“Buzlar əriməyə” Xocalıdan başladı

post-img

Obrazlı desək, deyəsən, buzlar əriməyə başlayıb. Söhbət əslən qarabağlı olan Azərbaycan nümayəndələrinin Qarabağın erməni sakinləri ilə ötən gün keçirilmiş görüşündən gedir. Bəli, soyqırımı tariximizin müasir dövrdəki dəhşət səhnələrinə şahidlik etmiş Xocalıda baş tutmuş görüşdən.

Xalqımız Azərbaycan Prezidenti cə­nab İlham Əliyev tərəfindən müəyyən­ləşdirilmiş xəttə sadiqliyini nümayiş et­dirməkdədir. Rəsmi Bakı öz vətəndaşları olan Qarabağ erməniləri ilə təmasda ma­raqlı olduğunu göstərməkdədir. Nəzərə alaq ki, bu maraq onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin et­mək məqsədindən qaynaqlanır. Mövcud istiqamətdəki konkret əməli fəaliyyətə gəlincə, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikası­nın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qis­mində müəyyən edilib.

Ramin Məmmədov ölkəmizin ərazi­sində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında erməni sakinlərin təmsil­çiləri ilə görüşüb. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteq­rasiyasına dair ilkin müzakirələr aparılıb. Təbii, prosesin ölkəmizin Konstitusiyası­na və qanunlarına uyğun olaraq, reallaş­dırılması əsas götürülüb. Görüşün mü­hüm əhəmiyyəti də elə bundadır. 

***

Şübhəsiz, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək. Bunu söy­ləmək üçün əsaslar yetərincədir. Yada sa­laq ki, Ruben Vardanyanın Qarabağdakı separatçı rejimdə tutduğu “dövlət naziri” oyuncaq postundan uzaqlaşdırılmasın­dan sonra fevralın 24-də Azərbaycan tərəfi ilə bölgənin erməni nümayəndələri­nin görüşü keçirilmişdi. Həmin təmas da ərazidəki Rusiya sülhməramlı kontingen­tinin vasitəçiliyi ilə reallaşmışdı. Görüş­də başlıca müzakirə mövzusu bölgənin enerji təminatı ilə bağlı məsələlər olmuş­du və həmin istiqamətdə konkret müsbət nəticələr əldə edilmişdi. Yeri gəlmişkən, erməni mediası və ictimai rəyi hadisəyə böyük diqqət ayırmışdı. Elə Azərbaycan cəmiyyəti də. 

Əslində bu sayaq təmaslar əvvəl də var idi. Yəni, R.Vardanyanın “dövlət na­ziri” vəzifəsinə gətirilməsinə qədərki dövr nəzərdə tutulur. Həmin təcrübənin kifayət qədər effektivliyini söyləmək mümkün idi. Hətta, dövlətimizin başçısı beynəlxalq miqyaslı və yerli auditoriya önündəki çıxışlarında bunu vurğulamış və məsələni Azərbaycanın xoş məramının ifadəsi kimi önə çəkmişdi. 

Qeyd edək ki, ölkəmiz Qarabağın erməni əhalisi ilə təmasların, bilavasitə, effektivliyində də maraqlıdır. Belə yanaş­ma yerli əhəmiyyətli problemləri daha dərindən öyrənmək, onların aradan qal­dırılmasının səmərəli mexanizmlərini müəyyənləşdirmək baxımından son dərə­cə vacibdir. Əlbəttə, mövcud istiqamət­də intensiv kompleks fəaliyyətə ehtiyac var və Azərbaycan öz üzərinə düşənləri edəcəkdir. Qarabağın erməni əhalisinin illərdir yığılıb qalmış çətinliklərinin aradan qaldırılmasına yönələn fəaliyyətin baş­lanması səmimiyyət mühitinin, qarşılıqlı inam və etimadın formalaşması baxımın­dan zəruridir. 

Bəli, ölkəmiz Qarabağın erməni az­lığının respublikamızın digər bölgələ­rindəki azsaylı xalqlar və etnik qruplar kimi, Azərbaycanın həyatında iştirakının tərəfdarıdır. Bakı bu azlığın hüquq və azadlıqları məsələsini, o cümlədən, sosi­al rifah halını diqqətdə saxlayacağını bil­dirir. Prinsipial məqam isə həmin hüquq və azadlıqlar üzərində Ermənistanın hər hansı patronajlığının qəbul edilməməsidir. Qəbuledilməzlik, eyni zamanda, “erməni kartı” üzərindəki beynəlxalq patronajlığa da aiddir. Hər halda indi haqqında söz açdığımız görüş bu məntiqdən uzaqdır və kifayət qədər müsbət presedent yaradır. 

Ancaq bu müsbət presedentin əhə­miyyətinə xələl gətirmək istəyən qüvvələr də var. Bu baxımdan Qarabağdakı sepa­ratçı rejimin rəhbəri Arayik Arutyunyanın açıqlaması diqqət çəkməkdədir. Baş se­paratçı Qarabağ ermənilərinin çətinliklər qarşısında Bakıya əyilmədiyi məntiqini gündəmə gətirməklə, öz aləmində ka­teqoriklik nümayiş etdirməklə, əslində, həmyerlilərinə, konkret olaraq görüşdə iştirak edənlərə münasibətdə təhqiramiz və aşağılayıcı ifadələri işlədir. Belə çıxır ki, həmin şəxslər zəiflik göstəriblər. 

Arayikin digər fikirləri də bölgə ermə­nilərinin Bakı ilə təmasına qarşı durmaq, avantürizm mahiyyəti daşımaqdadır. Məsələnin gülüş doğuran tərəfi budur ki, onun söylədikləri keçmiş sovet cizgi film­lərinin birində səslənmiş “mən qorxuram, amma qorxaq deyiləm” klişesini xatırladır: “Bir daha qeyd etmək istəyirəm ki, çətin­liklərə və təzyiqlərə baxmayaraq, “Artsax” hərəkatının ideyalarına sadiq qalacağıq və müstəqillik yolundan bir addım da geri çəkilməyəcəyik. Mən tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycanla istə­nilən inteqrasiya prosesi istisnadır. Lakin, bu, o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli problemlərin həlli üçün təmaslardan qaçacağıq. Münaqişə­nin həlli məqsədilə danışıqların aparılma­sı üçün isə fevralın 23-də müraciətimdə qeyd etdiyim kimi, müəyyən şərtlər və beynəlxalq format təmin edilməlidir”.

Bəli, A.Arutyunyan Qarabağ ermənilə­rinin sosial vəziyyətinin ağırlığını gözəl anlayır. İndiyədək mövcud istiqamətdə hər hansı addım atmayan separatçıbaşı Bakının Qarabağ erməniləri ilə təması­nın inteqrasiya motivində insanların rifah halının yüksəldilməsinin dayandığını an­layır. Ona görə guya özünün də mövcud istiqamətdə işlər gördüyünü vurğulayır. Qondarma hökumətin əhalinin sosial-iq­tisadi yükünün yüngülləşdirilməsi və mövcud çətinliklərin aradan qaldırılması üçün bundan sonra bütün tədbirləri hə­yata keçirəcəyini diqqətə çatdırır, məğzini açıqlamadığı hansısa sosial proqramlar paketindən danışır, ərzaq məhsulları is­tehsalına üstünlük verməklə, iqtisadiy­yatın özünütəminetmə səviyyəsinin yük­səldilməsinə yönələn ardıcıl və operativ səylər göstərilməsinə dair tapşırıqlar ver­diyini deyir. Belə nəticəyə gəlirik ki, Arayik bölgənin problemlərini bilir, amma indiyə­dək mövcud istiqamətdə heç bir əməli tədbir görməyib. 

***

Ötən illər ərzində Qarabağ ermə­nilərini düşünən olmayıb. Ermənistanda uzun müddət hakimiyyətdə olmuş Ko­çaryan-Sarkisyan xuntası bölgənin sər­vətlərini xaricə satıb varlanmaqla, ölkə büdcəsində Qarabağa ayrılmış pulu ye­yib-dağıtmaqla məşğul olub. 2018-ci il inqilabından sonra hakimiyyətə yiyələn­miş Nikol Paşinyanın isə qarşıdakı iki il ər­zindəki fəaliyyəti Ermənistanı müharibəyə sürükləməkdən başqa bir şey olmadı. 44 günlük müharibənin xərcləri İrəvanı acı­nacaqlı duruma düçar etdi. Belədə Qara­bağ ermənilərinin hansı sosial rifahından danışmaq mümkündür? Əlbəttə, mümkün deyil. Milyarder Vardanyan da çirkli maxi­nasiyalar hesabına yığdığı pullardan az-maz da olsa, sakinlərə xərcləmədi, yalnız siyasi bəyanatları ilə onların durumunun daha da ağırlaşmasına rəvac verdi.

***

Bəli, “buzlar əriməyə” Xocalıdan baş­ladı. O Xocalıdan ki, Azərbaycan xalqının qan yaddaşına Ermənistanın azərbay­canlılara qarşı soyqırımı ünvanı kimi daxil olub. Görünür, azərbaycanlılarla ermə­nilər arasındakı ilk ciddi təmasın, məhz, Xocalıda baş verməsi də İlahi ədalətin göstəricisidir. Rəmzi anlamda yanaşsaq, 1992-ci ilin 26 fevralında bu şəhərdə dinc azərbaycanlılara qarşı misilsiz vəhşiliklər həyata keçirildiyi halda, müzəffər Azər­baycan xalqı 2023-cü il martın 1-də orada özünün erməni əhalisinin həmin cinayət­lərdə əlinin olmadığının, bir növ, manifes­tini elan edir. 

Şübhəsiz, Xocalı cəlladları bəşər ta­rixinin vəhşət anına görə özlərinin layiqli cəzalarını alacaqlar. İlahi ədalətin onlar üçün də sərt təcəlli anı var. Ona da şübhə yoxdur ki, ədalət Xocalı sakinlərinin öz doğma yurdlarına qayıdışları ilə misilsiz təntənəsini yaşayacaqdır. Buna əminik və tanınmış şairimiz Elçin Mirzəbəylinin məşhur “Kabus qatar” şeirinin Ağdamın işğaldan azad edilməsi ilə bağlı yazılmış ikinci hissəsindən bir bəndi xatırlayaraq həm əminliyimizi, həm də nikbinliyimizi ifadə edək. Xocalıya qayıdış nikbinliyimiz Tanrı dərgahına qayıdış qədər müqəd­dəsdir. 

 

Bu payız geriyə qayıdıb bahar -

Qürub da görünür bizə dan kimi.

Yurda addım-addım dönür dualar -

Tanrı dərgahına qayıdan kimi...

 

Ə.RÜSTƏMOV, 

“Xalq qəzeti”



Siyasət