Hər dəfə qəfil ölüm səbəbindən həyatını dəyişən olanda ürəyimizlə bağlı problemə, hətta onun hər vurğusunun yerdəyişməsinə belə diqqət etməli olduğumuz yadımıza düşür. Amma nədənsə vaxt azlığını, iş-gücdən macal olmadığını bəhanə edib həkimə getməyi, müayinə olunmağı və dərdimizə çarə etməyi arxa plana atırıq. Onda ayılırıq ki, artıq gecdir: ya əməliyyat, ya da həyata vida!
Bakı Baş Səhiyyə Mərkəzinin məlumatına görə, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ürəyin işemik xəstəliklər şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimovadan qəfil ölüm səbəbilə bağlı mini-müsahibə aldıq. Qeyd edək ki, hər ürək dayanması ölümlə nəticələnmir. Öncə qəfil ürək dayanmasına hansı faktorların səbəb olduğunu soruşduq. Kardioloq bildirdi:
– Ürəyin dayanması o deməkdir ki, ürək fəaliyyəti qəfil durur və klinik ölüm baş verir. Bu zaman xəstənin huşu itir, iri arteriyalarda nəbz vurmur, küylü nadir tənəffüs, dərinin göyərməsi, bəbəklərin genişlənməsi baş verir. Belə hal irsən kardioloji patologiyaları, ürək-damar problemi olan insanlarda hər an baş verə bilər. Diabet, təzyiq, böyrək çatışmazlığı olan xəstələr risk qrupuna aiddir. Qəfil ürək dayanması infarkt deyil. Ürəyi zəif insan qəfildən çox fiziki yüklənəndə, intensiv idmanla məşğul olan zaman ürəyi dayana bilər. Ürək ölümü dərman, spirtli içki, psixotrop maddə qəbulundan da baş verə bilir.
– Ürək xəstəlikləri 20–30 il əvvələ nisbətən cavanlaşıb, elədirmi?
– Hazırda elm və texnikanın inkişafı ilə paralel ürək xəstəlikləri də artıb və gəncləşib. Bu xəstəlikdə ən önəmli risk amili yaşdır. Yaş artdıqca, ürək-damar xəstəliklərinə məruz qalma riski də çoxalır. Müasir dövrdə iş şəraiti, oturaq həyat tərzinə meyillilik, normadan çox qida qəbulu, piylənmə, stress, siqaret çəkmək, havanın çirklənməsi xəstəliklərin yaranma riskini artırır. Deyə bilərəm ki, yalnız Azərbaycanda yox, dünyada ürək xəstəlikləri cavanlaşıb. Ürəyin işemik xəstəliyi olan insanlar 80 faiz hallarda ürək dayanmasından ölür. İşemik xəstəliyin nə vaxt başlayacağı isə yaşa baxmır. Bu, 30 yaşdan sonra da ola bilər, 40 yaş ötəndən sonra da. Ona görə də hər kəsin ildə 2 dəfə ürək-damar sistemi yoxlanmalıdır.
Qəfil ürək ölümü problemi həm tibbi-sosial əhəmiyyətinə, həm də dramatik xarakterinə görə, uzun illərdir ki, səhiyyənin aktual problemlərindən biri olaraq qalır. Belə ölüm kliniki simptomlar başlayandan bir saat ərzində, qan dövranının dayanmasının qəfil inkişaf etməsi başa düşülür. Bu nəticə həkimlər üçün də gözlənilməz olur. Çünki hücum ərəfəsində xəstənin vəziyyəti stabil olur. Bəzi insanlarda ani ürək ölümü, çox vaxt xəstəliyin ilk və son təzahürü olur. Səbəb odur ki, qəfil ürək ölümü əksər hallarda aritmik ölümdür. Bu zaman ilk 5–6 dəqiqədə tibbi yardım göstərilməlidir. Çünki çox vaxt belə ölüm tibb müəssisəsindən kənarda baş verir.
– Qəfil ölümlərin qarşısının alınması üçün hər hansı tədbirlər görülürmü?
– Avropa Kardiologiya Cəmiyyətinin mədəcik aritmiyası olan xəstələrin idarə edilməsi və qəfil ürək ölümünün qarşısının alınması üçün təşkil etdiyi təlimlər yenilənib. Ürək dayanması olan xəstələrin sağ qalmalarına yardım məqsədilə məktəblərdə və əhali arasında ilk tibbi yardım və reanimasiya bacarıqlarının öyrədilməsi tövsiyə olunur. Dünyada hər il 6 milyon insanda qəfil ürək dayanması baş verir. Bunlardan 10 faizdən azı sağ qalır. Sənəddə vurğulanır ki, hər kəs, o cümlədən məktəblilər ürək-ağciyər reanimasiyası həyata keçirə bilməli və avtomatik xarici deflibrilatordan istifadə etməyi öyrənməlidir. Bu hərəkətlər ekspertlərin fikrincə, sağ qalmağa kömək edə bilər. Qəfil ürək ölümlərinin 75–80 faizinin səbəbi koronar ürək xəstəliyidir.
– Həkim tövsiyəsinə hər zaman ehtiyac var...
– Qəfil ürək ölümü riskini azaltmaq üçün sağlam həyat tərzi keçirməyi, pəhriz saxlamağı, siqaretdən imtina, çəkiyə nəzarət və aktiv həyat tərzinə riayət etməyi, həmçinin stress səviyyəsini azaltmağı tövsiyə edirəm. Onu da qeyd edim ki, kəskin koronar sindromu olan xəstələrdə revaskulyarizasiya (şuntlama) ilə mədəcik aritmiyasının və ani ürək ölümü ehtimalı azaldıla bilər. Bu, miokardın qan tədarükünü normallaşdıraraq, ürək fəaliyyətini saxlamağa imkan verir. Kişilər qadınlara nisbətən daha çox ürək dayanması riski daşıyır. Həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıram.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”