Ermənistan siyasi kollapsı: müxalifət, terror və Azərbaycanla “sülh” oyunu

post-img

Ermənistanda hakimiyyət nə etdiyini bilmir. Baş nazir Nikol Paşinyan və onun administrasiyasında təmsil olunan şəxslərin bir sözü ilə o biri düzgün gəlmir. Ortada ölkə iqtidarının qeyri-ciddi obrazı canlanmaqdadır. Bəs müxalifət? Ermənistan müxalifəti hansı durumdadır? 

Əlbəttə, ölkədə əks düşərgənin, əsasən, Rusiyaya yaxın şəxslərdən ibarət olduğu məlumdur. Nəzərə alsaq ki, Ermənistanda media da ruspərəstlərin əlində cəmləşib, o zaman müxalifət kimi qiymətləndirilən kəsimin səsinin daha çox çıxması qanunauyğundur. Sanki, Pa­şinyana qarşı total narazılıq dalğası var. Bəzən, elə təəssürat yaranır ki, baş nazi­rin devrilməsi an məsələsidir. Bu görüntü artıq neçə illərdir gündəmdədir, ancaq baş nazir kreslosunu tərk etmir. Tərk et­mək fikrində olmadığı da aşkardır. 

Məlumdur ki, Ermənistanın müasir tarixində hakimiyyət terroru da baş ve­rib. 1999-cu ilin oktyabrındakı parlament qətliamını nəzərdə tuturuq. O qətliamı ki, ölkənin baş naziri və parlamentin spikeri daxil olmaqla, yüksək vəzifəli şəxslərin, o cümlədən, deputatların fiziki məhvi ilə nəticələnmişdi. Doğrudur, həmin terrorun sifarişçisi 1998-ci ildə ölkə prezidenti se­çilmiş Robert Koçaryan və onun əlaltısı Serj Sarkisyan (Koçaryandan sonra Sar­kisyan prezident oldu – red.) idi. 

Yəni, terror, bilavasitə, müxalif kəsim deyil, hakimiyyətdə təmsilçiliyi olanlar tərəfindən gerçəkləşdirilmişdi. Ancaq onu da deməliyik ki, o zaman prezident Koçaryan baş nazir və parlament sədri­nin, eləcə də digər nüfuzlu dövlət xadim­lərinin cəmiyyətdəki üstün mövqeyi səbə­bindən, demək olar, müxalifətə çevrilmək üzrəydi, həlledici söz sahibi deyildi. An­caq bu amplua Qarabağ klanının təmsil­çisi olan Robertə öz tərəfdarları ilə birgə Azərbaycana qarşı olan yumşalmanı aradan qaldırmağa maneçilik törətmədi. Bəli, 1999-cu ilin parlament qətliamı Bakı ilə İrəvan arasında reallığa çevrilməkdə olan və böyük nikbinlik doğurmuş sülh prosesini əngəllədi, daha dogrusu, sülh və güzəşt tərəfdarları məhv edildi. O vaxtdan başlayaraq, iyirmi ildən də artıq davam edən, mənasız danışıqlar mər­hələsi start götürdü. Torpaqlarımız işğal­da qaldı... 

Terror məsələsini indi təsadüfən xa­tırlamadıq. Paşinyan administrasiyasının müxtəlif manipulyativ addımlarına bax­mayaraq, Ermənistanda bütün yolların, hətta məcburi də olsa, Azərbaycanla sülh müqaviləsinə apardığı məlumdur. Sadə­cə, bunun geci-tezi var. Tez olması Er­mənistana xeyirdir, məsələnin uzanma­sından isə ölkə daha çox ziyan görəcək... 

Ancaq haqqında söz açdığımız terror təmayülünü də kənara qoymamalıyıq. Bəli, Ermənistanda Paşinyana qarşı da terror aktının gerçəkləşə bilmə ehtimalını düşünməyə dəyər. Hər halda, ümumən, erməni tarixinin həm də terror tarixi ol­duğunu unutmamalıyıq. Amma, görünən budur ki, terror gerçəkləşdirmək də adi məsələ deyilmiş. Üstəlik, Paşinyanı, yəni Cənubi Qafqazdakı anti-Rusiya bomba­sını Qərbin hansı xüsusi xidmət orqanla­rının qoruduqları da məlumdur... 

Əlqərəz, Ermənistan müxalifəti həm Nikola qarşı gerçək qüvvəyə çevrilmək­də, həm də terror gerçəkləşdirməkdə acizdir. Təbii ki, ikinci acizlik, müəyyən mənada, müsbət göstəricidir. Hərçənd, vurğuladıq ki, Paşinyana qarşı bundan sonra terrorun olmayacağını söyləmək də mümkünsüzdür. Bəlkə, baş nazir ca­nından qorxduğu üçün Azərbaycanla zid­diyyətlərə son qoymaq, sülh müqaviləsi bağlamaq istəmir? Bu da ola bilər. 

Hələlik isə Ermənistan müxalifətinin hazırkı durumuna diqqət yetirək. Diqqət yetirək və müəyyənləşdirək ki, onun iq­tidarı dəyişmək şansı varmı və bu, nə dərəcədə realdır. Hər halda məsələnin, tam olmasa da, Azərbaycan üçün də əhəmiyyəti var. Buna görə də, erməni politoloq Sergey Melkonyanın ölkədə Pa­şinyana qarşı çıxan əks qütbün mahiyyə­ti, real şansları, durumu ilə bağlı fikirləri maraq doğurmaqdadır.

Melkonyan özünün Telegram ka­nalında müxalifətin 2022-ci ilin yaz-yay aylarında uzunmüddətli kütləvi etiraz ak­siyaları təşkil etməsindən ötən müddətin incəliklərinə diqqət yetirərək, Ermənis­tandakı əks qütbün hazırkı vəziyyətinə nəzər salıb. Politoloq bildirib ki, doğrudur, erməni müxalifətinin etirazları Azərbay­canla sülh müqaviləsinin imzalanmasını təxirə salmağa şərait yaradıb. Yəni, er­məni hakimiyyəti daxili təzyiqlərə görə, Bakı qarşısında, müəyyən qədər dirəniş göstərə bilib. Amma, Melkonyanın fikrin­cə, əks cinah ötən bir ildə, böyük ölçüdə, heç nə etməyib. 2018-ci ildə olduğu kimi, hələ də xilaskar axtarışındadır, tənqid xa­tirinə tənqidlə məşğuldur. Tənqidçilər isə bundan sonra da heç nə etməyəcəklər.

Qeyd edək ki, S.Melkonyan fikrini əsaslandırmaq üçün bir neçə məqamın üzərində də dayanır. Bildirir ki, qarşı­dan İrəvan merinin seçimi gəlir. Faktiki olaraq, ölkə rəsmiləri seçkinin tarixini dəyişdirmək istəyirlər. Müxalifət isə heç kimin namizədliyini irəli sürməyib. Hələ­lik, yalnız Avinyan var ki, onu da hakimiy­yət sıxışdırmaqdadır. Üstəlik, iqtidarın və müxalifətin əleyhdarları olan kəsim də heç kəsin namizədliyi üzərində dayan­mır, daha doğrusu, dayanmağı bacarmır. Çünki belə bir şəxs yoxdur. Ermənistan siyasətində artıq üç ildir haqqında yazı­lan “üçüncü qüvvə” tapılmır ki, tapılmır. Mövcud durumda iqtidar daha güclü tərəf kimi görünür. 

Politoloq Melkonyanın fikrini əsaslan­dırmaq üçün üzərində dayandığı ikinci məqam Ermənistan hakimiyyətinin Azər­baycanla sülh müqaviləsi imzalamağa hazır olmasıdır. O bildirir ki, müxalifət buna qarşı ötənilki kimi etiraz aksiya­ları keçirmir. Eyni zamanda, əks cinahı fəaliyyətsizlikdə ittiham edənlər də hər hansı aktivlik göstərmirlər. Melkonyanın fikrincə, hər iki cinahı birləşdirən vahid xüsusiyyət budur ki, onlar Azərbaycanla sülh müqaviləsinin ikinci kapitulyasiya aktı olduğunu gözəl anlayırlar və buna doğru gedirlər. 

Erməni politoloq ölkə daxilindəki, belə demək mümkünsə, köhnə müxalifətin ge­dəcəyi təqdirdə yeni müxalifətin gələcə­yinə dair iddialara da münasibət bildirib. O, konkret olaraq, üçüncü qüvvə kimi qə­bul oluna biləcək şəxslərin mövcudsuz­luğunu vurğulayıb. Belə bir durumda isə müxalifət artıq bir ilə yaxındır ki, istənilən adama liderlik etməyə hazırdır. Eyni za­manda, istənilən adamın da heç nədən liderə çevrilməsi kimi qorxulu tendensiya var. Bu mənada sahə tamamilə azaddır. “Ancaq nədənsə heç kim ön planda gö­rünmür”, – deyə Melkonyan vurğulayıb. 

Nəhayət, politoloq Ermənistanın siya­si arenasındakı iflic durumu şərtləndirən ən mühüm cəhətə diqqət yetirib. Mel­konyanın fikirlərindən anlaşılan budur ki, ölkənin hazırkı müxalifəti özünün fəaliy­yət dəst-xətti ilə, faktiki olaraq, yeni qüv­vələrin formalaşmasına maneçilik törədir, nəticə etibarilə, hakimiyyətin maraq və mənafelərinin qorunmasında iştirakçıya çevrilir. Politoloq, bu mənada, üçüncü qüvvə olmağa iddialı ola biləcək şəxs­lərin də hazırkı müxalifət tərəfindən sərt tənqidə məruz qalacağı, sıradan çıxarıla­cağı ehtimalı üzərinə gəlməyi də yaddan çıxarmır. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət