Talış kəndi didərgin övladlarını qoynuna alıb

post-img

Qarabağ müxbirimizin reportajı

Talış kəndindəyəm. Bu xoşbəxtliyimə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan hərbçilərinə borcluyam. İkinci Qarabağ müharibəsində bu istiqamətdə çox ağır döyüşlər gedib. Ermənistan uzun illik işğal dövründə hazırlıqlar görmüş, xəndəklər qazılmış, müdafiə sistemi qurulmuş, əngəllər yaradılmış və onların minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunması təmin edilmişdi. Ermənilər deyirdilər ki, Azərbaycan Ordusu üç mərhələli xətləri keçə bilməz və Ermənistan ordusu yenilməzdir. Amma yanılırdılar. Düşmən orada nə qədər çətin, mürəkkəb maneələr qursa da, bizim bölmələrimiz “Ohanyan səddi”ni keçərək Talış kəndini azad etdi. Bu gün məhz onların sayəsində Talış kəndindəyəm.

Səhər saat 8-ə işləyib. Ətrafda bir sakitlik hakimdir. Sis-duman səbəbindən 20 metr irəlini görmək mümkün deyil. Dəqiqələr keçdikcə sis-duman da çəkilir, dağların arasından çıxan Günəş ətrafı işıqlandırır. Talış kəndinin təmiz küçələ­rini, yenidən tikilmiş və bərpa olunmuş binalarını, salınmış yaşıllıqlarını daha aydın görürəm. Çox gözəl mənzərə açı­lır, sakinlər üçün hər cür şərait yaradılıb. Yaxınlıqdakı həyətdən bir nəfər maraqla mənə baxır. Deyəsən, nabələd olduğumu duyaraq soruşur:

– Bizim kəndə xoş gəlibsən. Adətən, qonaqlar günorta gəlir, bir-iki saat qalıb qayıdırlar. İndi saat heç 8 deyil, yəqin, yaxın rayonlardan gəlibsən?

Ağcabədidən gəldiyimi bildirirəm. Məni evinə dəvət edir:

– Həyətə keç, qonağım ol, yaxşı çay dəmləmişəm, birlikdə içək...

Əslən Talış kəndindən olduğunu deyən Zahid Oruc oğlu Əlləzov başları­na gələnləri danışır: “Biz Talış kəndindən 1993-cü ildə çıxmaq məcburiyyətində qaldıq. Evlərdən, həyətlərdən eşitdiyim qadın və uşaq səslərini, qışqırtılarını bu gün də xatırlayıram. Düşmənlər bizim evlərə, avadanlıqlara, heyvanlara sahib çıxdılar. 

Talış kəndindən çıxandan sonra Sa­mux rayonunda məskunlaşdıq və kiçik bir daxmada çox ağır günlər yaşadıq. İlk dövrlərdə sobanı qalamağa odun­muz belə yox idi, uşaqlar yorğanlara bürünərək isinməyə çalışırdılar. Bəzən çörək almağa pulumuz olmayıb.

Sərin bulaqlar üstündə, yaşıllıqlarda, təmiz havada ömür sürən adam üçün aran yerində yaşamaq çox çətindir. Ca­van idim, illər keçdikcə yeni şəraitə də öyrəşdik. Ailəm üçün şərait yaratdım, amma gec-tez yenə də Talışa qayıdaca­ğımıza ümidimi itirmədim. 30 ildən sonra belə bir şansım oldu. Talış azad olunduq­dan sonra doğma kəndimizə qayıdacağı­ma inamım artdı. 

Azərbaycan Prezidentinin tapşırıqla­rı əsasında Talış kəndində tikinti-bərpa işləri aparılır, yeni evlər inşa olunur, zə­ruri infrastruktur yaradılırdı. Mətbuatdan oxuduqlarımdan bilirdim ki, ilkin mərhələ­də 20 fərdi yaşayış evi müasir tələblərə uyğun qurulur və bir zamanlar doğma yurdlarından didərgin düşən ailələrə təh­vil veriləcək. 

1922-ci ildə mənə zəng edib deyəndə ki, “ailəliklə öz yerinizə qayıtmaq istəyir­sənmi?”

– Heç düşünmədən:

– Əlbəttə,– dedim.

– Qayıdacağıq, buna söz ola bilməz. İllərdi bu həsrətlə yaşamışıq.

Və mart ayında arzum reallaşdı. Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndinə ilkin mər­hələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə yaşayan 20 ailə köçürüldü ki, bu ailələrdən biri də biz olduq. Ev bölgü­sünün 20 ailə arasında püşkatma yolu ilə keçirilməsi nəzərdə tutulurdu. Aramızda iki müharibə veteranı ailəsi vardı, onlar Talış kəndinin düşmən işğalından azad olunmasında iştirak etmişdilər. Hamı­mızın razılığı ilə bu ailələrə icazə verildi ki, istədikləri evləri seçsinlər. Bundan sonra ailə üzvlərinin sayından asılı ola­raq püşkatma keçirildi və hər bir ailəyə veriləcək evin ünvanı müəyyənləşdirildi. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü isə dördotaqlı idi.

Bizim ailəyə düşən ev üçotaqlıdır. İs­tilik, işıq, su, qaz, bir sözlə, hər şey var. Yoldaşım hazırda işlə təmin olunub, tibb məntəqəsində xadimə işləyir. Mən isə heyvandarlıqla məşğul olacağam. Dövlət Məşğulluğu Agentliyindən heyvan ayrıla­cağına söz veriblər.

Zahid Əlləzovla sağollaşıb ayrılıram. Yaxınlıqdakı məktəbin həyətində canlan­ma var, uşaqlar məktəbin həyətində sıra ilə düzülüb Azərbaycanın Dövlət Himnini oxuyurlar. Qürur hissi keçirirəm, işğaldan azad olunmuş torpağımızda – Talış kən­dində himnimiz səslənir...

Kəndin yuxarısında yerləşən Azər­baycan Bayrağı meydanına doğru ge­dəndə iki nəfərlə rastlaşıram. Daha doğ­rusu, yaşlı bir kişi həyat yoldaşını işə yola salır. Salamlaşıb hal-əhval tuturuq. O da məni evinə dəvət edir:

– Biz səhər yeməyi yeyirik, sən də bizə qoşul, qonağımız ol, – deyir.

Razılaşıram. Ev sahibi Həsənxan İsəxan oğlu İrzayev bildirir ki, 1991-ci ildən 1993-cü ilədək Talış kəndində ya­şayıblar: “1993-cü ildən kənddən məcbu­ri köçkün düşmüşük. Buradan çox çətin vəziyyətdə getmişdik, demək olar ki, heç nəyimiz yox idi. Uzun müddət Samux ra­yonunda çətinliklər içində yaşadıq. Talış kəndində evlər təmir olunandan sonra Samux rayonuna nümayəndələr gəldi və bizi qeydiyyata aldılar. Bugünədək Talış­da yaşadığımı təsdiq edən vəsiqəni də saxlamışam. İki oğlum hərbçidir və onlar Talış kəndinin azad edilməsində iştirak ediblər. Qarabağımızın işğaldan azad edilməsində oğlumun da xidmətinin ol­masından qürur hissi keçirirəm. Yalnız onlar deyil, əli silah tutub bu yerlərin azad olunmasında iştirak edən hər bir əsgər mənim övladımdır.

Ev bölgüsü zamanı bizim ailəyə istə­diyimiz evi seçməyə icazə verdilər və indi yaşadığımız mənzili seçdim. Bu evdə rahat yaşamaq üçün hər cür şərait var, mənzil zəruri avadanlıqa təmin edilib. Qaz, elektrik, su daimidir, internet normal işləyir. 

Şükür Allaha, ailə üzvlərim də işlə tə­min olunub və çox yaxşı yaşayırıq, heç bir problemimiz yoxdur. Bizə belə bir şərait yaratdığı üçün Azərbaycan Prezi­denti İlham Əliyevə minnətdarıq. Həmişə qayğımıza qalıb və bu gün də öz qayğı­sını əsirgəmir”.

Söhbətə Həsənxan kişinin gəlini Gülənaz xanım da qoşulur: “Mən Qırğı­zıstanda anadan olmuş, Azərbaycana gəlin köçmüşəm. Həyat yoldaşım hərbçi­dir, Gəncədə xidmət edir və Vətənini çox sevir. Bu sevgi hissi, hər şeydən əvvəl, məhz ailədən, yaşadığı mühitdəki at­mosferdən qaynaqlanır, insanın içindən keçir, qəlbinə hopur, yaşanır və forma­laşır. Yoldaşımda da Vətən sevgisi onun ailəsindən, doğulduğu Talış kəndinin ha­vasından, suyundan qaynaqlanıb, son­rakı həyatında böyüyüb, hərbidə xidməti zamanı qəlbinə hakim kəsilib. Müharibə başlananda da döyüşə ilk atılanlardan biri mənim həyat yoldaşım olub.

Müharibənin başlandığını ilk dəfə te­levizordan eşitdik. Veriliş birdən kəsildi, bir neçə dəqiqəlik fasilədən sonra müha­ribənin başlandığı barədə xəbər verildi. İlk dəqiqələrdə həyəcanlandım, sözün düzü, bir az da qorxdum... İnanırdım ki, ordumuz torpaqlarımızı tezliklə düşmən­dən azad edəcək. Tez-tez dua edirdim. Bəzən də həyat yoldaşımı yuxuda görür­düm. “Sakit-sakit gülür, gözlərindəki işıq, məhəbbət parıltısı sakitləşdirirdi məni. “Tezliklə qalib gələcək, torpaqlarımızı iş­ğaldan azad edəcəyik”– deyirdi.

Dedi və verdiyi sözə də əməl etdi. Dö­yüş yoldaşları ilə birlikdə səngərdən çıx­dı, “Ohanyan səddi”ni keçdi, Azərbaycan bayrağını azad etdiyimiz yüksəkliklərdə dalğalandırdı. İkinci Qarabağ müharibəsi başlanandan bir həftə sonra Talış kəndi­nin azad olunmasında iştirak etdi. Bu gün yaşadığımız Talış kəndinin azad edilmə­sində onun da xidməti var. 

Gülənaz Rəsmixanova bildirir ki, ha­zırda aptekdə işləyir, həyat yoldaşı isə Gəncədə hərbi xidmətini davam etdirir. Yaxınlarda isə xidmət yerini Suqovşana dəyişdirəcək.

Həsənxan İrzayev yenidən söhbətə qoşulur və bildirir ki, Talış kəndinin böyük gələcəyi var. Kənddə 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün hər cür şəra­it yaradılıb və yaradılacaq. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib. 

“Gələcəkdə Talış kəndi turizm mərkə­zinə çevriləndən sonra yeni iş yerləri ya­radılacaq, sahibkarlığın inkişafına təkan verəcək. Bundan başqa, heyvandarlığın inkişaf etdirilməsi üçün də şəraitimiz var”.

Bəli, biz qurub-yaradan xalqıq. Ermə­nistandan fərqli olaraq biz öz ərazimizdə qurub-yaradır və gələcəyə böyük ümid­lərlə baxırıq.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri







Sosial həyat