Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi Qrupunun Zəngilan rayonunun Ağalı kəndində iclası keçirilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev iclası açaraq təhlükəsizliyin vacibliyini vurğulayıb, həmçinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının bərpa olunan enerji potensialından və burada həyata keçirilməsi planlaşdırılan layihələrin əhəmiyyətindən danışıb.
Sonra Prezident Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri Əlaqələndirmə Qərargahı çərçivəsində aidiyyəti qurumlararası fəal əlaqələndirmə təmin olunmaqla sürətlə davam edir.
İşçi Qrupun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov çıxışında “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində energetika sahəsinə dair müəyyənləşdirilmiş tapşırıqların icrası haqqında danışıb. Enerji infra-strukturunun qurulması və regionun bərpa olunan enerji də daxil olmaqla enerji potensialından səmərəli istifadə çərçivəsində elektrik, təbii qaz və istilik təchizatının qurulması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrasına dair təqdimat nümayiş etdirilib.
İşğaldan azad olunmuş ərazilərdə ötən dövr ərzində yarımstansiyaların tikintisi, elektrik xətlərinin çəkilişi, dayaqların və transformatorların quraşdırılması istiqamətində görülən işlər, reallaşdırılmaqda olan layihələrin icra qrafiki və planlaşdırılan işlər barədə məlumat verilib. Bu ərazilərin, xüsusilə də Laçın rayonunun birinci mərhələdə qazlaşdırılması planlaşdırılan Zabux və Sus kəndlərinə təbii qaz təchizatına dair təqdimat dinlənilib.

