Qlaukoma korluğa səbəb olur

post-img

Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilib. 

“Dünyada qlaukomadan əziyyət çəkənlərin sayı 80 milyon nəfərdən çox­dur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma korluğa sə­bəb olan xəstəliklər arasında ikinci yer­dədir. Keçirilən konfrans qlaukoma ilə bağlı diaqnostika və müalicəni müzakirə etmək, yenilikləri təhlil etmək məqsədilə təşkil edilib. Konfransda paytaxtla yanaşı, regionlardan olan mütəxəssislər də iştirak ediblər. Eyni zamanda, Türkiyədən olan alimlər onlayn formada qoşularaq təcrü­bələrini bölüşüb, yenilikləri müzakirə edib­lər”.

Bu fikirləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin el­mi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva konfransda çıxış edərkən söylə­yib. O, göz xəstəliklərinin erkən müayinə­si, diaqnostikası və korluğun qarşısının alınması məqsədilə mərkəzin mütəmadi olaraq paytaxt və regionlarda oftalmolo­ji aksiyalar həyata keçirdiyini də diqqətə çatdırıb.

Oftalmologiya mərkəzinin pediatr-of­talmoloqu, tibb üzrə fəlsəfə doktoru Nigar Həsənova “Pediatrik afakik qlaukoma” mövzusunda çıxışı zamanı deyib ki, dün­yada hər il 30 min körpə anadangəlmə katarakta ilə doğulur və hazırda dünyada anadangəlmə kataraktası olan 200 min uşaq var.

Mütəxəssis bildirib ki, üçüncü dünya ölkələrində katarakta səbəbindən uşaq korluğunun rastgəlmə tezliyi daha yük­səkdir: “Kataraktanın cərrahiyyə əməliy­yatından sonra baş verən ikincili qlauko­ma ən təhlükəli ağırlaşma hesab olunur. Pediatrik afakik qlaukomanın rastgəlmə tezliyi 15–45 faiz arasında dəyişir. Həmin oftalmoloji xəstəliyi olan uşaqlara diaq­noz qoymaq çətindir, çünki yüksək göz­daxili təzyiqə baxmayaraq, uzun müddət onlarda başqa əlamət müşahidə edilmir. Simptomlar özünü gec büruzə verdiyin­dən anadangəlmə qlaukoma əlamətləri müşahidə olunmur.

Uşaqlarda lensektomiya (gözə linza qoyulması) təkmilləşdirilmiş texnika və alətlərlə aparılır. Lakin əməliyyatdan son­rakı beş il ərzində 40 faiz hallarda ağırlaş­ma baş verir. Əməliyyatın vaxtının ikincili qlaukomaya ən çox təsir edən amil olması sübuta yetirilib. Belə ki, əməliyyat uşağın 4–8 həftəsindən sonra aparılanda risk azalır. Erkən müdaxilə zamanı isə qlau­koma riski yüksəkdir və uşaq böyüdük­cə proqressivləşən gedişata malik olur. Ümumiyyətlə, pediatrik afakik qlaukoma lensektomiyanın ağırlaşması olaraq dün­yada uşaq korluğunun əsas səbəblərin­dən biridir. Lensektomiyanın körpənin 12-ci həftəsinə qədər təxirə salınması ikincili qlaukoma riskinin xeyli azalmasına gətirib çıxarır”. 

Konfransda, həmçinin “Glokomda cer­rahi karar ve ameliyat sonrası hasta takibi”, “Neovaskulyar qlaukomada pars plana vit­rektomiya və pars plana Baerveldt implan­tasiyasının tətbiqi”, “Oftalmohipertenziya. Diqqətdən kənar qalan nədir?”, “Qlaukoma üzrə klinik halların təqdimatında interaktiv texnologiyaların tətbiqi”, “Üveitik glokom tedavisi”, “Uveal qlaukoma zamanı ney­roprotektor terapiyanın tətbiqi”, “Oftalmoloji yardımın III etapında qlaukoma diaqnozu ilə pasientlərin klinik xüsusiyyətləri” və di­gər mövzuları əhatə edən məruzələr və çıxışlar dinlənilib. 

Qeyd edək ki, Azərbaycan səhiyyə, xüsusilə də oftalmologiya sahəsində son illər bir çox yeniliklərə imza atıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla apa­rılan müzakirələrdə də, paytaxtda və re­gionlarda keçirilən konfranslarda da əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən beynəlxalq və elmi konfranslar buna nü­munədir.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat