaxından maraqlandırır. Azərbaycan–Türkiyə münasibətləri baxımından qarşıdan gələn seçkilərin həssaslığı anlaşılandır. Bəs, Azərbaycan insanı Türkiyədə keçiriləcək Prezident seçkilərində kimin qalıb gəlməsini istəyir? APA bu məqsədlə Bakı küçələrində vətəndaşlar arasında sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik:

Nizam Süleymanov: Türkiyə­nin son illər iqtisadi inkişafını və güclü dövlət kimi söz sahibi ol­masını yüksək qiymətləndirirəm. Bunların hamısı Türkiyə preziden­ti Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Qarşıdakı seçkilərdə Ər­doğanın yenidən qardaş ölkənin Prezidenti seçilməsini istəyirəm. Onu siyasətçi kimi, bir lider kimi çox sevirik. Ərdoğan ölkə başçı­sı seçiləndən Türkiyə dövləti çox qabağa getdi, dünyada söz sahibi ölkələrdən biri oldu. Həm iqtisa­diyyatı, həm hərbi cəhətdən Tür­kiyənin inkişafı göz qabağındadır. O Türk dövlətlərinə hər zaman dəstəkdir. O böyük Turanın, onun ordusunun qurulmasını istəyir. Biz onu dəstəkləyirik. Seçkilərdə ona uğurlar arzu edirik.

Mirheydər Abbasov: Türkiyə­nin son dövrlərdə inkişaf etmə­si, iqtisadi baxımdan güclənməsi bizim üçün fəxrdir. Biz qardaşıq, onların güclü olması bizim üçün yaxşıdır. Bizə arxa və dayaqdırlar. Türkiyəni hazırda çətin seçkilər gözləyir. Birmənalı olaraq Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçiləcəyinə əminəm. Çünki onun rəqibinin çıxışlarına baxıram. Yalnız boş və avantürist bəyanatlar verir. Ərdoğan isə bö­yük siyasətçi, böyük şəxsiyyətdir. Hazırda Türk dünyasının böyük li­derlərindən biridir.

Məhəmməd Hümbətov: Tür­kiyə böyük dövlətdir. Müsəlman aləminin qüdrətli, böyük dövlətidir. 1970-80-ci illərdə Turqut Özalın rəhbərliyi altında Türkiyə böyük sıçrayış elədi. Bununla da Türkiyə dünyada inkişaf etmiş dövlətlərdən biri oldu. Heç də təsadüfi deyil ki, hazırda da NATO kimi təşkilatın üz­vüdür. Türkiyənin apardığı siyasət və Azərbaycana göstərdiyi diqqət qiymətləndirilməlidir. Hazırda biz onlarla fəxr etməliyik.

Türkiyə hazırda seçkiyə hazır­laşır. Açığı indidən kimin prezident seçilməsini bilmək olmaz. Amma Ərdoğanın yenidən prezident seçil­məsi arzuolunandır. Bu, Azərbay­canın gələcəyi nöqtəyi-nəzərindən də çox vacib amildir. Ərdoğan dün­ya siyasətində öz yeri olan siyasət­çidir, onun xüsusi çəkisi var. Əsas odur ki, o, Azərbaycanın dostudur.

Təranə Yusifova: Türkiyə bi­zim qardaş ölkəmizdir. Hər zaman onların güclü olması bizim də güclü olmağımız deməkdir. Onların insa­nı bizim insanımızdır. Onların se­vinci, kədəri bizim sevinc, kədəri­mizdir. Qarşıda seçki var. Birmənalı olaraq Ərdoğanın seçkidə qalib ol­masını arzulayırıq. Düşünürəm ki, dünyada onun kimi siyasətçi azdır. Hər yerdə öz sözünü, dövlətinin, ümumiyyətlə, türk dünyasının sö­zünü deyir və müdafiə edir.

Ərdoğan türk dünyasını birləş­dirmək üçün də yorulmadan səy göstərir. Bu səbəbdən bizim üçün, ümumiyyətlə, dünyada yaşayan türklər üçün ən yaxşısı Ərdoğanın yenidən Prezident olmasıdır.

Əliqardaş Məmmədov: Tür­kiyə son dövrlərdə iqtisadi baxım­dan çətinliklərə düşüb. Bunun bir səbəbi də ölkədə baş verən təbii fəlakətlərdir. Türkiyə böyük dövlət­dir və iqtisadi baxımdan da qüdrət­lidir. Zəlzələ isə onları bir az geri saldı. Qarşıdan gələn seçki prosesi çox ağır olacaq. Amma Ərdoğanın qalib olacağına ümid edirəm. İstər öz vətəndaşlarının, istərsə də xa­rici vətəndaşların ona sevgisi var. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün də Ərdoğanın əlaqələri lazımdır. Onun xarici ölkə başçıları ilə əlaqələri çox yüksək səviyyədədir. Böyük siyasətçi, uzaqgörən insandır. Milli kimliyə sahibdir. Məncə əsas amillərdən biri də odur ki, rəhbər dövlətini, mil­lətini sevsin.

Nəsimi Əhmədov: Ərdoğan hardadırsa, demək ki, orda işıq var. Ərdoğan varsa, Türkiyə xalqı əziy­yət çəkməyəcək. Dövlət başçısı kimi öz xalqını, millətini sevir. Türk dövlətini sevən, onların birləşməsi­ni sevən insandır. Onların bir-birinə dayaq olmasını istəyən dövlət baş­çısıdır.

Aydın Məmmədov: Türkiyədə hazırda iqtisadi baxımdan zəiflik yaranıb. Ölkədə zəlzələnin də təsiri çoxdur. Düşünürəm ki, bu seçkilər­də Ərdoğan qalib gələ bilməyəcək. Türkiyə seçicisinin bu dəfə Kamal Kılıçdaroğlunu seçəcəyini düşü­nürəm. Ərdoğan siyasətçi kimi dünyada tanınır. Sadəcə, son ha­disələr seçkilərə təsir göstərəcək.

Elçin Nağıyev: Türkiyə istə­nilən sahədə inkişaf edir. İstər iq­tisadi, istər sosial, istərsə də hərbi baxımından. Hərbi baxımından inkişaf lap yüksəkdir. Artıq Türkiyə öz silahlarını, pilotsuz uçuş apa­ratlarını dünyaya satır. 44 günlük müharibə vaxtı Türkiyə hərbi sə­nayesinin gücünü bütün dünya gördü. Bunların hamısı Ərdoğanın dövründə baş tutdu. Bu səbəbdən deyə bilərəm ki, Ərdoğan hakimiy­yəti dövründə Türkiyə çox inkişaf etdi. İndiki zamanda mənim fikrim­cə, Ərdoğanın seçkidə qalib gəl­məsi lazımdır. Lakin seçimi Türkiyə vətəndaşları edir. Öz daxili vəziy­yətə uyğun seçimlərini edəcəklər. Ərdoğan böyük şəxsiyyət, dahi li­derdir.

Gülağa Rəhimov: Türkiyə böyük dövlətdir. İstənilən sahədə inkişaf edir. Sözün əsl mənasında Türkiyə dünyada sözünü deyən ölkələrdəndir. Ərdoğan da bu döv­lətə doğru liderlik edir. Keçiriləcək seçki ilə bağlı digər namizədlərin platformalarını izləyirik. Düşü­nürəm ki, layiqli namizəd məhz Ərdoğandır. Neçə illərdir ölkəyə rəhbərlik edir. Onun hakimiyyəti dövründə Türkiyə inkişaf edib. 44 günlük Qarabağ savaşında bizim ən böyük dəstəkçimiz də Türkiyə və onun başçısı Ərdoğan olub. Bu səbəbdən onun yenidən seçkilərdə qalib gəlməsini istəyirəm.

Şəbnəm Rəhimova: Türkiyə güclü dövlətdir. İqtisadi baxımda inkişaf edir. Qardaşıq, onların güc­lü olması bizim üçün də yaxşıdır. Seçki prosesi baxımından onu deyə bilərəm ki, biz Ərdoğanın ye­nidən Prezident seçilməsini arzu­layırıq. Lakin Türkiyədə seçki elə prosesdir ki, seçimi öz vətəndaşları edəcək. Amma düşünürəm ki, on­lar da bizim kimi, Ərdoğanı güclü lider kimi tanıyırlar və yenidən ona güvənəcəklər.

Kifayət Sərdarova: Əslində, şanslıyıq ki, Türkiyə kimi güclü qar­daş ölkəmiz var. Bütün çətinliklər­də bizim yanımızdadırlar. Bunu 44 günlük Vətən savaşında da bizə sübut etdilər. Millətlərinə, dövlətlə­rinə önəm verən xalqdır. Ən əsası, onları sevən, dəyər verən liderə malikdirlər. Ərdoğan güclü və sö­zünü deyən liderdir. Bu seçkilərdə qalib gələcəyinə inanıram və uğur­lar arzu edirəm.

Lalə Kazımova: Türkiyənin son 10 ildə güclənməsini hiss et­mirəm. Sosial şəbəkələrdə, KİV-də Türkiyəni izləyirəm, vətəndaşları­nın şikayətlərinə baxıram. Hamı narazıdır. Ərdoğana qarşı sərt fi­kirlər səsləndirilir. Mən onlarla çox razıyam, düşünürəm ki, Ərdoğana verilən vaxt bitməlidir. Türkiyəyə yeni nəfəs, yeni lider gəlmədir.

Sayad Əlizadə: Türkiyə inki­şaf etmiş ölkədir, lideri də sözünü deyəndir. Ərdoğan çox təcrübəli in­sandır. Mütləq yenidən seçkilərdə qalib gəlməlidir. Xalq da onu sevir. Bütün dövlətlərin başçıları ilə mü­nasibət qurmaq qabiliyyəti var. Tür­kiyə öz gücünə, sözünə və liderinə arxayındır. Bu səbəbdən Ərdoğa­na sevgimiz, dəstəyimiz var.

Xaləddin Hüseynov: Türkiyə bizim üçün həm din, həm qardaş­lıq baxımından dəyərlidir. Dünyada söz sahibidir. Hər zaman qardaş qardaşa arxalanır. Seçkidə də birmənalı olaraq Ərdoğan qalib gələcək. Ərdoğanın dünyada mis­li-bərabəri yoxdur. Mənəviyyatı, tərbiyəsi, insani keyfiyyətləri də öz yerində. O, bütün bəşəriyyətə öz humanistliyini, öz dəyərini göstərib.

Sosial həyat