Türk xalqlarının düşüncəsində əzəmətli yer tutan, müsəlmanlar arasında maarifin intişarına və əski məktəblərin islahına çalışan, hər kəsin anlayacağı sadə dildə çıxan “Tərcüman” qəzetinin 140 yaşı tamam olur.
“Tərcüman” qəzetinin ilk sayı 1883-cü il aprelin 10-da çıxıb və bu tarix təsadüfən seçilməyib. 1883-cü il aprelin 10-da Krımın Rusiya tərəfindən işğalının 100 illiyi tamam olurdu.
Qəzeti türk dünyasının böyük fikir və əməl xadimlərindən, Krım mirzələrindən olan İsmayıl bəy Qaspıralı dərc edib. Böyük Həsən bəy Zərdabinin “Əkinçi”sindən sonra qısa zaman ərzində Rusiya imperiyasının türkdilli əhalisinin ümumi mətbuat orqanına çevrilib. “Dildə, fikirdə, işdə birlik!” şüarı ilə buraxılan bu qəzet Volqaboyu, Qafqaz, Orta Asiya və Sibirdə yayılıb və maraqla oxunub, türk xalqlarının maariflənməsi, dil və mədəniyyətinin təbliğində misilsiz xidmət göstərib. “Tərcüman”a görə, yalnız bir dinə inanan, bir dildə danışan türklər var. Qaspıralı məhəlli türk ləhcələri üzərində ümumi bir türk dilinin öyrənilməsinə çalışıb.
Xatırladaq ki, dövrünün böyük maarifçilərindən olan Qaspıralının ən böyük xidmətlərindən biri də milli ibtidai məktəblərin Rusiya türkləri arasında yayılması idi. İsmayıl bəy qəzet vasitəsilə çalışırdı ki, türk xalqları ortaq milli-mənəvi dəyərləri ilə bütövləşsin. Böyük maarifçinin bu sahədə güclü potensialı var idi. 1872-ci ildə – 21 yaşında dünyanı səyahətə çıxan istedadlı gənc Türkiyə, Misir, Əlcəzairdə şərq dillərini, Avropada olarkən Parisdə fransız dilini öyrənmişdi. Gəzdiyi ölkələrdəki qabaqcıl ictimai-siyasi görüşləri türk dünyasında yaymaq üçün vətəninə qayıtmışdı. Mükəmməl təhsil görmüş, zəngin biliyi olan İsmayıl bəy öyrəndiklərini, bildiklərini “Tərcüman” qəzetində çap edib. Qısa zaman ərzində xeyli maneələri aradan qaldıran İsmayıl bəy qəzetin tirajı, oxucularının sayını da artımağa nail olub. 1893-cü ildə qəzetin tirajı 1600-ə çatıb ki, bu da o dövr üçün ən böyük tiraj hesab olunurdu.
“Tərcüman” qəzeti uzun illər ərzində Azərbaycan ziyalılarının da oxuduqları sevimli türk qəzeti olub. Vaxtaşırı Bakı, Tiflis, Şuşa, Nuxa, Yelizavetpoldan bəhs edən qəzetin səhifələrində Azərbaycan həyatı daimi mövzu idi.
“Tərcüman” qəzeti 1883-cü ildən 1905-ci ilədək türk və rus, 1905-ci ildən 1918-ci ilədək isə yalnız türk dilində çap edilib.
Hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən, Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən oyanmağa, özünüdərkə, maarifə, elmə, öz haqları uğrunda savaşa səsləyən “Tərcüman” o dövrdə xalq tribunası sayılıb. Məhz buna görə müasirləri İsmayıl bəy Qaspıralıya türk dünyasının görkəmli maarifçisi kimi böyük ehtiram göstəriblər.
L.QURBANOVA, “Xalq qəzeti”