“3+3” formatı: fərqli maraqlar və mövqelər

post-img

Çağdaş dövrümüzdə böyük dövlətlər və super güclər arasında qlobal enerji marşrutlarına və iri nəqliyyat yollarına, nəhəng kommunikasiyalara nəzarət uğrunda kəskin mübarizə gedir. Əslində planetimizin bir çox qaynar nöqtələrində aparılan hibrid, “proksi” müharibələr məhz bu niyyətə xidmət edir. Azərbaycan dövlətinin yerləşdiyi coğrafi ərazi bu gün beynəlxalq kommunikasiyalar baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Bu tarixi məkanda “Orta enerji dəhlizi”nin reallaşması, xüsusilə Zəngəzur dəhlizinin açılması üçün ciddi səylər göstərilir. Sevindirici haldır ki, rəsmi Bakı bu gün bu mühüm tarixi prosesdə aparıcı aktorlardan biridir. 

Cənubi Qafqaz regionunda gedən mürəkkəb və ziddiyyətli proseslər qlobal siyasətin gündəmindədir. Görünən budur ki, yeni dünya düzəninə böyük təsiri olacaq bu proseslərə ayrı-ayrı ölkələr, dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən konstruktiv və destruktiv yanaşmalar orta­ya qoyulur. 

İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb. Azərbaycan xalqı­nın böyük qətiyyəti və qəhrəmanlığı sayə­sində tarixi torpaqlarımız düşməndən azad edilib. Cənubi Qafqazda uzun illərdən sonra inkişaf və tərəqqi üçün real imkanlar açılıb. Bu qlobal layihələrin böyük faydalar gətirəcəyi ilə bağlı ciddi gözləntilər var. 

Lakin 44 günlük şanlı savaşdan ötən müddət ərzində hələlik bu gözləntiləri re­allaşdırmaq mümkün olmur. Səbəb isə bəl­lidir. Belə ki, bölgədə təmsil olunan dövlət­lər və regionda açıq və gizli maraqları olan güclər problemin həllinə fərqli mövqelər­dən çıxış edirlər. 

Sağlam düşüncə və humanist dəyərlər baxımından bölgədə sülh və əmin-aman­lığın bərpa olunması üçün yeni kommuni­kasiyaların açılması hava-su kimi zəruridir. Bunun üçün regiondakı konstruktiv qüv­vələr tərəfindən bir sıra konkret təşəbbüs­lər olubdur. Yəqin ki, xatırlayırsınız, İkinci Qarabağ müharibəsindən bir müddət sonra Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və sabitlik naminə “3+3” formatında danışıqlar aparmaq təşəbbüsü ilə çıxış edib. 

Təşəbbüsün məğzi budur ki, Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Gür­cüstan və Ermənistan regionda birbaşa maraqları və müəyyən təsir imkanları olan Türkiyə, Rusiya və İranla birlikdə siyasi iradə və xoş məram ortaya qoyaraq, uzun illər ərzində meydana çıxan və hələlik həlli müşkül görünən problemləri çözə bilər. 

Lakin bu formata mane olan destruktiv qüvvələr üzə çıxıb. İlk növbədə, İran regi­onda Türkiyənin artan nüfuzunu özünün milli maraqları üçün təhlükə hesab edərək ciddi regional problemlərin müzakirələr yolu ilə həlli üçün açılan tarixi şansı qaçır­dı. Bu, əlbəttə, səhv və yalnış yol idi. 

Halbuki, son onillər ərzində dünyadakı iqtisadi və siyasi proseslərdən təcrid olu­nan İran rejimi üçün bu yolla regionda və bütün dünyada gedən siyasi, iqtisadi, ticari proseslərə inteqrasiya üçün real imkanlar açılırdı. Dövlətin və xalqın mənafeyini gözardı etmək, strateji viziona sahib olma­maq budur! 

Rusiya, ilk baxışda “3+3” formatına etiraz etməsə də, Ankaranın bu təşəbbü­sünə kifayət qədər soyuq yanaşır. Belə ki, rəsmi Moskva, ilk növbədə Türkiyənin bölgədə artan hərbi, iqtisadi və ən başlıcası “yumşaq gücü”nün fərqindədir və bunu öz milli maraqlarına təhdid kimi qəbul edir. 

Üstəlik, Rusiya bir il bundan əvvəl yanlış addım ataraq Ukraynada ağır mü­haribəyə cəlb olunduqdan sonra, Cənubi Qafqaz regionunda özündən başqa digər güclərin sülhyaratma təşəbbüslərinin re­allaşmasından daha çox, onların dondu­rulması üçün çalışır. Burada elə bir sirr də yoxdur. Bu əraziləri Moskva özünün nüfuz dairəsi hesab edir və “çağırılmamış qonaq­lara” qısqanc yanaşır.

Təxmin etmək olar ki, bununla da Rusi­ya yeni əlverişli tarixi şəraitin yetişəcəyinə ümidlər bəsləyir. Rusiya hökuməti özünün böyük planlarından əl çəkmək niyyətində olmadığını gizlətmir. Fikrimcə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı­ya son səfərini də bu kontekstdən yozmaq daha doğru olardı. 

Bütün parametrləri ilə Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan dövləti Er­mənistanla sülh sazişinin imzalanmasında maraqlıdır və bunun üçün Prezident İlham Əliyevin liderliyi ilə bütün lazımi addım­ları atır və bundan sonra da atmağa hazır­dır. Bu, dövlətimizi daha da gücləndirə və xalqımızın rifahını yaxşılaşdıra bilər. 

Gürcüstan dövləti də bu məsələ ilə bağlı praqmatik siyasət sərgiləyir. Türkiyə və Azərbaycanla hərtərəfli əməkdaşlıq bu ölkənin iqtisadi və mədəni inkişafına müsbət təsir göstərib. Regionun qlobal ba­zarlara çıxış əldə etməsi Gürcüstana əlavə dividentlər gətirə bilər. Rəsmi Tbilisi belə düşünür və düz yoldadır. 

Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Ermənistan hökuməti bütün məqbul və qeyri-məqbul vasitələrlə bölgədə sülh proseslərinin ləngidilməsi üçün “əlindən gələni edir”. Baş nazir Nikol Paşinyan öz kreslosunu qorumaq üçün saxta “demok­rat” cildinə girərək həm ölkə daxilində, həm də yaxın və uzaq xaricdə sülh sazişinə imza atmaqdan yayınmağa cəhd edir. 

Yuxarıda qeyd etdiyimiz kimi, Zəngə­zur dəhlizinin açılması strateji baxımdan regiondakı bütün dövlətlərin və xalqların maraqlarına uyğundur. Bu ərazi otuz ilə yaxın Ermənistan silahlı qüvvələri tərə­findən işğal altında olub. İndi artıq zaman gözləmir. Bunu Ermənistanda dərk etmək istəmirlər. Böyük səhvə yol verirlər! 

Bu yerdə bir məqamı da vurğulamaq lazımdır. O da budur ki, Donald Tramp administrasiyasından fərqli olaraq, hazırda Ağ evə sahiblik edən Prezident Co Bayde­nin iqtidarı Cənubi Qafqaz regionuna daha böyük maraq göstərir və buradan Rusiya­nın və İranın sıxışdırılıb aradan çıxarılma­sı üçün çalışır. ABŞ rəsmilərinin regiona tez-tez reallaşan səfərləri də məhz bundan xəbər verir. 

Təbii ki, ABŞ-ın regionda öz maraq­ları var. Bu maraqların region dövlətləri və xalqlarının maraqları ilə uzlaşdırma­ğın mqmkün olub-olmayacağını indidən demək çətindir. Hər halda, böyük oyunun ssenarisinə artıq start verilib. 

Zəngəzur dəhlizinin açılması zamanın tələbidir. “3+3” formatı bu istiqamətdə ən real və optimal yoldur. Bu, sadə və adi həqiqəti hər bir dövlətin dərk etməsi və düzgün seçim etməsi regiona rifah gətirə bilər. Xalqların və dövlətlərin iqtisadi mə­nafeləri də bunu tələb edir. Unutmayaq ki, sonda iqtisadi maraqlar hər şeyi üstələyir.

 

 

Məhsəti ƏLİYEVA,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Zəngəzur dəhlizinin açılması za­man məsələsidir. Bu, müasir dövrün çağırışıdır, daha konkret desək, qlo­bal iqtisadiyyatın tələbidir. Bu dəh­lizdən istifadə edən bütün dövlətlər və xalqlar fayda götürəcəklər. 

Bu qlobal layihənin qarşısını al­maq qeyri-mümkündür. Böyük döv­lətlər və super güclər burada maraq­lıdır. Təəssüf ki, bunu Ermənistanda və İranda başa düşmürlər və prosesi siyasi alver predmetinə çevirməyə cəhd edirlər.

Siyasət böyük elmdir, burada arzu olunanlarla real imkanlar ara­sında müəyyən məsafə olur. Dip­lomatiyanın vəzifəsi bu məsafəni mümkün qədər qısaltmaqdır. Təəssüf ki, bəzən proseslər süni sürətdə lən­gidilir. Məsələn, Ermənistan silahlı qüvvələrinin Qarabağı otuz ilə yaxın işğal altında saxlaması bu prosesi xeyli ləngidib. 

Zaman isə gözləmir. Böyük ta­rixi şəxsiyyətlər həyatın nəbzini tut­mağı bacarırlar. Bu mənada Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ər­doğanın “3+3” formatı çərçivəsində müzakirələrlə bağlı təşəbbüsü alqışa layiqdir və vaxtında irəli sürülmüş təklifdir. 

Azərbaycan Cənubi Qafqazda si­yasi, iqtisadi və hərbi cəhətdən regi­onun aparıcı ölkəsidir. Bu gün Bakı həm də bölgənin iqtisadi lokomoti­vi rolunda çıxış edir. Dünya bunun fərqindədir və Azərbaycan iqtidarı ilə hərtərəfli əlaqələr qurmaq istəyən və quran ölkələrin sayı durmadan artır. 

Sonda bir daha vurğulamaq istə­yirəm ki, regionda Zəngəzur dəhli­zinin açılması prosesində destruktiv mövqedən çıxış edən qüvvələr unu­durlar ki, tarixin inkişaf və tərəqqi təkərini geri çəkmək olmaz. Bəllidir ki, strateji iqtisadi maraqlar son nəti­cədə taktiki siyasi hədəfləri üstələyir.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət