Ermənistanın uzun illərdir hətta idmanı da siyasiləşdirdiyi, beynəlxalq yarış və turnirlərdən dünyaya siyasi mesajlar ünvanladığı heç kimə sirr deyil. Lakin son vaxtların təcrübəsi göstərir ki, ermənilər idman faktorunu sadəcə siyasiləşdirməklə qalmır, bundan siyasi terror və təxribat məqsədilə də istifadəyə cəhd edirlər. Bunun növbəti nümunəsi İsveç–Azərbaycan futbol oyununda baş verənlər oldu.
İdman arenasında qondarma bayraqlar
İsveç–Azərbaycan futbol yarışında erməni təxribatı ilə bağlı diqqət çəkən məqamlardan biri siyasi məzmunlu plakatların qaldırılması olub. Ermənistan parlamentinin sabiq deputatı Arman Abovyan tərəfindən ictimailəşdirilən fotolardan bəlli olub ki, erməni təxribatçıları arenada qaldırdıqları banner və plakatlarda Qarabağın Ermənistana məxsusluğu ilə bağlı şüarlar yer alıb.
Daha bir məqam idman arenasında tarixin zibilliyinə göndərilən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın qaldırılması olub. 44 günlük Vətən müharibəsində ordumuzun dəfn etdiyi “Artsax” bayraqlarının stadiona yol tapması erməni təxribatçılarınn “ölmüş bayraqları” xortdatmaq niyyətindən əl çəkmədiyini göstərir. İsveç-Azərbaycan futbol yarışında qarşısı alınan təxribat həm də onu göstərir ki, ermənilər diplomatik etiketə malik olmadıqları kimi, idman mədəniyyətindən də uzaqdırlar.
Onu da qeyd edək ki, Stokholmda qaldırılan “Artsax” bayraqlarının taleyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları ilə eyni olub. Stadionda separatçı rejimin bayraqları cəmi 30 saniyə görünüb. Bundan sonra o əski parçaları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yığışdırılıb. Polis oyunun gedişində hayların Laçın yolu ilə bağlı plakatlarını da yığışdırıb.
Türkiyənin Dövlət himninə həqarət
Martın 25-də Ermənistanla Türkiyə arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində Razdanda keçirilən qarşılaşma da təxribatla yadda qalıb. Stadionda Türkiyənin Dövlət himni səslənən zaman erməni azarkeşləri kütləvi şəkildə fit çalaraq qardaş ölkənin himninə açıq şəkildə hörmətsizlik ediblər. Oyun ərzində qeydə alınan çoxsaylı təxribatlara rəğmən, Türkiyə səfərdə qələbəni təmin edib və Ermənistanı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Erməni futbolçusundan İrəvanın terror siyasətinə açıq dəstək
Məlumat üçün qeyd edək ki, Ermənistan millisində yer alan futbolçularla yanaşı, müxtəlif dövlətlərin futbol klublarında oynayan erməni idmançılar da Azərbaycana qarşı təxribatçı addımlara, açıqlamalara yol veriblər. Belə açıqlamalardan biri 2020-ci ilin noyabrın 7-də Almaniyanın “Hoffenhaym” klubunun erməni əsilli futbolçusu Sarkis Adamyan tərəfindən səsləndirilib. Komandasının “Slovan”a (Çexiya) qarşı keçirdiyi Avroliqa matçından sonra Sarkis Adamyan “sport24.ru” saytına açıqlamasında bildirib ki, əldə etdikləri qələbəni Azərbaycan Ordusuna qarşı döyüşən “qardaş və bacılarına” həsr edir: “Dublumu vətənimə, Artsaxda döyüşən bacı və qardaşlarıma həsr edirəm. Siz hamınız qəhrəmansınız. Sizi bağrıma basıram. Mənim qollarım bu çətin günlərdə Ermənistan xalqı üçün kiçik bir hədiyyədir. Erməni qəhrəmanlara eşq olsun. Biz qalib gələcəyik”.
Xatırladaq ki, idmançıların siyasi məzmunlu bu cür açıqlamalar səsləndirməsi FİFA və UEFA-nın qaydaları ilə açıq ziddiyyət təşkil edir və qanunla qadağandır. Buna baxmayaraq, demək olar ki, bütün yarışlarda ermənilər oxşar təxribatları törədir və bunlar cəzasız qalır.
Futbolçularımıza qarşı “dronlu həmlə”
Ermənilərin stadionda növbəti təxribatı 2023-cü il oktyabrın 3-də baş verib. Lüksemburqda gerçəkləşən “Qarabağ”- “Düdelanj” oyunu zamanı bir qrup erməni meydançaya dronla “dqr”ın bayrağı adına əski parçası endirib. Sözügedən təxribat azərbaycanlı futbolçuların sərt etirazına səbəb olub. Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Haylar bu təxribatla təşkilatçı tərəf kimi Lüksemburq rəsmilərini də çətin vəziyyətə salıblar. Ölkənin idman naziri baş verənlərə görə üzr istədikdən, habelə təxribatda iştirak edən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirdikdən sonra oyun yenidən davam edib.
Ümumiyyətlə, ermənilərin idman arenalarında təxribatları ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bu faktların hər biri onu deməyə əsas verir ki, terrorçu harada olmasından asılı olmayaraq, terrorçudur və bu, ciddi təhlükə mənbəyidir. Bu təhlükənin qarşısını təkcə biz deyil, bütün bəşəriyyət almalıdır.
Seymur ƏLİYEV, “Xalq qəzeti”