Türkiyə yeni seçki ərəfəsindədir. Bu il mayın 14-də ölkədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Hazırda qardaş ölkədə zəlzələnin yaratdığı problemlər ön planda olsa da, bu əsas məsələ də diqqətdən yayınmır.
Əlbəttə, əsas müzakirə mövzusu prezidentliyə namizədlərin kimliyidir. Namizədlərdən biri aydındır – hazırkı Prezident, hakim Ədalət və İnkişaf Pariyasının sədri Rəcəb Tayyib Ərdoğan. Artıq birləşmiş müxalifət də vahid namizədini müəyyənləşdirib. Bu, “Altılı masa”da (Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası və Gələcək Partiyası) razılaşdırılmış namizəd Kamal Kılıcdaroğludur.
Ekspertlər hesab edirlər ki, növbəti seçkilərin qalibi Rəcəb Tayyib Ərdoğan olacaq. Bu da təsadüfi deyil. Çünki Türkiyənin hazırkı Prezidenti özünün çoxvektorlu siyasəti ilə dünyada tanınmış və qəbul olunmuş liderdir, kifayət qədər parlaq simadır. Təsadüfi deyil ki, Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-ın sabiq prezidenti Donald Tramp Ərdoğanın adını dünyanın dörd ən böyük siyasətçisi sırasında çəkirdi.
Həqiqətən, Prezident Ərdoğan ölkəsinin milli maraqlarının qorunması və sonadək müdafiəsi naminə cəsarətli addımlar ata bilən, özünün siyasi xəttini dönmədən həyata keçirməyi bacaran liderdir. O, hakimiyyətə gəldiyi ilk gündən müstəqil siyasət yürütməsi ilə seçilib. İlk növbədə, sələflərinin “Ölkədə sülh, cahanda sülh” devizini uğurla tətbiq edib. Bundan əlavə, “Qonşularla sıfır problem” tezisini irəli sürərək, Türkiyənin yaxın-uzaq ölkələr, xüsusən qonşular üçün açıq olduğunu, problemli məsələlərin həllinə hazır olduğunu vurğulayıb.
Əlbəttə, qardaş ölkənin dövlət başçısından danışırıqsa, gözlərimiz önündə onun 44 günlük müharibə müddətində verdiyi bəyanatlar canlanır. Qətiyyətlə söyləyə bilərik ki, Ərdoğan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını sərt şəkildə pisləyən, İkinci Qarabağ savaşı müddətində haqq səsimizi ucaldan, ölkəmiz üçün həssas məqamda prinsipial dəstək verən fenomendir. Ümumən, o, Azərbaycana real dəstək baxımından sələflərinin hamısını geridə qoymuş liderdir.
Məhz Ərdoğanın şəxsində Azərbaycan xalqı əsil türk qardaşlığının, misilsiz təəssübkeşliyinin nümunəsini ən yüksək səviyyədə hiss edib. Türkiyənin hazırkı dövlət başçısı ölkəsinin Ermənistanla münasibətlərində Azərbaycan amilini həlledici məqam kimi siyasət meydanına daşımağın bənzərsiz və təkrarsız təcəssümüdür.
Ərdoğan Suriya münaqişəsinin həlli,bu ölkənin milyonlarla vətəndaşının qaçqınlıq həyatına son qoyulması üçün böyük diplomatik səylər göstərdi. Bu istiqamətdə həm Qərb, həm də Rusiya ilə ardıcıl və məqsədyönlü danışıqlar apardı. O, böyük faciələr yaşamış Suriya torpağına sülh gətirmək üçün istər İŞİD, istərsə də PKK-YPG-PYD ilə mübarizə apardı. Rusiya–Türkiyə–İran üçbucağı müstəvisində ölkəyə sülh gətirilməsinə çalışdı. Bütün bu səylərlə yanaşı, Türkiyə altı milyona qədər suriyalıya qucaq açdı, sığınacaq verdi, sözün həqiqi mənasında, sahib çıxdı. Türkiyə lideri bu gün də onların azad və sərbəst şəkildə öz vətənlərinə qayıtması üçün siyasi fəaliyyətini davam etdirir.
Ərdoğan regionda “terrorizmə son” şüarını irəli sürdü və istər qonşu Suriya, istərsə də İraq ərazisində terror qruplaşmalarına qarşı amansız mübarizə apardı. Məqsədi terrorizmin kökünü qazımaq idi. Mövcud istiqamətdə kifayət qədər böyük işlər gördü. Yaxın və Orta Şərq coğrafiyasında xeyli sayda terrorçunun məhvi, onların sığınacaqlarının darmadağın edilməsi, ümumən, antiterror hədəflərinin dünyaya açıq formada bəyan edilməsi, bununla əlaqədar barışmazlığın nümayişi Ərdoğanın adı ilə bağlıdır. Məhz terrorizmlə mübarizə strategiyasının tələbi idi ki, Türkiyə lideri son illərdə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına yol vermir. Təbii ki, məqsəd bu ölkələrə mane olmaq deyil, terrorizmə istənilən dəstəyə son qoymaqdır.
Liviyada daxili vətəndaş müharibəsinin qarşısının alınmasına əvəzsiz töhfələrini vermiş Ərdoğan barışdırıcı missiyasını Ukrayna münaqişəsi üzrə də göstərməkdədir. O, qarşı duran tərəflərin mövqelərinin uzlaşdırılması məqsədilə mümkün olan hər şeyi etməkdədir. Həm Rusiya, həm Ukrayna ilə ardıcıl danışıqlar aparır, Moskvada, Kiyevdə, İstanbulda danışıqların təşəbbüskarı olaraq çıxış edir.
Dünyada taxıl ehtiyatlarının tükənmək üzrə olduğu hazırkı şəraitdə məhz Ərdoğan sinəsini qabağa verdi, Ukrayna və Rusiya ilə danışıqlara başladı. Prosesə BMT-nin Baş katibi Antonio Quterreş də qoşuldu və dünya çörək imtahanı ilə sınağa çəkilməkdən qurtuldu.
Ərdoğan qarşıdakı illərdə də Türkiyənin böyük hədəflərə doğru irəliləyəcəyini vurğulayır. Onun həyata keçirməli olduğu böyük proqramlar mövcuddur. Şübhəsiz, Türkiyə lideri ölkənin müdafiə sənayesini yeni yüksək səviyyəyə qaldırmağı da hədəf seçib.
Təbii ki, bütün bunlar Prezident Ərdoğanın ölkəsi, region, eləcə də bütün dünya üçün etdiyi böyük xidmətlərin hamısı deyil. Və hesab edirik ki, bu xidmətləri türk xalqı unutmayıb və bütün bunlar Ərdoğanın yenidən dövlət başçısı seçilməsində öz sözünü deyəcək.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

