Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlarla danışmaq vacibdir

post-img

Azərbaycanlı nümayəndələrin Qarabağın erməni sakinləri ilə ötən gün keçirilmiş görüşü ölkəmizdə olduğu kimi, Ermənistanda da geniş müzakirə mövzusuna çevrilməkdədir. Müzakirələrin müxtəlif tərəflərinə diqqət yetirməzdən öncə bildirək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. 

Ramin Ələmşah oğlu Məmmədov əs­lən qarabağlıdır. 17 fevral 1979-cu ildə Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Beynəlxalq münasibətlər ixtisa­sı üzrə magistr pilləsində təhsil alıb. Bir müddət Mədəniyyət Nazirliyində və Di­asporla İş üzrə Dövlət Komitəsində ça­lışıb. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, habelə, Beynəlxalq münasibətlər və parlamentlə­rarası əlaqələr komitəsinin üzvüdür. 

Görüşə gəlincə, ölkəmizin ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülh­məramlı kontingentinin Xocalı şəhərin­dəki qərargahında baş tutmuş təmasda R.Məmmədovla yanaşı, Ekologiya və Tə­bii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Na­zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhm­dar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istisma­rını araşdıran monitorinq qrupunun rəh­bəri Məsim Məmmədov da iştirak edib. Orada Qarabağda yaşayan erməni sakin­lərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Təbii ki, prose­sin ölkəmizin konstitusiyasına və qanun­larına uyğunluğu əsas götürülməklə.

İndi isə Ermənistandakı reaksiya­lardan bir neçə fraqmenti diqqətə çatdı­raq. Ölkənin “Panorama.am” saytının yazdığına görə, dünənki görüşdə, konk­ret olaraq, Laçın yolu ilə avtomobillərin maneəsiz hərəkətinin bərpası məsələsi müzakirə olunub. Sayt görüşdə Azər­baycan nümayəndələrinin məlum qızıl və mis-molibden yataqlarında monitorinq aparması imkanları ətrafında da fikir mü­badiləsi aparıldığını bildirib. Ən əsası isə “regionda gərginliyin azaldılması və dinc həyatın bərpası istiqamətində gələcək əməkdaşlıq barədə razılıq əldə olunub”. Qarabağda yerləşdirilmiş Rusiya sülhmə­ramlılarının komandanlığından isə bildi­rilib ki, görüşdə, elektrik enerjisi və qaz təminatı məsələləri nəzərdən keçirilib.

Ümumən, Azərbaycan həmişə Qa­rabağda yaşayan ermənilərin ölkəmizin bərabərhüquqlu sakinləri, vətəndaşları olduqlarını bəyan edib, onların qarşılaş­dıqları problemlərin həllinin dövlətimiz üçün prioritetlik amilini qabardıb. Prezi­dent İlham Əliyev hələ keçən ilin oktyab­rında keçirilmiş Praqa sammitindən sonra Azərbaycanın televiziya kanallarına mü­sahibəsində bildirmişdi ki, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşları­mızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində de­yilik. Bu, bizim daxili işimizdir”. 

Bəli, Qarabağ erməniləri ilə təma­sın özü də ölkəmizin daxili işi, suveren hüququdur. Bu hüququn gerçəkləşdiril­məsi onların qayğısına qalmaq, həyat şəraitlərinin yaxşılaşdırılması məramın­dan irəli gəlir. Prezident İlham Əliyevin də məsələyə məxsusi, həm də müəyyən qədər müqayisəli yanaşması diqqətdən yayınmır: “Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqra­siya edilmiş yaşayışı indiki yaşayışların­dan qat-qat yaxşı olacaq”.

Dövlətimizin başçısı bu il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" möv­zusundakı plenar iclasdakı çıxışı zamanı da bəyan etdi ki, ölkəmiz Qarabağda ya­şayan erməni vətəndaşları ilə danışıqla­ra hazırdır, “lakin erməni icmasının Qa­rabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə”. Döv­lətimizin başçısının həmin iclasdakı bu fikirləri isə əminliyi bir qədər də artırmaq baxımından mühüm mesaj idi: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Biz Qarabağdakı erməni icması­nın nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”.

Qeyd edək ki, Ermənistanda azərbay­canlı nümayəndələrin Qarabağın erməni sakinləri ilə təması zəminində ölkəmizin yaratdığı mövcud reallıqları vurğulamaq meyilləri nəzərə çarpmaqdadır. Əlbəttə, bu meyillərdə baş nazir Nikol Paşinyan iqtidarına ünvanlanmış qınaq, həmçi­nin, destruktivlik motivi yer almaqdadır. Məsələn, Ermənistan parlamentinin de­putatı Tiqran Abramyan deyir ki, hazırda əsas problemlərindən biri Ermənistan və Azərbaycan rəhbərliyinin Qarabağla bağlı konsensusa malik olmasıdır. Onun sözlə­rinə görə, Bakının irəli sürdüyü beş prinsip və İrəvanın müəyyən əlavələri göstərir ki, sülh müqaviləsinin bağlanması danışıqla­rın Azərbaycan üçün uğurla başa çatması anlamını daşıyır: “Çünki danışıqların apa­rıldığı və açıq şəkildə deyilənlərin heç biri Ermənistanın maraqlarını əks etdirmir. Öz müqəddəratını təyinetmə hüququ gün­dəmdən çıxarılıb. Bu, artıq onu göstərir ki, ermənilərin heç bir müsbət gözləntiləri ola bilməz və Qarabağın Azərbaycanın nəzarətinə keçməsi İrəvan hakimiyyətini xüsusi qıcıqlandırmır”.

Abramyan, eyni zamanda, bildirib ki, danışıqlar sırf Azərbaycanın ərazi bü­tövlüyü çərçivəsində müzakirə olunur: “Amma Rusiya da bundan kənarda qal­mayıb. Bölgəmizdəki proseslərə nəzarəti ələ keçirməklə bağlı Qərblə Rusiya ara­sında dərin qarşıdurma var. Moskva öz iştirakını təmin edir, lakin 4-6 aydan sonra nə olacağını demək çətindir”.

 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Siyasət