Bu, gözlənilən idi. Söhbət Rusiyanın Ermənistan – Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı Qərbə qarşı irəli sürdüyü ittihamlara cavabların gəlməsindən gedir. Necə də gəlməsin? Axı, Moskva Qərbin Cənubi Qafqazdakı vasitəçilik missiyasını özünün regiondan çıxarılması cəhdi kimi görür.
Mətləbə keçməzdən öncə, bəzi suallara aydınlıq gətirək. Olmazmı ki, Rusiya Ermənistan–Azərbaycan münasibətlərinin sahmana salınmasını özünə qarşı təhlükə saymasın? Olmaz!
Birincisi, Kremldə yaxşı anlayırlar ki, bu missiya heç bir halda ədalətli olmayacaq. Yəni, mümkün deyil ki, təşəbbüs özündə beynəlxalq hüququn norma və prinsipləri üzrə fəaliyyəti rəhbər tutsun. Hər halda ortada, 30 ilə yaxın müddətdə davam edən danışıqlar prosesi kimi, yarıtmaz təcrübə var. Həmin prosesdə Qərb ədalət prinsiplərindən çıxış etmədi. İndi niyə çıxış etsin ki? Nə dəyişib? Bəli, Azərbaycan daha da güclənib, inkişaf edib. Ölkəmiz öz həqiqətlərini və prinsiplərini diktə etmək əzmindədir. Bu, öz yerində. Ancaq Qərb üçün məsələnin önəmi varmı? Adı üzərindədir – vəhşi Qərb. O Qərb neçə-neçə hakimiyyəti öz maraqları naminə devirmədimi? Devirdi. O Qərb, nə vaxtsa, səmimi davrandımı? Davranmadı.
Əlbəttə, sadəlövh olub beynəlxalq ictimaiyyətdən ədalət tələb edən deyilik. Yaxşı bilirik ki, ədalətin zəfər çalması üçün çalışmaq, ayaqda möhkəm dayanmaq lazımdır. Ədalət gücdür, bunu da gözəl anlayırıq. Nəhayət, ədaləti güc yolu ilə bərpa etmişik. Torpaqlarımızın işğalına son qoymuşuq.
Digər tərəfdən, Azərbaycan 30 ilə yaxın müddətdə güclü olmaq naminə əzmlə çalışdı, öz ədalətinin təcəllisi üçün ciddi zəmin formalaşdırmağı bacardı. Təbii ki, ölkəmizin bu prioriteti Qərbdə kimlərisə narahat etdi və etməkdədir. Bunu Rusiya da yaxşı bilir. Bir halda ki, İlahi ədalət, səmimiyyət yoxdur, Moskva da öz ədalətini diktə etmək istəyəcək.
İkincisi, bəli, Rusiya dünyanın ədalətsizliyindən halidir. Moskvanın Cənubi Qafqaz aktivliyinə reaksiyalar da, əslində, dediyimizin təsdiqidir. Qərb hazırda çalışır ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi fonundakı aktivliyini özünün ənənəvi anti-Rusiya kampaniyasından kənarda tutsun. Çünki o kampaniyanın da beynəlxalq hüquqa zidd, ziyanlı tərəflərini görür və bu görüntü, istər-istəməz, Qərbin ictimai rəyində də etiraz doğurmaqdadır. Hələ iqtisadi zərərlərdən danışmırıq…
Buna görə də Cənubi Qafqaza münasibətdə yanaşma fərqlidir. Əslində, Rusiya bölgədə özünə qarşı ikinci cəb-həsinin açılmasını istəmədiyi kimi, Qərb də burada Rusiyaya qarşı ikinci cəbhənin olmasını arzulamaz. Axı, total antipatiya simpatiya da doğura bilər. Hər halda, dərindən yanaşsaq, Rusiyanın itirəcəyi heç nə yoxdur və bunu dünyada yetərincə yaxşı dərk edirlər. Onsuz da Ukrayna cəb-həsində ölkə itirə-itirə gedir. Onun tam sarsıdılmasının da vaxtı var. Bu vaxt ərzində Qərb dözə biləcəkmi, əsas məsələ, həm də budur.
Moskva göz yaşlarına inanmır
Bütün bunlara görədir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda olarkən bildirir ki, Cənubi Qafqaz Aİ-nin qonşuluğundadır və bu regionda sülh, sabitlik və firavanlıq, tamamilə, bizim marağımıza uyğundur. Yəni, Rusiya qədər biz də qonşuluğumda qeyri-sabitliyin olmasını istəmirik. Ən əsas məqam budur: necə ki, Moskva bölgəyə iddia edir, biz də etmək ixtiyarındayıq. Klaar, əslində, belə demək istəyirdi.
“Biz bütün səylərimizi göstərərək, ruslara vurğulamağa çalışmışıq ki, Aİ üçün bu, bir növ, geosiyasi oyun deyil. Xanım Zaxarovanın deməyi xoşladığı kimi. Aİ üçün bu, qonşularımız olan Ermənistan və Azərbaycana münaqişə irsini aradan qaldırmaqda, onun öhdəsindən gəlməkdə kömək etməkdən ibarətdir. Yeganə marağımız budur. Çünki qonşularımız daha yaxşı vəziyyətdədirsə, biz bir o qədər yaxşıyıq və bu, o qədər sadədir. Mən şad olardım ki, Moskvada da bunu başa düşsünlər ki, əgər, əslində, eyni məqsədimiz varsa, biz bunu, bir növ, rəqabət kimi görməkdənsə – hansı ki, bu, Aİ-nin perspektivindən uzaq bir yanaşmadır – bir-birimizin səylərini tamamlaya bilərik”, –deyə Toivo Klaar qeyd edib.
Bəli, bildirdiyimiz kimi, Aİ-nin xüsusi nümayəndəsi, necə deyərlər, Moskvanı göz yaşlarına inandırmaq niyyətindədir. Onu da dedik ki, Moskva göz yaşlarına inanmır və çalışır ki, Qərbin Cənubi Qafqaza yanaşmasını birincinin Ukrayna münaqişəsinə münasibəti kontekstində təqdim etsin. Baxın, cənab Klaar Mariya Zaxarovanın (Rusiya XİN-in rəsmi nümayəndəsi - red.), müəyyən mənada, konspriativ sayılacaq fikir gündəminə münasibət bildirir, ikincinin “Qərb oyun oynayır” məntiqini məsxərə predmetinə çevirib onun qeyri-ciddiliyinə eyham vurur. Zaxarova yanılırsa, bunu sübuta yetirmək lazımdır. Yəni, sübut etmək olmur. Niyə?
Həm də ona görə ki, Kremlin Cənubi Qafqaz müstəvisindəki anti-Qərb təmayülünün dövriyyəyə girmədiyi bir məqamda, Aİ Ermənistan-Azərbaycanmünasibətlərinin tənzimlənməsi istiqa- mətində uğurlu vasitəçilik həyata keçirirdi və məsələyə Kremldən hər hansı mənfi reaksiya yox idi. Söhbət Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə gerçəkləşmiş Azərbaycan və Ermənistan liderlərinin görüşlərindən gedir. Prosesi korlayan Aİ-nin özü oldu. Qurum zəiflik göstərdi, Fransanın ermənipərəstliyi qarşısında duruş gətirə bilmədi və nəticədə Şarl Mişelin missiyası iflasa uğradı.
Rusiya, məhz, bundan sonra vasitəçilik məsələsində Qərbə, belə demək mümkünsə, dirəniş göstərməyə başladı. Yəni, Cənubi Qafqazdakı hazırkı status-kvo etibarilə, ziddiyyətlərə ilk start verən Rusiya yox, Qərbin özü oldu. Moskva bunadək oyun qaydalarına sadiq idi. Öz vasitəçilik missiyası ilə məhdudlaşırdı. Hələ biz Fransa prezidenti Emmanuel Makronun Ermənistanı müdafiə edərkən, Rusiyanın müttəfiqi İrəvanın maraqlarını satdığını iddia edən bəyanatını bir kənara qoyuruq. Hərçənd, bu, heç də adi məsələ deyildi.
Klaar fərqindədir ki, Fransa…
Əslində, Qərb hazırda Makronun yaratdığı problemi aradan qaldırmaqla məşğuldur. Axı, T.Klaarın, M.Zaxarovaya münasibətə nəzərən, haqqında söz açdığı oyun qaydalarını pozan Fransa olmuşdu. Ölkə prezidenti elə bir böyük səhvə yol vermişdi ki, hazırda bu səhv Cənubi Qafqazdakı başlıca aktor olan Azərbaycanda Qərbə münasibətdə etimadsızlıq yaradıb. Makron, bəlkə, fərqinə varmadan, Qərbin ənənəvi erməni təəssübkeşliyindəki bütün kartları ortaya qoyub. İş o yerə çatıb ki, hətta, klassik ermənipərəstliyin ilhamvericisi sayılan Rusiya da bu təəssübkeşliyi qəbul etmək istəmir, onu özünə qarşı təhdid sayır. Halbuki, 30 il müddətində Qərbin və Rusiyanın erməni təəssübkeşliyində uzlaşma olub və bunun nəticəsində Azərbaycan torpaqları işğalda qalıb.
Yeri gəlmişkən, T.Klaar da fərqindədir ki, Makron Ermənistan–Azərbaycan normallaşmasına ciddi zərər vurmaqla, Aİ-nin də Cənubi Qafqaz siyasətinə xələl gətirib, eyni zamanda, bu, Moskvanın aktivləşməsi reallığını doğurub. Bu səbəbdən, Fransa dövlət başçısının fikrini söyləyirmiş kimi davranaraq bildirir ki, Makron Azərbaycan və Ermənistan liderlərini Brüsseldə görmək arzusundadır. Deməli, Aİ Fransanı prosesdən geri tutmaq istəyir ki, 2022-ci ilin oktyabrına qədərki üstünlüyü geri qaytarsın.
Aİ, həmçinin Şarl Mişelin missiyasını da bərpa etmək niyyətindədir. Bu məramı Klaar da açıqlayıb. “Aİ Şurasının sədri Şarl Mişelin yanaşması ondan ibarətdir ki, iki liderin Brüsselə qayıdışı, şübhəsiz ki, vacib olacaq. Çünki söhbət təkcə Brüsseldən getmir - son bir neçə ay ərzində Ermənistan və Azərbaycan liderləri bir dəfə də olsun görüş keçirməyib. Düşünürük ki, onlar üçün müntəzəm olaraq görüşmək və mühüm məsələlərin mahiyyəti üzərində işləmək vacibdir. Bu mənada, prezident Mişel, həqiqətən, liderlərin yenidən Brüsselə gəlməsini istəyir. Bir neçə həftə əvvəl o, Münxendə liderlərlə görüşüb”.
Makron ABŞ-a da ziyan vurub
Bəli, Fransa prezidentinin ötən ilin oktyabrında yol verdiyi səhv, o cümlədən, anti-Rusiya tezislərlə yanaşı, Azərbaycanı işğalçı adlandırması, istər-istəməz, Qərbin daha bir təmsilçisi sayılan ABŞ-ın Cənubi Qafqaz maraqlarına təsirsiz ötüşməyib. Rusiya Birləşmiş Ştatları da, loru dildə desək, tərəzinin gözünə qatıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bu günlərdəki açıqlaması da bu yanaşmaya müqavimət məntiqinə köklənmişdi.
Prays Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıda səfəri zamanı Moskvanın əlaqələndirici rolunun əhəmiyyətini vurğulayan açıqlamasına cavab olaraq bildirmişdi ki, Ağ ev Azərbaycan və Ermənistan arasında vasitəçi yox, tərəfdaşdır. “Bu sual tərəflərinin özünə olmalıdır və biz özümüzü heç bir digər vasitəçilik təklifi ilə qarşılaşdırmağa hazırlaşmırıq. Biz mahiyyətcə vasitəçi deyilik. Biz iki ölkənin tərəfdaşıyıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkə ilə olan münasibətimizin xarakterini, onları yaxınlaşdırmaq bacarığımızı, bizim Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə irəliləyişə yol açmaq istək və hazırlığımızı nümayiş etdirmişik”, –deyən Dövlət Departamentini sözçüsü əlavə etmişdi ki, Vaşinqton fəaliyyətini Moskva ilə rəqabətə girmək məqsədilə gerçəkləşdirmir: “Biz bunu bu iki ölkə arasında, uzun müddətdir davam edən mübahisənin və təəssüf ki, martın 5-də olduğu kimi, daim insanların həyatına son qoyan mübahisənin nizamlanmasına və həllinə nail olmaq üçün edirik. Burada bizim marağımız sülh və təhlükəsizlikdir. Bu, Ermənistan və Azərbaycan xalqlarının da maraqlarına uyğundur”.
Azərbaycanla barışmaq mütləqdir, Ermənistan bunu anlamır…
Qeyd etdiklərimizə nəzərən belə bir sual meydana çıxır: Hazırkı Qərb aktivliyi Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanmasının ədalət məntiqinə töhfə vermək məramına hesablanıbmı? Belə görünür ki, yox. Son illərin mənzərəsi göstərir ki, Rusiya zaman-zaman Ermənistanla münasibətlərinin gərginliyi fonunda Qarabağın Azərbaycana məxsusluğunu açıq bəyan edən fikirlər səsləndirməkdədir. Yəni, Kreml özünə sərf edəndə, şantaj məqsədilə də olsa, İrəvana əks çıxır. Bəs, Qərb?
Qərbdən gələn çağırışlar, tam başqadır. Əlbəttə, o, Azərbaycan faktorunu qəbul etmək məcburiyyətindədir. Ancaq Bakının ədalətini müdafiə etməkdə israrlı deyil. Əksinə, çalışır ki, münaqişə uzansın və bu yolla erməni maraqlarının 44 günlük müharibə ilə üzləşdiyi acınacaqlı durum dramatikləşməsin. Vasitəçilik məntiqi də buna görədir.
Əlbəttə, Ermənistanın siyasi hakimiyyəti məsələnin məğzini anlayan deyil və baş nazir Nikol Paşinyan fikirləri ilə elə fon yaradır ki, sanki, beynəlxalq ictimaiyyət “demokratiya qalası” olan Ermənistanı müdafiə etməyə borcludur. Tipik erməni təfəkkürü: kimsə onları qorumalıdır. 44 günlük müharibəni də eyni ümidlə başlamışdılar. Axırda rüsvayçılıq baş verdi. Məlum oldu ki, “demokratiya” ədalətin zopası qarşısında acizdir. İndi avropalılar İrəvana həm də bunu başa salmaq istəyirlər…
Əlbəttə, bu yerdə Rusiyanın da münaqişənin uzanmasında marağının olduğunu söyləməliyik. Deməli, yekun nəticədə hər şey Azərbaycanın iradəsindən asılıdır. Ölkəmiz necə davranacaqsa, Cənubi Qafqazdakı reallıqlar o tərzdə formalaşacaq. Bu davranış, hətta Ermənistan dövlətçiliyinin sonu olsa belə, Qərb və Rusiya eyni ampluada, daha doğrusu, eyni seyrçilikdə qalacaqdır. Sadəcə, Bakı maksimum dərəcədə, diplomatik yola üstünlük verir, səbr göstərir. Necə deyərlər, prosesi aramla yetişdirmək yolu tutur. Ermənistanın son davranışları isə ölkəmizin səbr kasasını daşırmaqdadır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

