İrəvanın terror siyasəti bölgədə yeni hərbi qarşıdurmanı qaçılmaz edir

post-img

Ermənilərin Xəlfəli–Turşsu yolundakı təxribatının ardınca, həmin istiqamətdə ermənilərə məxsus hərbi kolonun hərəkə­ti müşahidə edilib. Bununla bağlı mediada yer alan görüntülərdə hərbi kolonun Ru­siya sülhməramlıları tərəfindən müşayiət edildiyi aydın şəkildə öz əksini tapıb. 5 mart hadisəsindən sonra qanunsuz yük daşımalarını davam etdirməsi rəsmi İrə­vanın təxribat siyasətindən əl çəkmədiyini göstərir. Paşinyan hökumətinin ölkəmizə qarşı terror və təxribatçılıq siyasətini ge­nişləndirməsi, dövlətimizin ərazi bütövlü­yü və təhlükəsizliyi üçün təhdid mənbəyi olaraq qalması Azərbaycanı hərbi müstə­vidə sərt addımlar atmaq zərurəti ilə üz-üzə qoyur. 

Anti-terror əməliyyatının 5 əsas səbəbi

Azərbaycanın sülhə gəlməyən Ermə­nistana qarşı yeni anti-terror əməliyyatı həyata keçirməsini zəruri edən 5 əsas səbəb var. Bunlardan biri İrəvanın rəsmi şəkildə üzərinə götürdüyü 10 noyabr Bə­yanatının şərtlərini yerinə yetirməməsidir. Sözügedən bəyanatda erməni silahlıları­nın Azərbaycan torpaqlarını tərk etməsi, tərəflər arasında sülh müqaviləsinin imza­lanması nəzərdə tutulur. Rəsmi İrəvan iki ildən çoxdur ki, bu öhdəliklərə əməl etmir, sazişi də heçə sayır.

Anti-terror əməliyyatını zəruri edən ikinci səbəb Ermənistanın bu gün də ölkə­mizə qarşı mina terrorunu davam etdir­məsidir. 

Torpaqlarımızda 2021-ci il istehsalı olan minaların aşkarlanması, erməni se­paratizminin müharibədən sonra da mina terrorunu davam etdirdiyini göstərir. Azər­baycan tərəfinin bu təxribatı dayandır­maqla bağlı çoxsaylı çağırışlarına məhəl qoymayan İrəvan bununla post-müharibə reallığını dəyişdirməyə, təmas xəttində təşəbbüsü ələ almağa çalışır.

Yeni hərbi əməliyyatları vacib edən üçüncü amil Ermənistan tərəfinin mütə­madi şəkildə ordumuzun mövqelərini atəşə tutması, bölgədəki kövrək sabitliyi vaxtaşırı pozmasıdır. Bu yolla Azərbay­canı təxribata çəkməyə çalışan İrəvan beynəlxalq platformadakı havadarlarının vasitəsilə yeni reallıq yaradacağına inanır.

Azərbaycanı anti-terror əməliyyatla­rına təhrik edən dördüncü amil Rusiya sülhməramlıları və Avropa İttifaqının mis­siyasının uğursuz fəaliyyəti ilə bağlıdır. Üstəlik, baş verənlərin mahiyyətini təhrif edən məlumatlar yayırlar ki, bu da Azər­baycanın proseslərə bilavasitə və qəti müdaxiləsini zəruri edir. 

Beşinci amil erməni təxribatlarının sa­dəcə hərbi müstəvidə deyil, siyasi-diplo­matik, informasiya və digər platformalarda da davam etməsi, hibrid müharibə forma­sını almasıdır. Ölkəmizin bütün platforma­larda təxribatlara cəlb edilməsi problemin biryolluq və prinsipial həllini aktuallaşdı­rır ki, bu da “dəmir yumruğun” yenidən hərəkətə keçməsi ilə mümkündür.

30 ildə bacarmadığını 3 ildə etmək istəyir

Ermənistanın açıq terror və təxribat siyasəti onun Azərbaycanı yeni hərbi qarşıdurmaya cəlb etməkdə maraqlı ol­duğunu göstərir. 2020-ci il 10 noyabr Bə­yanatının yerinə yetirilməməsi, ordumu­zun mövqelərinin tez-tez atəşə tutulması, mina terrorunun davam etdirilməsi və s. bunu göstərir. Maraqlıdır, İrəvan 30 illik hazırlıq mərhələsindən sonra bacarmadı­ğı işi 3 illik hazırlıqdan sonra görəcəyinə ümid edir. Hansı məntiqlə?

Vətən müharibəsində Ermənistan Azərbaycana qarşı bütün havadarlarının gücündən istifadə edirdi. Ancaq Ermənis­tanın sahib olduğu üstünlüklərin heç biri onun qələbəsini təmin etmədi. Əksinə, Azərbaycan 44 gün ərzində ildırımsürət­li müharibə taktikası ortaya qoymaqla sübut etdi ki, onu heç bir güc dayandır­maq qüdrətinə malik deyil. Belə olan hal­da, Ermənistanın 3 ilə yaxın hazırlıqdan sonra Azərbaycana diş qıcaması, buynuz göstərməsi intihar qərarından başqa bir şey deyil.

Deyəsən, İrəvanın yürütdüyü terror siyasəti bölgədə yeni hərbi qarşıdurmanı qaçılmaz edəcək. Yuxarıda qeyd etdiyimiz kimi, bu qarşıdurma nəticəsində Ermə­nistanda hərbi qəbiristanlıqların sayının sürətlə artacağı şəksizdir. Bu isə Ermə­nistanın indiki hakimiyyətinin öz xalqına, onun bugününə və gələcəyinə verə bilə­cəyi “ən böyük töhfəsi” olacaq.

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət