Qərbi Azərbaycana qayıdış – BMT-də ikinci uğur və nikbin gələcək üçün növbəti əsas

post-img

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının (QAİ) Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. İlk sənədin yayılması isə bu il martın əvvəlinə təsadüf etmişdi. Qısa müddətdə mövcud istiqamətdə belə uğurların əldə edilməsi son dərəcə qürurvericidir. Şübhəsiz, bu, eyni zamanda aparılmış ardıcıl və məqsədyönlü fəaliyyətin effektiv nəticəsidir. 

Fəaliyyətin əsası isə ötən il dekabrın 24-də qoyulmuşdu. Həmin gün, yəni özü­nün doğum günündə Azərbaycan Pre­zidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şə­raitlə tanış olmuş və Qərbi Azərbaycan­dan olan bir qrup ziyalı ilə görüşmüşdü. 

Dövlətimizin başçısı görüş zamanı çıxış edərək bildirmişdi: “Qərbi Azərbay­can bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xə­ritələr təsdiqləyir, bizim tariximiz təsdiqlə­yir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbay­canlıların tarixi irsini silmək istəyiblər, an­caq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstə­rir ki, Qərbi Azərbaycan tarixi Azərbay­can diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas və­zifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəti­cəyə hesablanmış tərzdə aparacaqdır”.

Bəli, Prezidentin vurğuladığı tərzdə kifayət qədər məqsədyönlü işlər aparılıb və bildirdiyimiz kimi, Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT sənədi kimi artıq ikinci dəfə rəsmiləşmə­si konkret nəticədir. Qeyd edək ki, indiki Ermənistan ərazisindən qovulmuş Azər­baycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququ­nun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mə­dəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Kon­sepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qal­dırılması, insan hüquqlarının təşviq olun­ması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. 

Bütün bunlar isə gələcək üçün kifayət qədər tutarlı istinadgahlardır, hüquqi mahiyyət daşıyan rıçaqlardır. Onu da vurğulamaq lazımdır ki, bu konsepsiya­nın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbay­can mövzusunu təhrif etməsi imkanları­nı daha da azaldır. Nəticə etibarilə, bu, İrəvanın İcma ilə danışıqlara başlaması­na çağırışdır. Deməli, mövcud istiqamət­də beynəlxalq prosesin başlanması da mümkündür. 

Bütün bunların yaşanması isə həm də fədakar əməyin məhsuludur. Yeri gəlmişkən, Prezident İlham Əliyev icma nümayəndələri ilə görüşündə də məhz bu barədə söz açmış və bildirmişdi ki, xalqımız əsrlər boyu öz hüquqlarını qoru­maq üçün, tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir: “An­caq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma tor­paqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə ya­radılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağış­lanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.

Dövlətimizin başçısının diqqətə çat­dırdığımız fikirlərinə əsasən deyə bilərik ki, Qərbi Azərbaycana Qayıdış Konsepsi­yasının BMT-nin sənədi kimi növbəti dəfə yayılması, eyni zamanda, tarixi ədalətin bərpası istiqamətindəki mühüm addımlar­dan biridir. Nəzərə alaq ki, Konsepsiyanın qurumun ən mötəbər orqanlarının gün­dəliyində yer alması azərbaycanlıların öz evlərinə qayıtmasının, təməl insan hüquq­larının qorunmasının, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın zəruriliyi­nin beynəlxalq müstəvidəki təsdiqidir. 

Qeyd edək ki, bu ilin yanvar ayında Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Yan­varın 26-da Qayıdış Konsepsiyası qə­bul edilmişdi və həmin sənəddə indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün QAİ-nin həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə müəyyən­ləşdirilmişdi. 

Onu da bildirək ki, konsepsiya bey­nəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Dövlətimizin başçısı QAİ təmsilçiləri ilə görüşündə də bu məqama toxunmuş­du. “Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb et­məyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmış­dıq”, – deyə Prezident İlham Əliyev vur­ğulamışdı. 

Əlbəttə, Qarabağdakı erməni vəhşi­liyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığımız kimi, bu vəhşiliyin Qərbi Azərbaycandakı təzahür formalarını da yüksək səslə bəyan etməyi bacarmalı­yıq. Mövcud fəaliyyət azərbaycanlıların timsalında yalnız bir xalqın pozulmuş hüquqlarının bərpasına yönələn iş deyil. Bu fəaliyyət, eyni zamanda, dünya üçün də presedentdir. Axı dünyada da öz doğ­ma yurd-yuvalarından, ata-baba məs­kənlərindən zorla qovulmuş xalqlar var. Belə qeyri-insanı halların mövcudluğu isə bütövlükdə bəşəriyyət üçün təhdiddir. Deməli, bununla bağlı beynəlxalq birlik­də ciddi müqavimət hissi olmalı, huma­nizmdən uzaq təmayüllərə münasibətdə mənəvi immunitet formalaşmalıdır. Əslin­də QAİ-nin apardığı təbliğatın, gördüyü işlərin motivində həm də bu amil dayanır. 

Ermənistan daxilində də QAİ-nin apar­dığı beynəlxalq miqyaslı fəaliyyətdən söz açılır və əndişə duyulur. Haylar azərbay­canlıların qayıdış ideyasını, bir növ, sün­gü ilə qarşılayır. Əslində Azərbaycan Pre­zidenti də dekabrın 24-dəki görüş zamanı çıxış edərkən Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qaldıqlarını, onların hüquqlarının bərpasının vacibliyini vurğulamaqla yana­şı, erməni siyasi rəhbərliyindəki ehtimal olunan psixozla əlaqədar da proqnozu­nu vermişdi: “Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqla­rımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiya­lar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.

Bəli, QAİ bundan sonra da fəal olmalı, başladığı yüksək səviyyəli işin davamın­da israrlı olmalıdır. Göründüyü kimi, quru­mun fəaliyyəti artıq öz bəhrəsini vermək­dədir və bundan sonra da verəcəkdir. 

 

R.AMİN

Siyasət