NATO-nun sabiq baş katibinin qaranlıq keçmişi

post-img

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen növbəti dəfə Azərbaycanın ünvanına hədyanlar səsləndirib. Onun “Project Syndicate” üçün yazdığı geniş məqalədə Laçın–Xankəndi yolunda ekofəalların aksiyası, Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yer alıb.

Rasmussen Qarabağ iqtisadi rayo­nunda “humanitar böhran” yaşandığını, bunun “humanitar fəlakət”ə çevrilə biləcə­yini iddia edib. O, Avropa və daha geniş beynəlxalq ictimaiyyəti “blokada”nın ara­dan qaldırılması üçün Azərbaycana təz­yiq etməyə çağırıb. 2022-ci ilin sentyabr­da rəsmi İrəvanın törətdiyi hərbi təxribatı Azərbaycanın Ermənistan ərazilərini ələ keçirməsi cəhdi adlandıran, öz qoşunla­rını Ermənistan ərazisindən (?) çıxarma­dığını bildirən keçmiş baş katib iki ölkə arasında yeni müharibəyə gətirib çıxara biləcək gərginliyin artdığını vurğulayıb. Vətən müharibəsinin başa çatmasından sonra Xocavənd rayonu ərazisində kəşfiy­yat-diversiya əməllərinə görə saxlanılmış və barələrində məhkəmənin hökm çıxar­dığı erməni yaraqlılarını “hərbi əsirlər” kimi təqdim edərək, Azərbaycanı onları qaytar­maqdan imtina etməkdə suçlayıb.

Bir sözlə, məqalə digər ermənisevərlə­rin Ermənistana səfərdən sonra yazdıqları cızma-qaralar kimi yalan-palanla doludur. Rasmussenin ermənilərə pul müqabilində lobbiçilik etməsi isə havadan götürülmüş fikir deyil, artıq təsdiqini tapmış faktdır. Faktı isə Mixail Bulqakovun “Master və Marqarita” romanının əsas personajların­dan olan Volandın dediyi kimi, dəyişmək mümkün deyil.

Anders Foq Rasmussen NATO-nun baş katibi vəzifəsindən getdiyi 2014-cü ildə “Rasmussen Global” adlı beynəlxalq siyasi konsaltinq şirkətini təsis edib. Onun mənzil-qərargahı Kopenhagendə yerləşir. Brüssel, Berlin, Vaşinqton (Kolumbiya da­irəsi) və Londonda ofisləri var. Şirkət təh­lükəsizlik siyasəti, Transatlantik əlaqələr, qlobal siyasət, Avropa İttifaqı, enerji, kritik xammal və kosmosla bağlı məsələlər üzrə strateji “məsləhətlər” verir.

“Rasmussen Global”ın əsas müştərilərindən biri İrəvandır 

Anders Foq Rasmussenin qurucusu olduğu bu təşkilatın ikinci əsas müştəri­si Ermənistandır. Bunu Avropa İttifaqının şəffaflıq reyestrinin saytında “Rasmussen Global” şirkətinə aid “Cari maliyyə ilində müştərilər” bölməsinə baxdıqda aydın gör­mək olur. Bölmədə “Rasmussen Global”ın cari maliyyə ilində əsas müştərisinin Tay­vanın Avropa İttifaqındakı missiyası, ikin­ci əsas müştərinin isə Ermənistan Res­publikası olduğu qeyd edilib. Reyestrin əhatə etdiyi fəaliyyətlərə görə illik gəlirin təxminən 150-400 min avro olduğu bildi­rilir. Ermənistan, artıq qeyd etdiyimiz kimi, təşkilatın ikinci əsas müştərisi olmaqla bu vəsaitin böyük hissəsinin formalaşmasına vasitə olur. İrəvanın əsas müştərisi oldu­ğu təşkilatın qurucusunun Azərbaycanla bağlı bu cür hədyan və böhtan yağdırması başadüşüləndir.

Baş nazir kimi də islamofob idi

Rasmussen istər Danimarkanın Baş naziri, istərsə də NATO-nun baş kati­bi olduğu dövrdə bir sıra qalmaqalların mərkəzində olub. Onlardan bir neçəsini yada salaq. Onun iştirakı ilə baş verən bu qalmaqallar ermənipərəst sabiq baş kati­bin xarakterindəki cizgiləri üzə çıxarmağa imkan verir.

O, 27 noyabr 2001-ci ildə Danimar­kanın Baş naziri vəzifəsinin icrasına baş­layıb. Rasmussen immiqrasiya əleyhinə qanunvericiliyin sərtləşdirilməsi təşəb­büsü ilə çıxış edib və eynicinsli nikahla­rın qanuniləşdirilməsinin tərəfdarı olub. 2005-ci ildə Danimarkada İslam peyğəm­bərinin (s.) qəzet karikaturalarına görə güclü daxili qalmaqal baş verib. Bütün dünyada müsəlmanlar karikaturalara görə Danimarka məhsullarını qlobal boykot et­məyə çağırıblar. Elə həmin il Rasmussen Danimarkanın avrozonaya daxil olması və vahid Avropa valyutası olan avronun döv­riyyəyə buraxılması ilə bağlı referendum keçirmək niyyətində olduğunu açıqlayıb. Nəticədə Danimarka bu zonaya daxil ol­mayıb və kronanı milli valyuta kimi sax­layıb. 2005 və 2007-ci illərdə Danimarka Liberal Partiyası parlament seçkilərində qalib gəlib və bunun sayəsində Rasmus­sen 2009-cu ilə qədər Danimarkanın Baş naziri postunda qalıb.

Xarici siyasətdə Rasmussen ameri­kapərəst idi. Onun dövründə Danimarka Əfqanıstan, Bosniya və Kosovoda qoşun yerləşdirib və Avropa İttifaqına sədrlik edib (iyul-dekabr 2002-ci il). Həm Danimarka­da, həm də xaricdə olduqca ziddiyyətli münasibət Rasmussenin İraqdakı müha­ribəyə fəal dəstəyinə və Danimarka hərbi kontingentinin bu müharibədə iştirakına səbəb olub.

İraqla bağlı proqnozu özünü doğrultmadı

Rasmussen bunu 2003-cü ildə bildir­mişdi: “İraq kütləvi qırğın silahlarına ma­likdir. Biz bu haqda düşünmürük, biz bunu bilirik. İraqın özü xardal qazına, əsəb-iflic qazına, Sibir xorası bakteriyasına malik olduğunu etiraf edib, lakin Səddam bunu açıqlamayıb. O, bu silahların harada və necə məhv edildiyini bizə demək istəmir. Biz bunu BMT müfəttişlərindən bilirik, ona görə də mənim heç bir şübhəm yoxdur”.

2014-cü ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqo­vern Rasmussenin Rusiya humanitar karvanının Ukrayna sərhədini keçməsini tənqid etməsindən danışarkən deyib ki, o, 2003-cü ildə İraqın kütləvi qırğın silahları­na malik olduğunu yüz faiz əminliklə bə­yan etmişdi, lakin sonra buna dair heç bir dəlil tapılmadı.

Türkiyə onun əleyhinə çıxmışdı

2009-cu ilin martında Böyük Britani­ya, Fransa və Almaniya liderləri Anders Foq Rasmusseni təşkilatın o vaxtkı lide­rinin (Yaap de Hoop Sxeffer) səlahiyyət müddəti bitdikdən sonra NATO-nun baş katibi vəzifəsinə seçməyə qərar veriblər. 2009-cu ilin aprelində NATO sammitində ABŞ Rasmussenin namizədliyini dəstək­lədiyini bildirib. Türkiyə əvvəlcə Rasmus­senin namizədliyinə etiraz edib və hətta, veto hüququndan istifadə etmək imkanları barədə xəbərdarlıq ünvanlayıb. Lakin son­radan mövqeyinə yenidən baxaraq, Ras­mussenin seçimi ilə razılaşıb. 2009-cu il aprelin 4-də Rasmussen NATO-nun baş katibi vəzifəsinə təsdiq olunub, bunun ertəsi gün Danimarka hökumətinin başçısı vəzifəsindən istefa verib.

NATO-nun baş katibi vəzifəsini tərk et­dikdən sonra (2015-ci ilin yayından) Ras­mussen ABŞ-ın “Goldman Sachs Group” bankının məsləhətçisi olub. 2016-cı ildən 2019-cu ilə qədər isə Ukrayna Prezidenti Petro Poroşenkonun ştatdankənar müşa­viri işləyib.

Rasmussen 32 milyon avro mə­nimsəmədə ittiham olunur

2018-ci ilin yanvarında Rasmussen rusiyalı iş adamı Qriqori Quselnikovun Latviyanın “Norvik Banka” bankının İdarə Heyətinin sədr müavini vəzifəsində iş­ləmək barədə təklifini qəbul edib. Sonra bankın adı dəyişdirilərək “PNB banka” olub. Məhz bu dövrdə Latviyada “bank təmizləməsi” əməliyyatı başlanıb. Bu çərçivədə ölkənin ən böyük bankı olan “ABLV”nin lisenziyası ləğv edilib. Rasmus­sen Latviya bankının idarə heyətinə daxil olmaq qərarını belə izah edib ki, o, bütün siyasi karyerası ərzində Baltikyanı ölkələ­rin taleyinə böyük diqqət yetirib və bu işə şəxsi töhfəsini verməyə hazır olub.

2019-cu ildə “PNB banka”nın lisenzi­yası ləğv edilib, maliyyə aktivlərinin auditi zamanı məlum olub ki, bankın kreditorlar qarşısında öhdəlikləri (367 milyon avro) aktivlərini (167 milyon) 200 milyon avro üstələyir.

2020-ci ildə Latviyada bankın idarə heyətinin və müşahidə şurasının 11 üzvünə qarşı 32 milyon avro məbləğində ziya­nın ödənilməsi üçün mülki iddia qaldırılıb. Cavabdeh şəxslər arasında Almaniya Fe­deral Kəşfiyyat Xidmətinin rəhbəri Avqust Hanniqlə yanaşı Anders Foq Rasmussen də var. Məhkəmə prosesi hələ də davam edir. Onun sonunun necə olacağı artıq təkcə Rasmussen və onun erməni dostları üçün deyil, həm də bizim üçün maraqlıdır. Görəsən, Latviyanın ədalət mühakiməsi adı qara işlərdə hallanan başabəla sabiq baş katibi başımızdan edə biləcəkmi?

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət