Hərb, yoxsa sülh?

post-img

İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də, beynəlxalq vasitəçilər də, biz də bilirdik. Sadə­cə ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti büruzə versin və onlar öz xoşları ilə torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfıra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr – quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlayıb. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 

 

Son iki il yarımlıq postmüharibə dövründə Qarabağda və onun ətrafında vəziyyət bu qədər gərgin olmamışdı. 

Müharibədən sonrakı 29 ayda Bakı İrəvanla sülhə nail olmaqdan ötrü müm­kün bütün addımları atdı. Vasitəçilərin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan onlarca görüşdə müxtəlif məqamların şahidi olduq. Yerli revanşist-daşnakların, eləcə də xarici “məsləhətçilər”in təsiri altında özünü küncdən-küncə sıxışdıran Hayastan rəhbərliyi biabırçı kapitulyasi­yadan sonra hələ də sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Xüsusilə, son yeddi-səkkiz ay ərzində müxtəlif bə­hanələrlə danışıqlar prosesini pozan, sül­hə ümidlərin göyərməyə başladığı anda mövqeyini yüz səksən dərəcə dəyişən İrəvan indi də siyasi avantüralara, hərbi təxribatlara, sabotaja əl atmaqla pozitiv diplomatik təşəbbüslərin hamısının üs­tündən xətt çəkmiş oldu. 

Bakının Qarabağdan çıxmağa tələs­məyən Ermənistan ordusuna qarşı anti­terror əməliyyatına başlaması üçün bütün hüquqi əsaslar göz qabağındadır:

• Rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tanı­maqdan boyun qaçırması;

• İrəvanın imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, Rusiya sülhməramlıları­nın Qarabağda müvəqqəti yerləşdirilməsi ilə paralel olaraq Ermənistan ordusunun qalıqlarının torpağımızdan çıxmaması; 

• Ermənistan rəhbərliyinin ən müxtəlif bəhanələrlə sülh sazişinin imzalanması müddətini uzatması; 

• Həm dövlət sərhədində, həm də Rusiya sülhməramlı kontingentinin məsu­liyyət zonasında Azərbaycan Ordusunun mövqelərinin mütəmadi atəşə tutulması;

• İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bəndlərindən birinin- nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması şərtini yerinə yetirməkdən imtina etməsi;

• Ermənistanın revanşist niyyətlə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi; 

• Beynəlxalq miqyaslı tədbirlərdə, konfrans və forumlarda Ermənistanın baş nazirinin ölkəmizin ünvanına hüquqa zidd, yalan və şər-böhtan xarakterli itti­hamlar səsləndirməsi;

• Rəsmi İrəvanın özünü müharibəni uduzmuş tərəf kimi deyil, təkəbbürlü qalib kimi aparması. 

Sadaladığımız bu müddəalardan hər biri, hətta ayrılıqda müharibəyə başlama­ğa zəmin yaradır. Azərbaycanın məhz bu zəminə və BMT Nizamnaməsinin 7-ci maddəsinə söykənərək, ləngimədən sül­hə məcburetmə əməliyyatına başlamaq hüququ var.

Amma... Cənab Prezidentin dediyi kimi, biz hələ ki, müharibə istəmirik. 

Nə qədər gec deyil, beynəlxalq icti­maiyyət, dünya gücləri Ermənistan rəh­bərliyinin qulağını çəkməli, onu növbəti və daha dərin uçuruma yuvarlanmaqdan çəkindirməlidirlər. 

İndi Ermənistan rəhbərliyi dilemma qarşısındadır: hərb, yoxsa sülh? Ümid edirik ki, İrəvan ağlını başına toplayıb bu sualın ən doğru cavabını özü tapacaq. 

Yazımızı Azərbaycan Respublikası­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tarixdən ibrət dərsi götürməli olan ermənilərə xitabən dediyi aşağıdakı ibrətamiz sözlərlə ye­kunlaşdırırıq: 

• “Bu, Ermənistan üçün dərs olmalı­dır. Onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə! Baxın, görün, 30 il ərzində müstəqil döv­lət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa? Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlər­dən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə sal­dı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı”. 

Əgər Ermənistan bundan daha betər günə düşməyi arzulamırsa, üzərinə ye­riyən növbəti fəlakətin qarşısını almalı, özü-özünü gətirib çıxartdığı qırmızı xət­tin üzərindən geri çəkilməlidir. Yoxsa, hayların son aqibəti baron Münhauzenin məşhur deyimindəki kimi olacaq: suda batanların xilas edilməsi onların öz ümi­dinə qalır... 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət