Fransız alimi Nikola Bonnal Adolf Hitlerin tərcümeyi-halından çox maraqlı bir detala diqqət yetirir. Sən demə, nasist diktatoru Böyük Britaniyanı, ölkənin ənənələrini sevirmiş. Deyilənə görə, məsələ, hətta, açıq həsəd səviyyəsinədək çatırmış və bu cəhət Hitlerin “dumanlı Albion”a münasibətdəki bir çox addımlarında da öz izahını tapırmış.
Bir neçə il öncə tanınmış mühafizəkar pasifisti Pat Bukanan (o, həm də rəsmi çıxışların mahir hazırlayıcısı kimi də tanınır) Uinston Çerçil (1940–1945 və 1951–1955-ci illərdə İngiltərənin Baş naziri işləyib) haqqında kitab yazmışdı. Həmin əsərdə müharibənin, yəni, II Dünya müharibəsinin zəruri olduğu vurğulanırdı. Amma Bukanana görə, İngiltərə Almaniyaya qarşı müharibə elan etməməliydi. Çünki diktator ölkəni özünün dostu hesab edirdi və istəyirdi ki, Britaniya imperiyası onu da öz himayəsi altına alsın.
Liverpulda indinin özündə də turistlərə Hitlerin olduğu barı göstərirlər. Əlbəttə, dünya zarafatlarsız keçinmir və bəzən zarafatlar şoulara çevrilir, oradan isə reallığa vəsiqə qazanır. Bu mənada hazırkı konspirativ siyasətdə Hitlerin gənclik çağlarında Britaniya casusu olmasına dair fikir maraq doğurur. Hər bir halda qeyd edək ki, alman diktatorun platonik məhəbbət hiss etdiyi sevgilisi zadəgan əsilli ingilis gözəli Yuniti Mitford olmuşdu.
***
Bəli, Hitlerin İngiltərəyə olan münasibəti qəribə təsir bağışlayır. Maraqlıdır ki, XX əsrin tiranı İngiltərə və Amerikanın simasında şimala, elə şimaldakı Avropa ölkələrinə də rəğbət bəstəyirdisə, müttəfiq münasibətlərində olduğu İtaliyadan başqa, belə demək mümkünsə, latın dünyasına nifrət edirdi. Fransadan zəhləsi gedirdi. Rusiyanı yer üzündən silmək, əhalisini isə qula çevirməyi nəzərdə tuturdu. Bu zaman Hitlerin yaxın silahdaşlarından olan Hessin Misirdən, Rozenberqin Baltikyanıdan, Baldurun isə əslən ABŞ-dan olduğunu da vurğulamaq lazımdır. Məsələyə diqqət yetirsək, diktatorun yeritdiyi almanyönümlü siyasətin heç də tam mənada səsləndiyi kimi həyata keçdiyini söyləmək olmur. Çünki siyasət Almaniyada anadan olmayan almanlar tərəfindən hazırlanmışdı və 1900-cü ildə almanların dünya əhalisinin 10 faizini (hazırda 2 faizini) təşkil etdiyini də vurğulamalıyıq. Onu da nəzərə almalıyıq ki, həmin vəziyyət almanların dünyada elə də möhkəm olan koloniyasının olmadığı, ümumən, bütün almanlar üçün vahid sayıla biləcək dövlətin mövcudsuzluğu şəraitinin məhsuludur. Yəni, onların, əslində, modeli yox idi. Görünür, məhz buna görədir ki, məsələn, Hitler sisteminin Argentinada anadan olmuş kənd təsərrüfatı naziri Valter Darre İngiltərənin xırda mülkədarlarına oxşar lendlordlar sinfi formalaşdırmağı planlaşdırırdı.
***
İngilislərə münasibətdə almanların yaşadıqları natamamlıq kompleksi fiziki cəhətdən də özünü göstərirdi və ikincilər yeni torpaqlar ələ keçirməli idilər ki, həmin yerlərin təkmilləşmə modellərini mənimsəsinlər. Hitler bu məsələlərə də nəzər salaraq yazırdı: “Alman xalqı öz övladlarını bir dövlətdə birləşdirməyincə, kolonial (İngiltərə kimi-red.) genişlənməyə mənəvi haqqı yoxdur. Alman dövləti axırıncı almanı öz sərhədləri daxilinə aldıqdan sonra məlum olacaq ki, dövlət öz əhalisini kifayət qədər yedizdirə bilmir. Yaranmış ehtiyac xalqa yad əraziləri ələ keçirmək üçün mənəvi haqq verəcək. O zaman qılınc toxa, göz yaşları torpağı qidalandıran su rolunu oynayacaq ki, bu isə gələcək nəsillərin çörəyə olan tələbatını ödəyəcək”.
Psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freyd nasizmi xarakterizə edərkən, onu tarixəqədərki dövrə qayıdış kimi səciyyələndirirdi. Yuxarıdakı sitata diqqət yetirsək, zənnimizcə mübahisə doğurmur. Əslində, mövcud anlamda nasizmi lənətləmək də olmur. O anlamda ki, bədbəxtləri necə lənətləyəsən?.. Məsələn, Hitlerin yeməyə, torpağa və mühitə münasibəti tarixəqədərki formada idi. O, elə sanırdı ki, ya fironların, ya da orta əsr işğalçılarının dövründə yaşayır. Düşüncəsinə görə, Almaniya ədəbiyyatı ilə özünü ifadə edərkən uduzur, acından ölür, ona görə də əlavə torpaqlara ehtiyacı var. Hitler Krımda apelsin yetişdirməyi arzulayırdı. Beləcə ortaya nasist arzusu – yeni kəndli sivilizasiyasını yaratmaq çıxırdı.
***
Hitler İngiltərəyə münasibətdə o qədər istiqanlı olub ki, hətta, əsrin əvvəllərində beynəlxalq münasibətlərdə özünü həddən artıq hegemon aparmağa çalışan Almaniyanı tənqidə məruz qoyub. Çox maraqlı və təzadlıdır ki, nasist lideri bunları da demişdi: “Almaniya İngiltərəni özünə çəkmək üçün dünya siyasətindən daşınmalıdır. Ticarəti, sənayeni, hərbini, dəniz donanmasını, müstəmləkəçi istəklərini, bir sözlə, hər şeyi kənara qoymalıdır. Koloniyalardan və dəniz dövləti olmaqdan əl çəkməli, bu yolla İngiltərənin bizimlə rəqabət apara bilməsi üçün sənayeyə güc verməsinin qarşısını almalıdır… Əsas gücünü piyada qoşunların yaradılmasına cəmləşdirməlidir”.
Görəsən, Hitler nəyə görə İngiltərəyə münasibətdə özünü kübarcasına aparırdı? Buna elə bir cavab da yoxdur. Axı necə ola bilər ki, bütün dünyanı dağıtmaq istəyən nasist lideri beynində canlandırdığı Britaniya İmperiyası avantürasının əsirinə çevriləydi? Bu yerdə, eyni zamanda Qərbin SSRİ-nin simasında bolşevizmə qarşı mübarizəsinin də dərin mənəvi-ideoloji tərəflərini, ümumən, Avropada nasizmin, əslində, kommunizm ilə mübarizənin məhsulu kimi meydana çıxmasını saf-çürük etmək lazımdır. Amma məsələdən indiyədək çox danışıldığından yalnız xatırlatma veririk. Onu da xatırladaq ki, Amerika rasistlərindən hətta ən qəddər təsir bağışlayanı Stoddart və Qrant üç ağ irqin yaşamasını və xidmətlərini qəbul edirdilər. Onlar ingilis yazıçısı Çemberlenin slavyan xalqlarının geridə qalmış olduqlarına dair baxışlarını bölüşmürdülər.
Hitlerin Çemberlenin ideyaları ilə tanışlığının mövcudluğunu söyləmək mümkündür. Adolf, eyni zamanda bir vaxtlar dostu olmuş kayzer Vilhelmin anti-slavyan fikirlərinə də söykənirdi. Vilhelm də slavyanların slavyan tayfalarına və monqoloidlərə necə çevrildiklərinə izah tapa bilmir və onun düşüncələri soyqırımlara bəraət qazandırmaq baxımından zəifdir. Amma bir fakta nəzər salaq: belçikalı faşist Deqrel rəhbərlik etdiyi qoşunlarla Ukraynaya, konkret olaraq Kiyevə daxil olanda orada ağ insanların mövcudluqlarından xeyli təəccüblənmişdi. Bu adamı gördükləri şəxslərin monqol-tatarlara oxşamaması vəhşətə gətirmişdi. Deməli, bəlli təbliğat forması var imiş və həmin forma Vilhelmdən çox Çemberlenin baxışlarına uyğun gəlir. Filosofun nihilist maniyası əli silah tutan, demək olar, bütün almanları dəli eləmişdi. Görünür, Hitleri də.
Məsələyə digər tərəfdən yanaşaq. Amerika alimi az öncə adını çəkdiyimiz Stoddart qeyd edirdi ki, nasional-imperialistlər irqlər haqqında təlimləri oxuyublar və hazırda həmin təlimlərdə yazılanları öz maraqları naminə istifadə edirlər. Yazıçı buna bariz misal kimi isə Çemberlenin və tərəfdarlarının ekstremal panalman təbliğatını göstərir. Stoddartın sözlərinə görə, irqlər haqqında elmi reallıqlarla tanış olan istənilən adam onların bildirdiklərinin absurd mahiyyətindən xəbərdardır. Bixəbərlər isə II Pelopenes müharibəsi (alim II Dünya müharibəsini nəzərdə tutur – red.) ilə xalqları və əraziləri tarixəqədərki (qədim Yunanıstan Pelopenesindəki) üsullarla məhv edirlər. Mövcud mənada amerikalı alim onu da bildirir ki, Hitlerin antisemitizmi cinayət xarakterli, amma adi idi. Onun rasizmi isə həm də kriminal və eretik mahiyyət daşıyırdı.
***
Üzərindən neçə müddət keçdikdən sonra sırf ideoloji və siyasi zəmin uğrunda Rusiyaya qarşı yönəldiyi aşkar görünən bu məsələyə aydınlıq gətirənlər deyirlər ki, əslində, Qərbin belə təbliğatlarının nəticəsində 60 milyon “ağ” insan qətlə yetirildi. Söhbət irqçilikdən gedirsə, o zaman SSRİ-yə qarşı vuruşmuş SS birləşmələrinin tərkibində 30 ölkədən olan insanlar haradan idi? Deməli, Hitler başda olmaqla, bir qrup nasist özlərinin yarımçıq təfəkkür tərzləri ilə oyuna atılmışdılar və əslində, ideya böyük təzad doğururdu. Bu yerdə rus-alman müharibələri tarixinə də nəzər salmaq zərurəti yaranır.
Hərçənd, həmin müharibələr xeyli əvvəl baş vermişdi və məlumdur ki, dahi alman sərkərdəsi Bismark Rusiya ilə dostluq münasibətlərini dəstəkləyirdi. I Dünya müharibəsinin başa çatmasından sonra almanlar bolşeviklərlə praktiki olaraq dost idilər və sonradan Stalin də Hitlerlə ittifaqa üstünlük verdi. Söhbət 1939-cu ilin atəş açmamaq haqqında müqaviləsindən və müqaviləyə əlavə olaraq imzalanmış gizli Molotov-Rubbentrop paktından gedir. Sonrası isə məlumdur. Almaniya SSRİ-yə də hücum çəkir, sanki geriyə tarixəqədərki mərhələyə, həmçinin feodal kompleksə keçid dövrü başlanır. Britaniya məhəbbətindən doğan bu dövr səfeh Hitlerin hadisə və proseslərdən düzgün nəticə çıxarmamasının, ideyaların əsirinə çevrilməsinin nəticəsi olaraq meydana çıxır. Nəticədə, bu, milyonlarla insanın qətlinə səbəb olur.
R.AMİN