Bitərəflərin mina təhlükəsinə qarşı həmrəyliyi

post-img

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən sə­simizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qru­punun yaradılmasını təklif etmək istəyirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Müdriklərin fikrincə, qarşıya qoyduğu məqsədi aydın, məramı bəlli, hədəfi dəqiq olan insanlar mütləq böyük uğurlara imza ata bilirlər. Qədim dövrün Roma filosofu Seneka isə ( Kiçik Seneka) bu məntiqi bir qədər də konkretləşdiribmiş: “İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaq”. 

Bu yığcam girişi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi-diplo­matik fəaliyyətinə tətbiq etmək istəyən­də adama elə gəlir ki, dövlət başçımız məhz həmin tezislərin həqiqət oldu­ğunu sübut etmək üçün müvafiq ad­dımlar atır. Ancaq qətiyyən elə deyil. Azərbaycan Prezidenti Allahın, bəxtin, taleyin onun üzərinə qoyduğu vəzifələ­rin icrası ilə məşğuldur. O, öz xalqının və dövlətinin maraqlarını qorumaqla yanaşı, dünyanın başqa ölkələrindəki haqqı tapdalanan insanların da məna­ferini nəzərə almağa çalışır. Nə yaxşı ki, həm də buna nail olur. 

Məhz həmin arqumenti nəzərə ala­raq, artıq təkcə respublikamızda yox, dünyanın əksər ölkələrindəki mütərəqqi düşüncəli adamların əksəriyyəti Azər­baycan Prezidentinin çıxış və nitqlərini maraqla izləyirlər. Təbii ki, bu da əsas­sız deyil. Hamı bilir ki, əgər tribunadakı İlham Əliyevdirsə, mütləq hansısa yeni təşəbbüs səsləndiriləcək. Belə də olur. Dövlət başçımızın öz vəzifə borcuna yaradıcı şəkildə yanaşmasının nəticə­sidir ki, son zamanlar onun təşəbbüslə çıxış etmədiyi beynəlxalq tədbir olmur. Biz bu barədə dəfələrlə söz açdığımıza görə təfərrüatlara varmırıq. 

Elə, son faktı yada salmaq zərurə­tini də unutmaq olmur. Belə ki, Qo­şulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə gö­rüşündə də dünya ictimaiyyəti Azər­baycan Prezidentinin yeni təşəbbüslə çıxış etdiyinin şahidi oldu. 

Dövlət başçımız xatırlatdı ki, Er­mənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ mü­haribəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri mina partlayışı nəticəsində 300 azərbaycanlı həlak ol­muş və ya yaralanmışdır. 

Prezidentin bu faktları xatırlatması təsadüfi deyil. Çünki ölkəmiz hazırda BMT-nin xüsusi milli Dayanıqlı İnki­şaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. İlham Əliyevin fik­rincə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəa­liyyəti arasında birbaşa əlaqə görür. Çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir: “Azərbaycan mi­natəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şə­kildə təşviq edir. Biz Qoşulmama Hərə­katına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik”.

Məhz bu reallıqları nəzərə alan Qoşulmama Hərəkatının sədri növ­bəti bəşəri təşəbbüslə çıxış edir: “Qo­şulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sı­rasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yara­dılmasını təklif etmək istəyirəm”.

Ekspertlərin fikrincə, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişa­fında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbay­canın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. O da faktdır ki, bilavasitə Azərbaycanın sədrliyilə Qoşulmama Hərəkatı dünya ictimaiy­yətini pandemiya ilə mübarizədə səfər­bər etmişdi. Hamının bildiyi faktdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammitində dövlət başçımız bəşəri əhəmiyyətli təşəbbüs­lə çıxış etmiş və həmin ilin dekabrında BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Ses­siyası təşkil olunmuşdu. 

Bunu və dövlət başçımızın reallığa çevrilmiş digər təklif və təşəbbüsləri­ni nəzərə alaraq inanırıq ki, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həm­fikirlər Qrupunun yaradılması təklifi də beynəlxalq aləmdəki tərəfdaşlarımız tərəfindən dəstəklənəcək və qısa müd­dətdə reallığa çevriləcək. Çünki Azər­baycan Prezidenti qarşıya qoyduğu məqsədi aydın, məramı bəlli, hədəfi dəqiq olan liderlərdəndir. Azərbaycan xalqı dövlət başçımızın belə fərdi key­fiyyətlərinin möhtəşəm nəticələrini 2020-ci ilin payızında – 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrində açıq və aydın şəkildə görmüşdür. 

 

İ.QAÇAYEV, “Xalq qəzeti”



Siyasət