Öz dəst-xətti ilə seçilən qəzet

post-img

Yeni Azərbaycan Partiyasının yaranmasının beşinci ayında – 1993-cü il aprelin 10-da mətbuat yayımı köşklərində yeni bir qəzet də peyda oldu. Bu, öz həyatının yeni dönəminə – dövlət müstəqilliyinə qədəm qoymuş Azərbaycanın ictimai-siyasi təbəddülatlarla dolu bir çağında partiyanın fəaliyyətini işıqlandırmaq, ölkədə hərc-mərcliyə son qoymaq, ictimai-siyasi sabitliyə nail olmaq, suverenliyi, ərazi bütövlüyünü möhkəmləndirmək səylərini əsaslı şəkildə dəstəkləmək, o zaman hələ Naxçıvanda yaşayıb xalq naminə fədakarlıqlar göstərən dünya şöhrətli siyasət dahisi Heydər Əliyevnin ideyalarını yaymaq amalı ilə ortaya çıxan “Yeni Azərbaycan” idi. 

Ümummilli lideri yaradılmasının təşəbbüskarı olduğu bu qəzetlə ilk gün­dən sıx tellər bağlayıb. Yeni mətbu orqa­nının ilk nömrəsində onun təbriki dərc edilib və görkəmli siyasət xadimi öz xe­yir-duası ilə qəzetin başlıca məramnamə­sini diqtə edib. O gün-bu gün, media ailə­mizin əsas üzvlərindən biri kimi tanınan bu qəzet təkcə bir partiya orqanı olmaqla kifayətlənməyərək xalq həyatının nəbzini tutmaq, onu irəliyə aparmaq missiyasının daşıyıcısına çevrilib. 

Budur, “Heydər Əliyev İli”ndə, ulu öndərin 100 illik yubileyi qeyd olunan bir vaxtda “Yeni Azərbaycan” qəzetinin də 30 yaşı tamam olur. Müstəqilliyinə qovuşmuş ölkəmizin 30 illik salnaməsini yazan qəzet əhatə dairəsi və car çəkdi­yi ideyaların yayılması baxımından daha uzun yol qət edib. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliye­vin xalqı, milləti böyük məqsədlər naminə səfərbər etdikləri, vətəndaşlarımıza sar­sılmaz inam, yenilməzlik ruhu aşıladıq­ları gün kimi aydındır. Mübaliğəsiz deyə bilərik ki, “Yeni Azərbaycan” qəzetinin kollektivi də həmişə bu missiyaya layiq­li platforma olub, özünün həyata aydın baxışları ilə saf əqidə daşıyıcılarının yol­larını işıqlandırıb. 

Qəzetin baş redaktoru Alqış Musayev təsisat tarixindən etibarən burada çalı­şıb. Arada müəyyən zaman fasiləsi olsa da, ötən il yenidən doğma kollektivə qa­yıdıb. Onun dedikləri:

-Onda hələ tələbə olsam da, qəzetlə sıx əməkdaşlığım başlayıb. Qəzetin ikin­ci sayı çapa hazırlananda artıq redaksi­yada çalışırdım. Həyatımın ən qaynar dövrləri “Yeni Azərbaycan”ın adı ilə bağlı­dır. Hətta bəzi səbəblərdən 2008-2021-ci illərdə belə hər kəs məni qəzetin sabiq redaktoru kimi xatırladı, tanıdı və təqdim etdi. Təbii ki, bu, hər redaktora nəsib ol­mayan bir haldır və mən də bundan qürur duyuram. 30 yaşlı bu qəzet sanki mənim gəncliyimin özüdür.

Alqış müəllimgilin qəzeti bu gün özünün dizayn-forma və məzmun dol­ğunluğu ilə diqqət çəkir, mətbu orqanlar bolluğunda seçilir. Burada mövzu rən­garəngliyi, vizual cəlbedicilik, əsas ma­hiyyətin ustalıqla qabardılması, bir sözlə, yeknəsəqlikdən qaçmaq üçün müasir çap texnologiyalarının bacarıqla mənim­sənilməsi kimi prinsiplər əsas götürülür. Daim yenilik yolunda olan yaradıcı heyət hər zaman oxucuları yaxşı mənada nə iləsə təəccübləndirməyə çalışır və buna nail ola bilir. Bu qəzetin səhifələrində həm dünyanın aydın mənzərəsi var, həm Azərbaycanın çoxsahəli ictimai-siyasi həyatının təbliği, qazanılan uğurların təq­diri və qalib xalqın duyğu-düşüncələrinin təbii ifadəsi.

Hakim partiyanın qəzetinin buraxıldı­ğı redaksiyada həsəd aparılası işgüzar bir yaradıcılıq mühiti formalaşıb. Kollek­tiv özünün öncüllük məsuliyyətini dərin­dən dərk edir. Təsadüfi deyil ki, oxucular hakim partiyanın qəzetinin səhifələrində dərc olunan yazıları, təqdim edilən fikir­ləri həm də dövlətin mövqeyi kimi qəbul edirlər. Populist mövzular, şayiə və de­di-qodu cızmaqaraçılığı bu qəzetin ru­huna yaddır. Yaxşı haldır ki, “Yeni Azər­baycan”çılar bu məsuliyyəti dərindən dərk edir, eyni zamanda, oxucu zövqünü oxşayan, günün tələblərinə doğru-dürüst cavab verə bilən yazıların bol olduğu bir qəzet buraxmaqda qətiyyətlidirlər.

Onu da demək lazımdır ki, zaman-za­man “Yeni Azərbaycan”ın səhifələrində müəyyən problematik məqalələr də yer alır. Bu isə, ilk növbədə, qəzetin baş re­daktoru Alqış Musayevin, eyni zamanda, jurnalist məharətinə güvənən, hər cür xır­da hisslərin fövqündə dayanan, dövlətçi­lik ideyalarına sadiq qələm sahiblərinin üstün keyfiyyəti sayılır.

Yubilyar kollektiv öz işini təkcə ənənəvi çap mediası olmaqla bitmiş he­sab etmir. Qəzetin elektron media formatı da var, sosial şəbəkələrdə də layiqli ye­rini tutub, üstəlik, zamanın çağırışlarına cavab olaraq internet TV məkanına da daxil olur. 

Biz də öz dəst-xətti ilə seçilən “Yeni Azərbaycan” qəzetinin yaranmasının 30 illiyi münasibətilə orada çalışan həmkar­larımızı təbrik edir, yüksək operativlik, yeni-yeni uğurlar və səmimi oxucu təqdiri arzulayırıq.

“Xalq qəzeti”

Sosial həyat