İndi hər şey aydın oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Son günlər elə bir saat olmur ki, dünya mətbuatı Fransadan, xüsusən, Parisdən həyəcanlı xəbərlər yaymasın. “Makronun reytinqi son dörd ildə rekord səviyyədə düşüb”, “Fransa son illərin ən ağır günlərini yaşayır”, “Parisdə “xaos bombası”nın fitili çəkilib”, “Partlayış irqçiliyə çevrilir”, “Parisdəki özbaşınalıqlar bütün Avropaya sıçraya bilər” kimi xəbər başlıqları “Köhnə qitə”nin “ən mədəni xalqı”nın üzləşdiyi dəhşətli problemlərin miqyasını göstərir. “Dünya mədəniyyətinin paytaxtı” adlandırılan ölkənin, bəşər tarixində ilk respublikanı yaradan, son iyirmi əsrdə elmi, texniki inkişafa özünəməxsus töhfələr verən, mütərəqqi ədəbiyyatın və modern incəsənətin inkişafında xüsusi rolu olan bu xalqın üzləşdiyi problemlərin kökündə nələr dayanır?
Bəri başdan deyək ki, indiyədək heç bir azərbaycanlı siyasətçi, ekspert və ya mətbuat təmsilçisi fransız xalqı barədə hansısa təhqiramiz rəy səsləndirməyib və mən də bu fikirdən tamamilə uzağam. Narahatlıq doğuran Fransa siyasətçilərinin indiyədək davam edən müstəmləkəçilik siyasətindən əl çəkməməsi, iqtisadi cəhətdən zəif ölkələrin təbii sərvətlərinin talanmasını davam etdirməsi, Azərbaycan kimi gənc müstəqil dövlətin hərtərəfli inkişafının qəbul olunmasını, qeyri-obyektiv və ədalətsiz qərarların kimlərəsə sırıdılması kimi mənfi təzahürlərdir.
Burada bir məqamı da yada salaq ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev əvvəlki Fransa prezidentləri ilə səmimi dostluq və əməkdaşlıq münasibətləri yaratmışdılar. Azərbaycan rəhbərliyi Paris və Strasburqda münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr reallaşdırmış, Fransa rəhbərliyi isə Bakıda fransız təhsil müəssisələrin açılmasına start vermişdi. Bütün bunlar sübut edir ki, indi mövcud olan soyuq münasibətlərin təməlində məhz Makron iqtidarının yarıtmaz siyasəti dayanır. Son zamanlar məlum oldu ki, rəsmi Parisin həmin siyasətindən narazı olan təkcə Asiya və Afrika xalqları deyil, elə fransız xalqının özü də narazıdır və milyonlarla insan bu eybəcərliklərlə barışmaq istəmir.
Bu məqamda xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 14-də MDB Dövıət Başçıları Şurasının Astanada keçirilən iclasında demişdi ki, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti ölkəmiz haqqında təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fikrimizcə, bu sitat Fransa Prezidentinin Azərbaycana qarşı mənfi münasibətini göstərməklə yanaşı, dövlət başçımızın indiki Fransa rəhbərliyinə olan “etimadının” da göstəricisidir.
Fransa rəhbərliyinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi siyasətçiyə yaraşmayan, ləyaqətsiz davranışı barədə söz açan Azərbaycan Prezidenti demişdi ki, biz Brüsseldə Avropa İttifaqı Şurası prezidentinin təşəbbüsü ilə bir neçə üçtərəfli görüş keçirmişdik və prinsipcə, biz Ermənistan – Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Fransa Prezidenti yuxarıda qeyd etdiyimiz bəyanatlarda Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Fakt ondan ibarət idi ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Fransa isə XXI əsrdə Afrikada müstəmləkəçilik siyasətindən əl çəkmir. Ona görə də Azərbaycan Makronun həmin bəyanatlarını qəti surətdə pisləyir, rədd edir və bundan sonra belə münasibət çərçivəsində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmür. Vəssalam. Makron ermənilərə kömək etmək istəsə də, əslində pislik etmiş oldu. Çünki gücü buna çatdı.
Yeri gəlmişkən, hələ 2020-ci ilin dekabrında Azərbaycanda yayılan “Yeni Müsavat” qəzetində verilmiş bir analitik yazıda oxumuşduq ki, sosial-iqtisadi narazılıq Fransanın daxili dinamiklərini hərəkətə gətirib və etiraz dalğasının yaxın gələcəkdə genişlənəcəyi gözlənilir. Sən demə, həmin “yaxın gələcək” bu gün imiş. Fakt ondan ibarətdir ki, son vaxtlar Fransada, xüsusilə də, paytaxt Parisdə baş verənlər diqqətlə izlənməkdədir. Hətta bir çox ölkələrdə Paris iğtişaşları böyük narahatlıq qarşılanır.
Parisdən kənarda olan siyasətçiləri narahat edən əsas səbəblərdən biri odur ki, Fransa, o cümlədən də, Paris Avropa üçün həmişə böyük hadisələrin başlanma məkanı olub. Bu ölkədə baş verən siyasi-ictimai formasiya dəyişiklikləri adətən, “köhnə qitə”də örnək rolunu oynayıb. Hətta Fransanı “inqilablar ölkəsi” də hesab edirlər. Məsələn, “sarı jiletlilər” hərəkatı heç kəsin yadından çıxmayıb. Doğrudur, bunu Fransanın Makron hakimiyyətinə “dərs vermək” istəyən ABŞ Prezidenti Donald Tramp da xarici təsirlərin nəticəsi adlandırmışdı. Əgər elədirsə, onda dövlət öz siyasətini elə qurmalıdır ki, xaricdən kimsə gəlib Parisdə Makronun nüfuzunu 28 faizə salmasın.
Ekspertlərin fikrincə, dünyanın hər yerində siyasətçilərin nüfuz məsələsinin bu qədər aktuallaşdığı bir vaxtda Emmanuel Makronun reytinqini hamıdan çox itirən dövlət başçısına çevrilməsi təsadüfi deyil. “İnterfaks”ın yazdığına görə martın 24-25-də 1 000 nəfər arasında keçirilən sorğunun nəticələrinə görə Makronun reytinqi 28 faizə düşüb. Prezidentin reytinqi bir ayda 6 faiz enib. Bildirilir ki, rəyi soruşulanların 72 faizi prezidentin işini mənfi qiymətləndirdiklərini bildiriblər. Bu, “sarı jiletlilər” böhranının başladığı 2018-ci ilin noyabrından indiyədək sorğularda Makron üçün ən aşağı səviyyədir. Başqa bir göstəricidə isə bildirilir ki, respondentlərin 70 faizi pensiya islahatlarının aparılmasının əleyhinə çıxıb. Xatırladaq ki, Fransa hökuməti martın əvvəlində etirazlara və tətillərə baxmayaraq, pensiya yaşının 62-dən 64-ə qaldırılması üçün islahatları təsdiqləyib. Nəticə isə göz qabağındadır.
Bütün bunlar günün reallıqlarıdır. Günümüzün başqa bir reallığı isə odur ki, bu qədər problemlərin altında olan – bəli, problemlərin içində yox, məhz altında olan Fransa rəhbərliyi hələ də bəzi dövlətlər üçün “əriştə kəsmək” iddiasından əl çəkmir. Çəkməsin. Onların kiçik bacıları olan Ermənistan rəhbərləri artıq Azərbaycan dövlətinin qətiyyətini daha mükəmməl şəkildə gördükləri kimi, ordumuzun “dəmir yumruğu”nu da ötən hər saatda daha yaxından hiss edirlər. Yəni Emmanuel Makron getsin öz problemlərini həll etsin. Qarabağ ermənilərinin “problemlərini” isə biz – bu ölkənin sakinləri həll edəcəyik.
P.S. Bu sətirlər hazırlanarkən öyrəndik ki, dünənə qədər Rusiyanı asıb -kəsən, hətta Vladimir Putinin həbsinə şərait yaratmaq istəyən ermənilər indi də Fransaya qarşı nankorluq edirlər. Əsas arqumentləri də odur ki, Paris “Artsax”ı Azərbaycan əsgərinin əlindən almır.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

