Stalinlə “qanlı vidalaşma”nın 70 ili

post-img

Martın 5-i keçmiş SSRİ diktatoru İosif Vissarionoviç Stalinin vəfatından 70 il ötür. Onun vəfatı ilə bağlı müxtəlif versiyalar var. Həkim komissiyasının rəyində isə bildirilirdi ki, ölüm beyinə qansızması nəticəsində baş vermişdi.

Martın 6-da Stalinin cəsədi vidalaşmaq üçün İttifaq­lar evinin sütunlu salonuna gətirilib. Həmin gün saat 16:00-dan başlayaraq, salona Stalini son dəfə görməyə gələnlərin axını başlayıb. Əsl həngamə də bundan sonra yaşanıb.

Dəfn mərasimi zamanı, əsasən, Trubna meydanı əra­zisində izdiham yaşanıb. Həmin vaxt paytaxt küçələrində yaranmış qarışıqlıqda ölənlərin sayı ilə bağlı konkret rəs­mi məlumat yoxdur. Moskvada asayişin qorunması üzrə operativ qərargaha rəhbərlik edən İvan Serov yüzə yaxın ölü və iki yüz yaralının olduğunu yazır. Bundan əlavə, növbəti gecə Moskvanın müxtəlif yerlərindən 127 cəsəd götürülüb.

Şahidlərdən biri olan dramaturq və yazıçı Edvard Radzinski bunu “Stalinin xalqla qanlı vidalaşması” ad­landırıb. Onun xatirələrinə görə, bir anda hər şey dəyişib və insanlar yıxılıb, gələcəyin dramaturqu isə özü onların üstündən keçib. Hətta o da səkiyə yıxılıb, böyük çətinliklə izdihamdan canını qurtarıb. Radzinski yerdən paltosunun ətəyi cırılmış halda qalxa bilib. Dramaturqun fikrincə, iz­diham qurbanlarının sayı bir neçə min ola bilər: “Bunu “dahi lider”in oğlu Vasili də görmüşdü, hətta bu barədə Xruşşovla mübahisə də etmişdi”.

Stalinlə vidalaşma martın 9-dək, yəni, dəfn mərasi­minə qədər davam edib. Martın 9-da səhər saatlarında təxminən on minlərlə insan Qızıl meydandakı dəfn mə­rasiminə düzülüb. Belə bir şəraitdə Stalinin tabutu mav­zoleyə gətirilib. Saat 12:00-da matəm yığıncağı başa çatdıqdan sonra Kreml üzərində artilleriya atəşi gurlayıb. Daha sonra 5 dəqiqəlik sükut elan edilib. Hərbi dəstələr mavzoleyin qarşısından keçib, sovet təyyarələri uçuş hə­yata keçirib. Mərasimin son günündə 400-ə yaxın insanın əzilməsi barədə məlumat verilib.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Sosial həyat